Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / Ayaz Mütəllibov İlham Əliyevlə bir sırada dayandı

Ayaz Mütəllibov İlham Əliyevlə bir sırada dayandı

“Mən şübhə etmirəm ki, növbədənkənar prezident seçkilərinin elanı haqda qərar bizim dövlətçiliyimizin maraqlarına cavab verir. Bütün qalan nüansları dövlət başçısı İlham Əliyev özü yaxşı bilir”.

Virtualaz.org bildirir ki, bunu yerli KİV-ə müsahibəsində Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov deyib.

Sabiq prezident bu qərarı şəxsi məsələlərlə bağlamamağa və ona dövlətin maraqları kontekstində yanaşmağa çağırıb.

“Bu qarşıya çıxan və böyük məsuliyyət tələb edən məsələlərə hesablanıb. Ona görə də mən Azərbaycanda prezident seçkilərinin ertələnməsinə çox normal baxıram. Dəfələrlə də bildirmişəm ki, mən ayrı-ayrı siyasi partiyaları deyil, Azərbaycan dövlətçiliyini dəstəkləyirəm. Mən hər zaman dövlətçiliyin qorunmasının tərəfini tutan insanam. Heç zaman da şəxsi mövqeyim və marağım üçün çıxış etməmişəm. Hər zaman demişəm ki, biz gərək prezident İlham Əliyevə dəstək verək. Çünki dünyada, o cümlədən Azərbaycanın qonşusu ölan ölkələrdə çox xoşagəlməz hadisələr baş verir. Biz də Azərbaycanın xətadan, bəladan uzaq olmasını istəməliyik. Bunun üçün də ölkə başçısının ətrafında sıx birləşməlyik”, – deyə A.Mütəllibov vurğulayıb.

A.Mütəllibov bir daha qeyd edib ki, prezident seçkilərinin aprelin 11-ə təyin edilməsi ilə bağlı qərar çox doğru, vacib addımdır və hər kəs bu addıma hörmətlə yanaşmalıdır.

“Prezident seçkilərində hansı namizədi dəstəkləyəcəksiniz” sualına cavab verərkən sabiq prezident vurğulayıb ki, bu məsələ onun üçün çoxdan müəyyən edilib: “Çıxışlarımda da hər zaman demişəm ki, prezident idarə üsulu ona görə yaradılıb ki, onunla hesablaşasan. Mən ötən dəfə keçirilən seçkilərdə prezident İlham Əliyevə səs vermişdim. Bu dəfə də ona səs verəcəm”.

“Zənnimcə, prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur. Çünki İlham Əliyev dünya miqyasında tanınan prezidentdir. Onu dünya birliyi çox yaxşı tanıyır. Ümumiyyətlə, hər bir ölkənin prezidenti ən yüksək hörmətə layiq olmalıdır ki, onun əks-sədası beynəlxalq aləmdə də özünü göstərsin. Əminəm ki, İlham Əliyev bu işlərə tam məsuliyyətlə yanaşır və necə addım atılmasını yaxşı bilir. Ona görə də biz prezident İlham Əliyevə hər zaman dəstək verməliyik. İlham Əliyev Azərbaycanı xarici təxribatlardan qorumağa çalışır. Tarixən də şahid olmuşuq ki, Azərbaycan cəmiyyətini daxildən və xaricdən parçalamaq istəyən qüvvələr var. Prezident İlham Əliyev də Azərbaycanı parçalanmadan qorumağa çalışan prezidentdir”, – deyə A.Mütəllibov əlavə edib.

Seçkilərin vaxtının dəyişdirilməsinin səbəbləri ilə bağlı Ayaz Mütəllibov təkrar qeyd edib ki, onlar prezident İlham Əliyevə yaxşı məlumdur. Bununla birlikdə sabiq prezident istisna etməyib ki, belə addım qonşu Ermənistanda və başqa ölkələrdəki dəyişikliklər nəzərə alınmaqla atıla bilərdi.

Rəsul Quliyevin, Hüseyn Abdullayevin və başqa şəxslərin seçkilərdə mümkün iştirakını şərh edərkən isə Ayaz Mutalibov qeyd edib ki, onların hamısı keçən əsrin 90-cı illərinin qalığıdır və xalq arasında heç bir nüfuza malik deyillər.

Həmçinin oxuyun

“Qarabağ məsələsi BMT TŞ-da yenidən müzakirəyə çıxarıla bilər…” – Rusiya nümayəndəsi

Münaqişə bölgəsindəki vəziyyət yaxşılaşmasa, BMT Təhlükəsizlik Şurası (TŞ) Qarabağdakı vəziyyətin müzakirə edilməsinə qayıda bilər. Moderator.az-ın Rusiya …