Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycan-Qazaxıstan dostluğu Cənubi Qafqazda və Mərkəzi Asiyada sabitliyə, inkişafa və təhlükəsizliyə xidmət edir

Azərbaycan-Qazaxıstan dostluğu Cənubi Qafqazda və Mərkəzi Asiyada sabitliyə, inkişafa və təhlükəsizliyə xidmət edir

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Qazaxıstan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlamasına həsr olunan “dəyirmi masa” keçirilib. Xatırladaq ki, Qazaxıstan BMT Baş Assambleyasının 28 iyun 2016-cı il tarixində keçirilən iclasında BMT Təhlükəsizlik Şurasının 2017-2018-ci illər üçün qeyri-daimi üzvü seçilib. 2017-ci ilin əvvəlindən isə Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayıb.

“Dəyirmi masa”nı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu açaraq dost Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini çox əlamətdar hadisə kimi səciyyələndirib. O deyib:  “Azərbaycanın strateji müttəfiqi olan Qazaxıstan ötən il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Əlbəttə ki, bu hadisə bizi sevindirir. Çünki Qazaxıstanla  Azərbaycanın strateji münasibətləri var. Bizi qazax xalqı ilə bir sıra dəyərlər – dil, ortaq mədəniyyət, etnik köklər və ümumi siyasi keçmiş birləşdirir. Hazırkı mərhələdə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayev arasında dostluq münasibətləri formalaşıb və bu münasibətlər, əlbəttə ki, xalqlarımızın tarixi ənənələrindən qaynaqlanır.  Məlum olduğu kimi, Azərbaycan 2011-ci ildə eyni müvəffəqiyyətlə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib və 2012-2013-cü illərdə iki dəfə bu təşkilata böyük uğurla sədrlik edib. Bu gün isə artıq mötəbər quruma sədrlik hüququnu Qazaxıstan qazanıb.  Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Qazaxıstan Orta Asiya respublikaları arasında bu yüksək etimadı qazanan ilk dövlətdir. Biz dost ölkənin BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsini alqışlayırıq”.

Sonra çıxış edən Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Darxan Kuşurbayev BMT Baş Assambleyasının iclasında Qazaxıstanın 2017-2018-ci illərdə BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü ifadə edib. D.Kuşurbayev deyib: “Qazaxıstan BMT TŞ-yə sədrliyi dövründə beynəlxalq ictimaiyyətin diqqətini nüvə silahından, müharibələrdən və münaqişələrdən azad dünya qurmaqla bağlı təşəbbüslərə cəlb etmək niyyətindədir. 2017-2018-ci illərdə Qazaxıstanın real imkanları olacaq ki, bu istiqamətdə TŞ-nin  işinə öz töhfələrini versin. Eyni zamanda, Qazaxıstan milli maraqların, eləcə də Mərkəzi Asiya regionu ölkələrinin  sülh və təhlükəsizlik məsələlərinin  təmin olunmasına  çalışacaq. Qazaxıstanın BMT TŞ-yə üzv olması bizə imkan verir ki, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına dair Prezident Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 70-ci sessiyasında, eləcə də Nüvə Təhlükəsizliyi Sammitində səsləndirilən sülhməramlı təşəbbüsləri reallaşdıra bilək. Qazaxıstanın  bir sıra mötəbər təşkilatlara sədrlik etmək təcrübəsi ona imkan verir ki, BMT TŞ-də də  bu təcrübədən yararlansın və ölkələr arasında çoxtərəfli əməkdaşlığı davam etdirsin. Qazaxıstan mövcud imkanlarından istifadə edərək nəinki Mərkəzi Asiya regionunda, eləcə də dünyada terrorizmlə mübarizə, ekoloji problemlərin həlli kimi mühüm məsələləri də diqqət mərkəzində saxlamağa çalışacaq. Həmçinin ölkəmiz BMT çərçivəsində Əfqanıstanda sülhün təmin olunması məsələlərinə dair  müzakirələrin təşkil olunması, müştərək layihələrin həlli məqsədilə  donorların cəlb olunması məsələlərini də gündəmə gətirməyə səy göstərəcək.

Bundan əlavə, Prezident Nursultan Nazarbayevin əsas məqsədlərindən biri də 2045-ci ilədək dünyada nüvə silahlarından tamamilə imtina edilməsinə, eləcə də qlobal  antiterror koalisiyasının yaradılmasına nail olmaqdır.  Mərkəzi Asiya dövlətləri  arasında ilk dəfə olaraq, quruma üzv ölkə kimi, Qazaxıstan BMT TŞ-nin platformasından istifadə edərək qarşısına qoyduğu sülhməramlı məqsədlərin reallaşmasına çalışacaq”.

“Dəyirmi masa”da çıxış edən Milli Məclisin deputatları Elman Nəsirov  və

Aydın Hüseynov  Qazaxıstanın BMT TŞ-nin 2017-2018-ci illərdə qeyri-daimi üzvü seçilməsinin bu ölkə üçün böyük siyasi, diplomatik qələbə olduğunu bildiriblər . İki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən bəhs edən millət vəkilləri  bildiriblər ki, Qazaxıstanla Azərbaycan yalnız siyasi platformada deyil, eyni zamanda, iqtisadi müstəvidə də ortaq maraqlara malikdirlər.

Təbdirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev, eləcə də ekspertlər – politoloq Fikrət Sadıqov, “Dədə Qorqud” fondunun prezidenti, “Azərbaycan dünyası” Beynəlxalq  jurnalının baş redaktoru  Eldar İsmayılov,  siyasi icmalçı İlqar Vəlizadə son beş ildə iki türkdilli dövlətin BMT TŞ kimi nüfuzlu qurumun qeyri-daimi üzvü seçilməsinin olduqca əlamətdar hadisə olduğunu bildiriblər. Çıxışlarda vörğulanıb ki, həm tarixi amillər, həm də müasir reallıqlar baxımından Azərbaycanla Qazaxıstanı ortaq məxrəcə gətirən dəyərlərin əhatə dairəsi kifayət qədər genişdir. Hər iki dövlət ölkələrin ərazi bütövlüyü, aqressiv separatizmə, terrorizmə qarşı mübarizə məsələlərində eyni mövqedən çıxış edir.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın