Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Azərbaycan-İran-Rusiya formatına təhlükə-“qurunun oduna yaş da yana bilər”… – ŞƏRH

Azərbaycan-İran-Rusiya formatına təhlükə-“qurunun oduna yaş da yana bilər”… – ŞƏRH

Azərbaycan-İran-Rusiya üçtərəfli formatının getdikcə rəsmi Bakı üçün müəyyən təhlükələr yarada biləcəyi barədə fikirlər səslənməyə başlayır. Buna səbəb də, son illərdə Amerika başda olmaqla, Qərb dövlətlərinin şimal və cənub qonşumuzu dalana dirəməsidir. Hər keçən gün hər iki dövlətə qarşı Qərbdən gələn təzyiqlər durmadan artır.

Necə deyərlər, “qurunun oduna yaş da yana bilər”. Çünki Rusiya ilə İranın fonunda bu dövlətlərin müttəfiqlərinə də getdikcə təzyiqlərin ola biləcəyi istisna edilmir. Ekspertlər belə bir şəraitdə Azərbaycanın artıq öz xarici siyasətinə yenidən baxmasının vacibliyini vurğulamaqla yanaşı, rəsmi Bakının Rusiya və İran kimi iki qonşusu, xüsusilə, regionun iki aparıcı dövlətinə arxa çevirməsinin ciddi təhlükələr yarada biləcəyini də qeyd edirlər. Bu baxımdan rəsmi Bakının balanslı siyasətinin hazırda ən doğru olduğu bildirilir. Lakin üçlü formatın fonunda bu tipli müttəfiqlik əlaqələri yaradan birliklərin Azərbaycanı seçim qarşısında qoyduğu deyilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan-İran-Rusiya üçtərəfli formatının ölkəmiz üçün vacib olduğunu düşünür: “Azərbaycan-Rusiya-İran formatı bizə lazımdır. Birincisi, Rusiya və İran Azərbaycanın iki böyük qonşusudur, münasibətlərdə ciddi suallar olsa belə, biz bu iki ölkə ilə iqtisadi və ticarət əməkdaşlığının artmasında maraqlıyıq. İkincisi, şimal-cənub nəqliyyat dəhlizi Azərbaycandan keçir. Rəsmi İrəvan çox çalışdı ki, Rusiya İranla dəmiryolu vasitəsilə Ermənistan üzərindən birləşsin. Alınmadı. Bunun alınmamasının əsas səbəbi Azərbaycanın fəallığı və hər iki dövlət üçün təklif etdiyi münasib şərtlər idi. Nəzərə almaq lazımdır ki, Rusiya-Azərbaycan-İran formatı siyasi deyil, iqtisadi əsaslıdır. Əlbəttə ki, bizi Rusiya və İranın işğalçı Ermənistanla əlaqələri narahat edir, Moskvanın və Tehranın bu siyasətini korrektə etməsini istəyirik. Ancaq o da aydındır ki, tək bizim istəyimizlə bu iki dövlət Ermənistana dəstəkdən əl çəkən deyil. Çox mürəkkəb bölgədə varlığımızı qorumalı və təhlükəsizliyimizi təmin etməliyik. Ona görə də çayı keçməyənə qədər ayıya da dayı demək məcburiyyətindədiyk. Qərbin Rusiyaya qarşı sanksiya siyasəti davam edir. Ancaq bu o demək deyil ki, Azərbaycan da Qərbin bu siyasətini dəstəkləməlidir. Biz Qərbə görə Rusiya ilə düşmən ola bilmərik. Azərbaycan Gürcüstan və Ukraynadan fərqli olaraq Moskva ilə dialoq pəncərəsini açıq saxlayır və düzgün olan da budur. İrana qaldıqda bu ölkədəki prosesləri də diqqətlə izləməli və müvafiq nəticələr çıxarmalıyıq. Bizi İranla bağlı iki mövzu maraqlandırır. Birincisi, İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilmərik. İkincisi, Tehranın Ermənistan siyasətini korrektə etməsini istəyirik. Hələ ki, nə İranda yaşayan azərbaycanlıların milli haqlarıyla bağlı tələbləri yerinə yetirilir, nə də ki, Tehranın Ermənistan siyasəti dəyişir. Buna baxmayaraq, Rusiya ilə olduğu kimi İranda dialoq pəncərəsini açıq tutmalı, o cümlədən üçlü formatda iştirakımızı davam etdirməliyik”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli istənilən halda Azərbaycanla əlaqələrin pozulmayacağını bildirdi: “Hələ Cavanşirin dövründə qədim dövlətimiz o dönəmin ən azı regionun iki ən qüdrətli ölkəsi cənubda Ərəb xilafəti ilə, şimalda isə Xəzər xaqanlığı arasında balanslı siyasət aparırdı. Müasir dövrümüzdə də Azərbaycan iki qüdrətli qonşumuz şimalda Rusiya cənubda isə İranla balanslı siyasət sürməsi normal və anlaşılandır. Qərblə münasibətlərə gəldikdə isə istənilən halda Azərbaycanla əlaqələr pozulmayacaq. Çünki Azərbaycan Qərbin regionda önəmli və strateji tərəfdaşıdır. Üstəlik hesab etmirəm ki, ən azı yaxın gələcəkdə Qərb Rusiya və İranla ciddi konfrantasiyaya getsin. Ən azı ikisi ilə eyni vaxtda Qərb Rusiya və İranla konfrantasiyaya getməyəcək. Ona görə Azərbaycan milli mənafeyinə uyğun olaraq istər Rusiya, istər İran, istərsə də, Qərblə münasibətlərini pozmamalıdır. Lakin addımlarını Azərbaycan müttəfiqi qardaş Türkiyə ilə bütün məsələlərdə paralel atmalıdır. Rusiya və İranla əməkdaşlığa məcburuq. Azərbaycan ərazisinin bir hissəsi işğalda olan balaca ölkədir. Nəzərə alsaq ki, işğalımızın bir nömrəli səbəbkarı Rusiyadır, bu iki təhlükəli qonşumuz arasında əməkdaşlığımız zəruridir. Ancaq bu üçlü formatın uzun müddətli və hansısa ittifaqa çevrilməsi inandırıcı deyil. Çünki Azərbaycan gələcəyini Rusiya və İranla görmür. Bu üçlü formata Türkiyə də qoşulsa və Qarabağ azad edilsə, ancaq bu halda bu formatın hansısa gələcəyi var”.(Musavat.com)

Həmçinin oxuyun

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri – Fotolar

25 yanvar Rusiyada Tələbə Günü kimi qeyd olunur. Moskvada təhsil alan ən məşhur azərbaycanlılardan biri …