Ana səhifə / Siyasət / Azərbaycan İrəvana səfir göndərmək istəyir

Azərbaycan İrəvana səfir göndərmək istəyir

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi İrəvana təqdim olunan təklifləri açıqlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanın münaqişə sonrası mərhələdə sülh quruculuğu səylərindən bəhs edib. “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılıq verilməyib.

Məlumat verildiyi kimi, növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipi əks olunub:

– Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

– Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

– Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Qeyd etmək istərdik ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər”, – L.Abdullayeva vurğulayıb.

Təkliflər kifayət qədər konstruktiv olsa da, Ermənistan buna hazırdırmı? İrəvan Bakıya səfir göndərəcək qədər qərəzdən və düşmənçilikdən uzaqlaşarmı?

Abutalıb Səmədov: “Paşinyan orduya nəzarət edə bilmir”

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vətən müharibəsi başa çatandan qısa müddət sonra Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzərində işləməyə hazır olduğunu bəyan etdiyini xatırladıb: “Çox təəssüf ki, bu təklifə Ermənistan tərəfindən uzun müddət heç bir reaksiya verilmədiyini də yada salıb. Etibarlı sülhə nail olmaq üçün fəallığı artıran Azərbaycan Prezidenti ötən ilin noyabrında Soçidə keçirilən üçtərəfli görüşdə sülh sazişi ilə bağlı təklifi təkrar edərək ermənilərə ”normal qonşular kimi yaşamağı öyrənməyi” təklif etdi. Ermənistan tərəfi verilən təklifə sözdə razılıq versə də, Nikol Paşinyan dəfələrlə “sülh sazişi”ni imzalamaq zərurətindən danışsa da real heç bir addım atmır. Sülh danışıqlarını bu cür ləngitməyə imkan verməmək üçün bir neçə gün öncə iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair Azərbaycan hakimiyyətinin təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Bundan sonra Ermənistan necə davranacaq və sülh sazişini qısa müddətdə hazırlayıb imzalamaq mümkün olacaqmı? Aydındır ki, Ermənistan iki dövlət arasında münasibətlərin normallaşması üçün təklif olunan beş baza prinsipini qəbul edəcək. Çünki onların bir hissəsi beynəlxalq hüququn hamı tərəfindən qəbul olunan prinsipləri olmaqla BMT Nizamnaməsində və s. aktlarda, digər hissəsi isə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan sənədlərdə öz əksini tapıb.

Danışıqlar prosesində qarşıya çıxacaq əsas çətinlik iki məsələ ilə bağlı olacaq. Birincisi, Ermənistan sülh sazişinə mütləq “Dağlıq Qarabağ” deyilən qondarma qurumun status məsələsinin də salınmasını və öz həllini tapmasını təklif edir. Azərbaycan tərəfi bu təklifi qəti şəkildə qəbul etmədiyini bildirib və 10 noyabr 2020-ci tarixdə dövlət başçımızın verdiyi bəyanatı dəfələrlə ermənilərə xatırladıb – “Azərbaycanda “Dağlıq Qarabağ” deyilən inzibati-ərazi vahidi yoxdur və heç bir status söhbəti ola bilməz!”. Bu reallığı Paşinyan da yaxşı başa düşür. Ancaq erməni cəmiyyətində üstünlük təşkil edən rəyə qarşı çıxmağa qorxur. Bu amil danışıqlarda razılığa gəlmək imkanını xeyli azaldır”.

Partiya sədrinin fikrincə, sülh sazişinin imzalanması ilə bağlı ikinci ciddi problem vasitəçilərlə bağlıdır: “Danışıqlar kimin vasitəçiliyi ilə keçirilməlidir? Azərbaycan Prezidenti bu proseslərə Minsk Qrupunu yaxın buraxmayacağını birmənalı şəkildə bəyan etdiyi halda ermənilər yalnız onun vasitəçiliyini qəbul etdiklərini bildirirlər. Maraqlıdır ki, Azərbaycan danışıqların Rusiyanın vasitəçiliyi ilə aparılmasını mümkün saysa da, Ermənistan öz ”əzəli və əbədi müttəfiqi”nə etimadsızlıq göstərir və bu vasitəçiliyi qəbul etmədiyini bəyan edir. Zənnimcə, bu məsələlərdə razılığa gəlib “sülh sazişi”ni imzalamaq mümkün olsa diplomatik münasibətlər qurmaq, diplomatik nümayəndəliklər açmaq, səfir mübadiləsi etmək heç bir çətinlik törətməyəcək. Əsas məsələ qarşıda duran daha ciddi fikir ayrılıqları, daha ciddi problemlər barədə razılığa gəlməkdir.

Bu problemləri aradan qaldıraraq sülh sazişini imzalamaq mümkün olacaqmı? Bunu qarşıdakı günlər göstərəcək. Bir şeyi qəti şəkildə demək olar-qarşıda Azərbaycan diplomatiyasını Ermənistana və havadarlarına qarşı ağır mübarizə gözləyir. Bu mübarizənin necə nəticələnəcəyi isə məncə, heç kimdə şübhə doğurmur”.

Həmçinin oxuyun

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı – ETİRAZ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu gün Xarici İşlər Nazirliyinə dəvət edilib. Azinforum.az xəbər verir ki, …