Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “AZƏRBAYCAN GENOFONDU ÜÇÜN FƏLAKƏT OLACAQ…” – Şeyxin müavinindən şok

“AZƏRBAYCAN GENOFONDU ÜÇÜN FƏLAKƏT OLACAQ…” – Şeyxin müavinindən şok

“Azərbaycan kiçik ölkə olduğuna görə həmin donorların uşaqları sabah bir-birilərinə bacı-qardaş da çıxa bilər”. “AzPolitika”nın məlumatına görə, bunu modern.az saytına müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı süni mayalanma üçün tibbi bankın yaradılmasına münasibət bildirərkən deyib.

Q. Cavadlı bildirir ki, bu, Azərbaycan genofondu üçün həqiqətən fəlakət ola bilər: “Bu çox böyük mövzudur, hətta bu haqda kitab hazırlayıram. İnşallah, o çıxanda sizi də təqdimata dəvət edərəm. Süni mayalanma haqqında fikirlər mübahisəli olduğu qədər müsəlman alimlərin də bu barədə mübahisəli düşüncələri, konkret müddəaları var.

Əl-Əzhər Universitetinin Fiqh Akademiyasının bununla bağlı konkret qərarları var. O qərarlara əsasən, “Müsəlman dünyasında tibbi baxımdan süni mayalanma necə olmalıdır” müddəaları işlənib hazırlanıb. Onlar ümumən göstərirlər ki, hər bir ailənin övlad istəyi arzuolunandır və bunun üçün süni mayalanmaya müraciət etmələri normaldır. Burada bir məqam var. Üzr istəyirəm, amma mənə elə gəlir ki, bu tibbi ifadələr olduğu üçün heç bir problem olmaz. Orada qeyd edilib ki, mayalanma üçün alınan sperma ərdən olmalıdır. Çünki başqasının sperması zina elementi daşıyır. Yəni islam görüşləri baxımından mümkün qədər çalışmaq lazımdır ki, süni mayalanma ərin sperması ilə baş versin. Digər tərəfdən bir sıra ölkələr süni mayalanma üçün xüsusi tibbi bank yaradırlar və müxtəlif insanlar da burda donor kimi iştirak edirlər.

Belə bir bankın Azərbaycanda yaradılmasına şübhə ilə yanaşıram. O şübhəm bu gün yox, sabah üçündür. Sabahkı genetik partlayış üçündür. Yəni bu, milli genefonda vurulan ən böyük zərbə ola bilər. Azərbaycan kiçik ölkə olduğuna görə həmin donorların uşaqları sabah bir-birilərinə bacı-qardaş da çıxa bilər. Bu zaman kimin kiminlə evlənməsi bəlli olmayacaq. Bilirsiniz, o qədər qorxunc suallar yaranır ki.. Bu, Azərbaycan genofondu üçün həqiqətən fəlakət ola bilər. Kim kimin donoru oldu, kimdən alındı, kimin üçün saxlanıldı və.s kimi dəhşətli suallar ortaya çıxacaq. Kim zəmanət verə bilər ki, bunlar olmayacaq?. Eyni zamanda donorluq edənlərin sağlamlığına, prosesin məxfiliyinə, genetik qohumluq probleminə kim zəmanət verəcək?”

Xatırladaq ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi dəfələrlə Milli Məclisin plenar iclaslarının müzakirəsinə çıxarılsa da, onun qəbulu hər dəfə təxirə salınıb. Qanun layihəsinin narazılıq yaradan əsas səbəblərdən biri də süni mayalanma üçün donorluq məsələsinin Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən etirazla qarşılanması olub.

Qanun layihəsi 27 maddədən ibarətdir. Layihə ictimai müzakirələrdə dəfələrlə qalmaqala səbəb olub. Xüsusilə sənəddə yer alan “surroqat ana” məsələsinə cəmiyyətdən sərt təpki gəlib. İndiyədək sənəd bir neçə dəfə dəyişikliyə məruz qalıb.Bu qanun layihəsinin də parlamentin payız sessiyasının gündəliyinə daxil edilib və müzakirə edilməsi nəzərdə tutulub.

Parlamentdən saytımıza verilən məlumata görə, qanun layihəsi artıq iş planına da daxil edilib. Parlamentdə yaradılan işçi qrup artıq “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi üzərində işi yekunlaşdırıb. Sadəcə ardıcıllıq məsələsinə görə, müzakirəyə çıxarılmayıb. Qanun layihəsi parlamentin payız sessiyasının ilk iclasının gündəliyinə daxil ediləcək.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın