Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / Azərbaycan Dövlət Baxçalısı kim ola bilər?

Azərbaycan Dövlət Baxçalısı kim ola bilər?

Türkiyədə müxalif Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının 2019-cu il 3 noyabrda keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan etməsi Azərbaycanda da ciddi maraq doğurub. Bir müxalifət partiyasının iqtidara bu tərzdə açıq dəstək verməsi ilə bağlı müxtəlif fikirlər var.

Azərbaycanda da demokratik düşərgənin aparıcı siyasi qurumlarından birinin rəhbəri MHP lideri kimi ölkə rəhbərinə dəstək verərsə, bunun necə qarşılanacağı maraq doğurur. Gələcəkdə Türkiyədə baş verən tipli hadisələr Azərbaycanda da yarana bilərsə, D.Baxçalı nümunəsindən çıxış edərək, hər hansı bir siyasətçinin belə bir cəsarətli addım atıb-atmayacağı da müzakirə edilir. Bu da təsadüfi deyil. Çünki Baxçalı tarixi qərarını Türkiyə dövlətçiliyi üçün yarana biləcək təhlükələrin qarşısını almaq üçün bir olmağın vacibliyi ilə əsaslandırıb.

Mövzu ilə bağlı əvvəllər iqtidara qarşı qatı müxalif olan, hazırda isə iqtidarı dəstəkləyən Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli ilə danışdıq.

Картинки по запросу Tahir Kərimli

O, 2005-ci ilə qədər Azərbaycan hakimiyyətinə qarşı ən sərt mövqedə durmuş, lakin həmin ildən sonra açıq şəkildə qarşıdan gələn 2008-ci ilin prezident seçkilərində ölkə prezidentini dəstəkləyəcəyini bəyan etmişdi. Baxçalı da deyir ki, Ərdoğan iqtidarına dəstək verməsinin doğru addım olduğu görünür, T.Kərimli də eyni düşüncədədir. Vaxtı ilə Vəhdət Partiyası hakimiyyətə dəstək verəndə ən sərt mövqelərlə üzləmişdi, indi də MHP belədir.

T.Kərimli “Yeni Müsavat”a açıqlamasında Baxçalı ilə müqayisəsinin əleyhinədir: “Baxçalı ilə oxşarlıqlarım yoxdur. Ən azından MHP Türkiyədə üç böyük partiyadan biridir. Parlamentdə çoxsaylı deputatlarla təmsil olunurlar. Müstəqil gecə malik bir partiyadır. Zaman-zaman repressiyalara uğrayıb, ayağa durub. Əlbəttə, millətçi toplum Türkiyədə MHP-nin seçkilərdə öz namizədinin olmasını israr edir. Təsadüfi deyil ki, Baxçalının bu qərarlarından sonra partiya daxilində çox ciddi fikir ayrılıqları əmələ gəlib. Çox ciddi tənqidi fikirlər də var ki, Ərdoğanı dəstəkləmək düzgün deyil, bu əvvəlcədən razılaşdırılıb, partiyanın təməl prinsiplərinə bu addım uyğun gəlmir. Amma bir qrup da var ki, MHP-nin qərarını doğru sayır və hesab edir ki, partiya iqtidara gəlmək gücündə deyil.

Onlar hesab edirlər ki, Ərdoğanın həm daxildə, həm də xaricdə müdafiə olunması türk milliyyətçilərinin siyasətinə tam uyğundur.

Bu, onları gücləndirir, eyni zamanda, ölkədaxili və xaricində türk milliyyətçiləri güclənir. İndi MHP liderinin namizədliyini birmənalı şəkildə verməyəcəyini bəyan etməsi düşünürəm ki, bu qədər müzakirələrin olduğu bir vaxtda tez qərar idi. Vaxtından əvvəl atılmış addım təəssüratı doğurur. Azərbaycanda tam vəziyyət başqadır. İstər Vəhdət olsun, istərsə də, digər partiyalar, MHP gücündə partiyalar yoxdur, on dəfələrlə gücsüz partiyalardır. Etiraf etmək lazımdır hakim partiyanın ölkə daxilində hər yerdə dayaqları var. Müsavat partiyası da gizli deyil ki, rəhbərlik və sosial baza baxımından ciddi parçalanıb. Elə bir lider yoxdur ki, açıq şəkildə bəyan edib, hakimiyyətə gələcəyi ilə bağlı xalqı inandıra bilsin. Bizim İlham Əliyevin prezidentliyini müdafiə etməyimiz bir qədər məntiqli görünür. Gücümüz o dərəcədə yüksək deyil ki, namizəd irəli sürüb, qalib gəlmək imkanlarımız olsun. İndiki vaxtda ağılsızlıq olardı ki, real vəziyyəti qiymətləndirməyəsən.

Hətta müxalifət bütövlükdə birləşdə belə yenə də, qalib gəlmə imkanları yoxdur. Biz heç zaman ölkədə korrupsiyanın, qanun pozuntularının tərəfdarı olmamışıq. Daim öz sözümüzü demişik. Parlament səviyyəsində də mən hər zaman çıxışlarımı bu istiqamətdə edirəm. Amma bizim Azərbaycan üçün hər şeydən öncə sabitlikdir. Zaman müstəqillikdən sonra bu günə qədər bir sualın cavabını tapdı. Biz 90-cı illərin əvvəllərində elə düşünürdük ki, demokratiya hər şeydən vacibdir, hər şeyi təmin edir. Amma həyat göstərdi ki, demokratiya adı altında bir sıra müsəlman ölkələrini viran qoydular. Sabitlik hökmən lazımdır ki, müəyyən uğurlar qazana biləsən. Bu baxımdan İlham Əliyevin sabitliyin təminatçısı olduğu faktdır. Bu gün İraq və Suriyada demokratiya kimə lazımdır? Bizim ölkə başçısını dəstəkləməyimizlə Baxçalının dəstəyi arasında çox böyük fərq var”.

T.Kərimli vaxtı ilə hakimiyyətə verdiyi dəstəyə görə ən ağır şəkildə tənqidlərə, hücumlara məruz qaldıqlarını da dilə gətirdi: “Biz çox tənqid olunduq. Amma qərarımızı nə vaxt verdik? O vaxt verdik ki, 2003-cü il seçkilərində böyük ümidlərlə getdiyimiz, müxalifətin böyük bir birliyinin olduğu bir vaxtda qəti şəkildə məğlub olduq. Üstəlik bizim partiya 2005-ci ilin parlament seçkilərində nələri görmədi ki. O zaman namizəd olduğum dairədə 10-dan artıq müxalifət lideri namizədliyini vermişdi.

Toplanıb bir namizədi belə müdafiə etmək iqtidarında deyildilər. Amma iqtidar bir və ya iki namizədlə çıxış edirdi. Bəzi şəxslər daha şanslı namizədə mane olmaq üçün müxalifət adı ilə namizədliklərini vermişdilər. Artıq 2005-ci ildən sonra gördük ki, qəti şəkildə məğlubiyyətə uğramışıq, heç bir perspektivimiz yoxdur. Heç kimdən gizlətmirəm, sizdən də gizlətməyim, o zaman ən böyük arzularımdan biri Vəhdəti qoruyub-saxlamaq idi. Amma o vəziyyətlə bu mümkün deyildi. Çox şükürlər olsun ki, indi parlament partiyasına çevrilərək, sosial dayaqlarımızı qoruya bilmişik. Hər bir partiyanın öz maraqları var. Lider inandırmalıdır ki, hansı addımı atsa partiya özünü qoruyub saxlayacaq, inkişaf edəcək. İndiki halda hesab edirəm ki, Azərbaycanda hər hansı bir partiyanın mənim kimi addım atması daxildə təpki ilə qarşılanar. Çünki o qədər əks mövqedə çıxış ediblər ki, həmin qüvvələr artıq dəyişikliyə ümidlərini baş verə biləcək hər hansı bir hadisəyə bağlayırlar. Hər partiya bilməlidir ki, gücü hansı səviyyədədir.

Hamımız bilməlidir ki, Yeni Azərbaycan Partiyasına alternativ partiya olmadığı kimi, bu partiyanın prezidentliyə namizədinə də alternativ namizəd yoxdur. Belə olan halda nə üçün mübarizə aparırıq? İkinci yer uğrundamı yaxud müxalifət lideri olmaq üçünmü? Mən səni prezident kimi tanımıram deməklə nə əldə edirsən? Biz on illərlə belə dedik, nə əldə etdik ki? Ola bilər ki, müxalifət birləşib seçkilərə qatılsın, lakin uğur qazana bilməsin, amma konstitusion hökumət yaratmaq üçün danışıqlara gedə bilərlər. Nəticədə hökumətdə müəyyən yerlər tutmaq olar və həmin partiyalarda daha səmərəli fəaliyyət göstərə bilərlər”.

Həmçinin oxuyun

“Şuşada təmir etdiyim evdə yaşaya bilmədim” – Erməni qadından Arayikə etiraz

Azərbaycanın tarixi şəhəri olan Şuşada vaxtilə qanunsuz məskunlaşdırılmış ermənilərdən biri separatçıların lideri Arayik Arutyunyana üsyan …