Ana səhifə / Siyasət / Azərbaycan-İran-Rusiya formatı və Qarabağ probleminin yeni şansları…

Azərbaycan-İran-Rusiya formatı və Qarabağ probleminin yeni şansları…

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında fevralın 25-də və 26-da, habelə İran prezidenti Həsən Ruhani ilə fevralın 27-də aparılmış telefon danışıqlarının hansı mühüm məsələnin müzakirəsinə həsr olunduğuna dair yeni təfərrüatlar məlum olub.
İran prezidentinin administrasiyası Həsən Ruhaninin Azərbaycan Prezidenti ilə telefon danışıqlarına dair yaydığı rəsmi məlumatda iki ölkə arasında bütün istiqamətlərdə strateji tərəfdaşlıq münasibətlərinin yaradılmasının qərara alındığını açıqlayıb. Press TV telekanalının xəbərinə əsasən, İlham Əliyevlə telefon danışıqları zamanı Həsən Ruhani Azərbaycan və İranın “bütün sahələrdə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün” addımlar atdığını qeyd edib. “İslam Respublikası Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsini alqışlayır”- Ruhani deyib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidenti deyib ki, onun Tehrana səfəri zamanı əldə edilmiş razılaşmalar iki ölkə münasibətlərində yeni səhifə açmağa imkan verir. İlham Əliyev Azərbaycan, Rusiya və İranı birləşdirəcək Şimal-Cənub dəmir yolunun tikintisinin sürətləndirilməsinin vacibliyini bildirib.
Azərbaycan Prezidenti ilə İran prezidenti arasında telefon danışıqlarının iki gün dalbadal baş tutmuş Əliyev-Putin telefon danışıqlarının ardınca həyata keçirilməsi təsadüfi deyil. İndi İran tərəfinin yaydığı rəsmi məlumatdan çıxış edərək belə qənaətə gəlmək mümkündür ki, İlham Əliyevin İrana səfəri ilə onun Rusiya prezidenti ilə telefon danışıqları arasında birbaşa əlaqə olub. Başqa sözlə, Azərbaycan Prezidenti İranda əldə edilmiş razılaşmaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinin sürətləndirilməsinə və çox güman ki, energetika sahəsində birgə əməkdaşlığa dair razılaşmaları Putinlə müzakirə edib. Çünki söhbət üç ölkənin ortaq maraqlarından gedir.
“Tezliklə Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu görüşdə prezidentlər İlham Əliyev və Həsən Ruhaninin Tehran görüşündəki razılaşmaların icrası məsələsi müzakirə olunacaq”. Bunu isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.
Azərbaycan-İran-Rusiya formatında olan yaxınlaşmanın Dağlıq Qarabağ probleminin həllinə, eləcə də Xəzərin hüquqi statusu kimi məsələlərə hansı formada təsiri olacaq?
Ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, üç dövlətin xarici iılər nazirlərinin görüşünün planlaşdırılması həmin yaxınlaşmanın əlaməti hesab oluna bilər:

“Bu görüşdə əsas məsələ kimi Azərbaycan Prezidenti İlham Əliyevin İranda Həsən Ruhani ilə görüşü vaxtı əldə olunan razılıqların və müqavilələrin həlli yolları ola bilər. Bildiyiniz kimi, İrandan sanksiyalar götürüldükdən sonra Azərbaycanla əlaqələrin genişləndirilməsi hər iki dövlət üçün önəmlidir. Əsas istiqamət təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasıdır. Bu isə Rusiyanın, İranın və eyni zamanda Azərbaycanın yükdaşımasında böyük önəm kəsb edir. Ermənilər hər cəhdlə buna mane olmağa çalışsalar da, bu layihə reallaşır.
Bundan başqa, Rusiyadan elektrik enerjisinin Azərbaycana və buradan İrana ötürülməsi də müzakirə edilən məsələlərdəndir. Bunun üçün xüsusi bir qrup da yaradılıb. İran qazının Azərbaycandan tranziti, qazın müvəqqəti saxlanması və təbii ki, neft sektoru ilə də bağlı bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Düşünürəm ki, bütün bunların siyasi tərəfləri də mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycan balanslı siyasət aparır, lakin unutmaq olmaz ki, Rusiya və İran regional məsələlərdə söz sahibi olan dövlətlərdir. Belə regional meqalayihələrdə Ermənistanın kənarda qalması da nəzərdən qaçmır və birmənalı şəkildə qarşılanmır. Yəni Dağlıq Qarabağ münaqişəsinin həllində regional təhlükəsizlik baxımından bu layihələrin önəmli rolu ola bilər. Belə ki, İran-Ermənistan və Rusiya-Ermənistan münasibətləri də unudulmamalıdır.
Cənab İlham Əliyev və Həsən Ruhaninin görüşünün Xəzərin statusu məsələsinə də təsiri qaçılmazdır. İran tərəfi Xəzər dənizini sülh dənizi kimi görmək istəyir və bu da başadüşüləndir. Son hadisələrdə Rusiyanın Xəzərdə güc nümayişi İranı narahat etməyə bilməzdi. Bir sözlə, bu anlaşmalar hər üç dövlətin Xəzərdəki maraqlarına təsir edə bilər. Hazırda “Cənub Qaz Dəhlizi” məsələsinin gündəmdə olması belə deməyə əsas verir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın