Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / “Azərbaycan Rusiyanın lehinə səs verə bilməzdi” – Erkin Qədirli

“Azərbaycan Rusiyanın lehinə səs verə bilməzdi” – Erkin Qədirli

Milli Məclisin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Erkin Qədirli “Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, Rusiya Ukraynaya təcavüz edib.

“Rusiya Ukrayna ərazisini işğal edir, dinc əhalini öldürür, hərbi təyinatı olmayan obyektləri bombalayır. Bunların hamsı müharibə cinayətləridir. Buna qarşı etiraz etmək vacibdir. Burada müqavilə öhdəlikləri olmasa belə, təcavüz beynəlxalq hüquqa qarşı cinayətdir. Ona görə, bu hər kəs üçün təhlükədir. Odur ki, Ukraynanı müdafiə etmək, yardım etmək müqavilə öhdəliyi olmasa belə köməklik edilməldiir. Bu gün görürük ki, çeşidli sanksiyalar tətbiq edilir, bəzi hərbi yardımlar edilir.”

Milli Məclisin deputatı hesab edir ki, ABŞ və qərb dövlətlərinin sanksiyaları Putinin müharibə addımlarını dayandıra bilər.

“Hələ ki, iqtisadi sanksiyalardır. Özü də çox önəmli sanksiyalardır. Sanksiyalar Rusiya iqtisadiyyatına böyük zərbə vurur. Rusiya iqtisadiyyatının əsasən resurs iqtisadiyyatı, oliqarxik iqtisadiyyat olduğunu da nəzərə alsaq, oliqarxlara qarşı da ünvanlı sanksiyaların qoyulması Rusiya dövlətinə zərbə vuaracaq. Bunun artıq ilk nəticələri görünür. Bu davam edərsə, Rusiya təbii ki, keçmiş SSRİ kimi çox qüdrətli deyil. Amma, iqtisadi sanksiyalar SSRİ-ni çökdürüb.”

O hesab edir ki, Rusiyanın hazırki durumdan uduşlu çıxışı yoxdur. “Müharibəni davam etdirsə də uduzur. Onu dayandırsa da uduzur. Ölkəni çox pis vəziyyətə salıblar.”

Qədirli Ukrayna ilə bağlı məsələni demokratiya və diktatura qarşıdurması kimi təqdim edilməsini qəbul etmir.

“Mövzunun buraya gətirilməsini çox ziyanlı sayıram. Çünki, diqqəti əsas məsələdən yayındırır. Tutaq ki, ölkə demokratik deyil. Onun ərazi bütövlüyünü pozmaq olar? Beynəlxalq hüquqda belə şey yoxdur. Bir ölkəni diktator, digərini demokrat təqdim etməklə guya əlavə arqument üçün fon yaradırlar. Bunun siyasi rejimlə heç bir əlaqəsi yoxdur. Ölkənin ərazi bütövlüyü pozulubsa, təcavüz edilibsə, bu, beynəlxalq hüquqa qarşı cinayətdir.”

Deputat Azərbaycanın Ukrayna problemi ilə bağlı mövqeyindən danışarkən deyib ki, Azərbaycan Rusiyanı dəstəkləmir.

“Bu, açıq görünür. Avropa Şurası Nazirlər Komitəsində səsvermədən söhbət gedirsə, Azərbaycan səsvermədə iştirak etməyib. Burada aydındır ki, Azərbaycan Rusiyanı dəstəkləmədiyi üçün səsvermədə iştirak etməyib. Məncə, Rusiya bunu elə bu cür də gördü. Azərbaycan Rusiyanın lehinə səs verə bilməzdi.”

O qeyd edib ki, bu halda Azərbayanın durumunu da düşünmək lazımdır.

“Bizim ölkəmizdə indi Rusiya qoşunları var. Ərazimizin qalan hissəsini nəzarətimizə keçirmək üçün Rusiya ilə ehtiyatlı davranmalıyıq. Amma aydındır ki, bu, Rusiyanın etdiklərinə haqq qazandırmadan edilməlidir. Mənə elə gəlir ki, Azərbaycanın bu xarici siyasəti yetərincə ağıllıdır. O biri tərəfdən də Ukraynaya yardım göstəririk. Yardım çox açıq şəkildə edilir. Dərmanlar göndərilir, Bakıda insanlar Ukrayna səfirliyi qarşısında mitinq edir. Vətəndaşların fərdi təşəbbüsləri hesabına humanitar yardım toplanır,” o qeyd edib.

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …