Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Siyasət / Azərbaycan qlobal terror şəbəkələrindən tam mühafizə olunan etibarlı ölkə kimi…

Azərbaycan qlobal terror şəbəkələrindən tam mühafizə olunan etibarlı ölkə kimi…

“Ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək həddə təmin edilir”.

Bu sözləri Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Cabir Məmmədzadə deyib.
Bu gün bütün dünyanın terrordan əziyyət çəkdiyi bir vaxtda ölkəmizin terrordan müdafiə olunması istiqamətində görülən tədbirlərdən danışan Cabir Məmmədzadə hüquq-mühafizə orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin terror təhlükəsizliyi təhdidlərinin neytrallaşmasına kifayət etdiyini bildirib.
Dünyada kifayət qədər tanınan “Əl-Qaidə”, PKK və s. bu kimi terror qruplaşmalarının Azərbaycan ərazisindəki fəallıq səviyyəsindən danışan C.Məmmədzadə qlobal terror təşkilatlarının 2000-ci illə müqayisədə kifayət qədər azaldığını, keçirilən antiterror tədbirləri nəticəsində həm “Əl-Qaidə” ilə əlaqəli şəbəkələrin, həm də eyni ideyanı bölüşən ayrı-ayrı terrorçu qrupların fəaliyyəti zərərsizləşdirilib.
Daha sonra Suriyaya gedən azərbaycanlılardan danışan təhlükəsizlik xidmətinin əməkdaşı görülən tədbirlər nəticəsində bu axının qarşısının müəyyən qədər alındığını qeyd edib.
Azərbaycandakı stabilliyə daha hansı parametrlər hesabına nail olunub?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “bakı-xəbər”ə  açıqlamasında bildirdi ki, ölkədə stabilliyə nail olmaq ilk növbədə dövlət və milli təhlükəsizliyə təhdidlərin qarşısının vaxtında alınmasından irəli gəlir:

“Bu o deməkdir ki, təhdidlərin nədən ibarət olduğu dəqiq araşdırılır, qiymət verilir və müvafiq əməliyyat-axtarış fəaliyyətləri həyata keçirilir.
Bu gün Azərbaycan üçün ən böyük təhdid Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması, keçirilən hərbi əməliyyatlar və erməni separatçıları və onların işğalçı siyasətinə haqq qazandıran havadarlarıdır. Yəni erməni separatizmi əsas təhdidlərdən biridir. Bundan başqa, radikal dini qrupların terror təhdidləri də bu gün dünyada və bizim sərhədlərimizdən çox da uzaq olmayan ərazilərdə, demək olar ki, tüğyan edir. Yəni bu gün Azərbaycanın bütün sərhədləri boyu yerləşən dövlətlərdə müxtəlif təhdid doğura biləcək proseslər baş verir. Məhz belə şəraitdə təhdidlərdən qorunmaq və stabilliyə nail olmaq düşünürəm ki, silahlı qüvvələrin, hüquq-mühafizə orqanlarının böyük əməyi sayəsindədir. Deməli, bir nəticə kimi demək olar ki, əməliyyat şəraitinə nəzarət olunur.
Təbii ki, burada vətəndaşların da rolu olmalıdır, bu dövlət hamınındır. İstər bütün növ nəqliyyatda, isərsə də insanlar kütləvi yığışan ərazilərdə qanuna riayət edilməlidir. Bir sözlə, xüsusi xidmət orqanlarının və əhalinin birgə səyi nəticəsində stabilliyə nail oluna bilər və bu gün Azərbaycanda belə bir proses gedir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq” – Hikmət Hacıyev

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 …

Bir cavab yazın