Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / Azərbaycan müxalifəti və Zimbabve…

Azərbaycan müxalifəti və Zimbabve…

Zimbabve hadisələrindən də impuls götürənlər varmı…

Təcrübə göstərir ki, Azərbaycan müxalifəti müxtəlif ölkələrdə inqilablar olanda həmin hadisədən müəyyən impulslar alır, bəzən təqlidlərə belə gedildiyi müşahidə olunur. Ukraynada 2004-cü ildə “narıncı inqilab” baş verəndə Azərbaycanda müxalifətin narıncı rəngə bələndiyi faktı bunun bir sübutudur. Son günlər isə dünyanın daha bir ölkəsində çevrilişlə müşahidə olunan inqilabi proses getməkdədir. 40 ilə yaxındır Zimbabvenin prezidenti olan 93 yaşlı diktator Robert Müqabeyə qarşı hərbi-siyasi qiyam başlayıb və o hakimiyyətdən tamamilə uzaqlaşdırılmaq üzrədir. Zimbabvedə baş verənlər dünyanın diqqət mərkəzindədir. Bəs, Azərbaycan müxalifəti Zimbabve hadisələrindən necə, müxalifətin hansısa əxz eləyəcəyi nələrsə var?

Image result for Xəzər Teyyublu

KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, müxalifətin Zimbabvedə baş verən hadisələrdən hansısa nümunələr götürdüyünü düşünmür: “Həmin hadisələrin çevriliş olduğunu görürük. Bir çox diktatura olan ölkələrdə xalqın sosial iqtisadi vəziyyəti və siyasi azadlıqlarının olmaması, harınlamış məmur təbəqəsinin fəaliyyəti səbəbindən həmin ölkələrdə çevrilişlər olur. Zimbabvedə də məhz bu cür oldu. Hər hansı baş verən bu cür hadisələrdən Azərbaycan ölkə müxalifəti ruhlanmır, sadəcə Azərbaycanın da demokratik sivil dünyanın tərkibi olmasını istəyir və vətəndaşının sosial siyasi hüquqlarının ali dəyərlər sırasında olmasını arzulayır. Bu istiqamətdə mümkün olan dinc siyasi mübarizəsini aparır”.

Image result for ADP sədrinin müavini Taliyət Əliyev

ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, 2003-cü il prezident seçkiləri və bundan sonra baş verən hadisələrdən sonra qonşu Gürcüstanda “Qızılgül”, Ukraynada “Narıncı” inqilabın baş tutması həqiqətən də Azərbaycan müxalifətinə böyük impulslar vermişdi. Bu impulsun da köməyi ilə 2005-ci il parlament seçkilərində müxalifətin əsas qüvvələri toparlanaraq ortaya böyük güc qoydu və “Azadlıq” bloku olaraq seçkilərin favoritinə çevrilə bildi. Odur ki, Gürcüstan və Ukraynada baş verən inqilablardan Azərbaycan müxalifətinin ruhlanmasını və ya impuls götürməsini təbii hesab etmək lazımdır: “Çünki, bu dövlətlərlə eyni siyasi coğrafiyada eyni siyasi dəyərləri və eyni siyasi taleləri bölüşmək zorunda qalmışıq. Lakin, istər 2003, istərsə də 2005-ci ildə ölkədə real siyasi dəyişilmələrin baş verməməsinin əsas səbəbkarı müxalifət deyil. Bunun başqa ciddi səbəbləri vardı. 2011-ci ildə Ərəb dünyasında baş verənlərdən dolayı müxalifətin müəyyən bir kəsimində ruhlanma müşahidə edildi. Hətta bəziləri Azərbaycanda inqilabın baş verəcəyinin an məsələsi olduğunu bildirirdilər. Hesab edirəm ki, bu səbatsız bir yanaşma idi və yaşanan hadisələr də bunu bir daha göstərdi. O ki, qaldı ötən günlərdə Zimbabvedə çevrilişin baş tutmasından və diktator Muqabenin devrilməsindən müxalifətin əxz edəcəyi nələrinsə olmasına, hesab edirəm ki, bu faktordan müxalifətdən kimsə nə isə əxz eləmir və edəsi də deyil. Əxz eləməli tərəf müxalifət deyil”.

Related image

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami isə bildirdi ki, inqilablar daha çox insanların etiraz etmək haqqına malik olduğunu, hüquqlarını bildiyi, seçki sisteminin inkişaf etdiyi zaman, demokratiyanın az-çox olduğu ölkələrdə istənilən effekti verir: “Düzdür, bütün bunlar yenə də avtoritarizmdən tam imtina etməmiş ölkələrdə baş verir. Ancaq siyasi institutların, siyasi təşkilatların, partiyaların fəaliyyətinin məhdudlaşdırıldığı, seçki sisteminin formalaşmadığı bir ölkələrdə xalq inqilabının olması xaosdan başqa bir şeyə gətirib çıxarmır çox vaxt. Və belə bir şəraitdə daha bir uğursuzluğun olması, hakimiyyətin ayağa qalxan xalq üsyanını yatırması, digərlərinin gözündə hakimiyyəti daha güclü göstərəcək, yeni dəyişikliklərin olmasına inamı daha da sındıracaq, proseslərdən insanları təcrid edəcək. Öncə düşüncələr demokratikləşməlidir. Düşüncələrin demokratikləşməsi isə birdən-birə baş vermir, çünki demokratiya yaşam tərzidir, prosedurdur. Gürcüstan və Ukrayna inqilablarını misal gətirək. Əgər “qızılgül inqilabı” və “narıncı inqilab” zamanı həmin ölkələrdə demokratik düşüncə və idarəetmə bazası olmasaydı, seçki sistemini insanlar bilməsəydi, xalq proseslərə qarışa bilməz, saxtakarlıqlara, rüşvətxorluğa, korrupsiyaya, hüquq pozuntularına da qarşı çıxa bilməzdi.

Ərəb baharını misal gətirək. Bu ölkələrdəki xalq əlinə düşən ilk fürsətdə üsyana qalxdı. Nəticəsi isə bəllidir. İnqilablarla üsyanlar arasındakı fərq həmin ölkələrin liderlərinin taleyi arasındakı fərq qədərdir. Bu iki fərqli məsələyə diqqət etmək lazımdır.

Azərbaycan müxalifətinin müxtəlif ölkələrdə inqilablar olanda ondan müəyyən impulslar alması isə 2011-ci ildə aprel hadisələrində özünü büruzə verdi. Təqlidlər adətən qeyri-peşəkar arxayınlıqdan irəli gəlir və adətən uğursuzluğa düçar olur. Bir daha qeyd edirəm, prosesin olmadığı zaman bu cür inqilablar ancaq və ancaq bir ölkənin illərlə ayağa qalxa bilməyəcəyi bir xaosa gətirib çıxara bilər. Müxalifətin nə edəcəyi və nə etməsi isə illərdi müzakirə olunur. Müasir dövrdə bütün hallarda müxalifətin üzərinə düşən xalqın və dövlətin itkisiz olaraq, demokratik şəraitə qədəm qoymasına çalışmasıdır. Onsuz da uğursuzluq sindromundan əziyyət çəkən müxalifət bir daha hansısa uğursuzluğu qaldırmaq lüksünə malik deyil”.

Image result for Əhəd Məmmədli

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli isə bildirdi ki, onlar müxtəlif ölkələrdə baş verən çevrilişlərdən və ya inqilablardan impuls almırlar: “Digərlərini deyə bilmərəm, amma biz bu cür hadisələrdən impuls almırıq. Çünki bu ancaq özünü aldatmadı. Özü də Zimbabvedə inqilab deyil dövlət çevrilişi baş verib. Gürcüstan, Ukrayna, Qırğızıstan, sonra yenə Ukrayna, Ərəb baharı, indidə Zimbabvedə, axı nə qədər ondan-bundan ilham alıb xülyalara qapılıb yerində saymaq olar?! 25 illik uğursuz müxalifət fəaliyyətinin əsas səbəbi də, başqa ölkələrdə baş verən hadisələrdən nümunə götürüb yararlanmağa çalışmaq idi. Biz yeni müxalifət olaraq orda-burda baş verən hadisələrin dalınca getməyin tərəfdarı deyilik. Xalqımıza güvənib özümüz hadisə yaratmağa çalışırıq və yeganə düz yolu da bunu hesab edirik”.

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …