Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Siyasət / Azərbaycan Ermənistana qaz nəqlində iştirak etməlidirmi?

Azərbaycan Ermənistana qaz nəqlində iştirak etməlidirmi?

Azərbaycan Dövlət Neft Şirkəti və “Qazprom” şirkəti martın 16-da Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb. Müqaviləyə görə,  Rusiya “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri apardığına görə Azərbaycan Dövlət Neft Şirkəti 3 həftə ərzində Ermənistandakı istehlakçılara qaz tədarük edəcək. Yayılan məlumatda bildirilir ki, işlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək. Aydındır ki, bu liderlər səviyyəsində əldə olunan razılaşmadır.

Ən çox səslənən sual budur: Azərbaycan Ermənistana qaz nəqlində iştirak  etməlidirmi?

Ermənistana Azərbaycan üzərindən tranzit qaz nəqlini Bakıdan Moskva xahiş edib. Görünür, Bakı Moskvaya “yox” cavabının mənfi nəticələrini hesabladığından Emənistana müvəqqəti qaz nəql etməyə qərar verilib. Əlbəttə, Azərbaycanın işğalçı Ermənistana qaz nəqlində iştirakı bizdə haqlı suallar doğurur. Azərbaycanın bu xoş niyyətinin Ermənistandakı siyasi qüvvələr tərəfindən müsbət qiymətləndiriləcəyini söyləmək çətindir. Halbuki, müharibədə qələbə çalan Azərbaycanın məğlub və “Artsax” ideyasından hələ vaz keçməyən Ermənistana qaz nəql etməsi böyüklük jestidir. Ancaq Azərbaycan uzaq və yaxın keçmişdə Ermənistana və ermənilərə xeyli jestlər edib, xalqımız bunun əvəzinə işğalla və soyqırımlarla üzləşib. Ona görə də Azərbaycanın Ermənistanın bu ağır vaxtına qonşu ölkəni qaz nəql etməsinin ermənilərinin düşüncəsinin dəyişəcəyini vurğulamaq mümkün deyil. Ona qalsa Dövlət Netf Şirkətinin prezidenti Rövnəq Abdullayev illər öncə verdiyi açıqlamada söyləmişdi ki, Azərbaycan qazı Gürcüstandakı erməni kilsələrinə pulsuz verilir. Bunun qarşılığında erməniərin minnətdarlığını kimsə eşitdimi?

Buna baxmayaraq, Azərbaycan ərazisindən qazın Ermənistana nəqli baş nazir Nikol Paşinyanın mövqelərini az da olsa güclənməsinə xidmət edə bilər. Misal üçün Paşinyan Azərbaycan və gələcəkdə Türkiyə ilə əməkdaşlığın iki qonşu dövlətlə qarşıdurmadan ermənilər üçün daha faydalı ola biləcəyini xalqına izah edə bilər. Azərbaycanın Ermənistana tranzit qaz nəqlindən dünyadakı erməni lobbisinin və onların dəstəkçilərinin ölkəmizə qarşı təxribatlarını neytrallaşdırmaq məqsədilə də istifadə edə bilərik. “Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlayan, şəhər, qəsəbə və kəndlərimizi viran qoyan Ermənistana qaz verən ölkəyə qarşı ədalətsiz olmayın” – bu Azərbaycan rəsmilərinin və Xarici İşlər Nazirliyinin əsas arqumentinə çevrilə bilər. Digər tərəfdən Ermənistana qaz nəqli vasitəsilə Naxçıvanla kommunikasiya xəttinin açılması prosesini sürətləndirməliyik.

Elxan Şahinoğlu, politoloq

Həmçinin oxuyun

“Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə” – Erməni əsilli siyasətçidən etiraz

ABŞ Konqresinin aşağı palatasının – Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Ceki Speyer Birləşmiş Ştatların …