Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Siyasət / Axtarışda olan “Hafka”nı “ip”dən aldılar

Axtarışda olan “Hafka”nı “ip”dən aldılar

Borclu biznesmenlər haqda iki sensasion məlumat; Hafiz Məmmədovu bobsley həvəskarı olan Monako knyazı Alberlə nə birləşdirir?; Hacı İbrahim “Xəzər adaları”nın borca görə əlindən alınması xəbərindən danışdı

Beynəlxalq Bankda külli miqdarda kredit borcu olan iş adamlarının Avropa Oyunları bitən kimi yenidən başları dərdə girib. Modern.az saytının xəbərinə görə, “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli Beynəlxalq Banka borcunu qaytara bilmədiyi üçün “Xəzər Adaları”nı itirməli olub. Qiymətləndirmədən sonra “Xəzər Adaları” layihəsi üzərində Hacı İbrahim Nehrəmlinin mülkiyyətçiliyi ləğv edilib.

Virtualaz.org saytı bu məlumatlara aydınlıq gətirmək üçün iş adamına müraciət edib.
Oliqarx sayta açıqlamasında bu məlumatları təkzib edib, “Xəzər adaları” layihəsini itirmədiyini bildirib:“Mənim Beynəlxalq Bankla heç bir problemim yoxdur. Ümumilikdə isə mən bu layihəni satmaq barədə heç vaxt düşünməmişəm. Bəzi adamlar belə yalan məlumatlar və şayiələr yayırlar. Deyirlər ki, obyektlərimi məndən guya alırlar. Azərbaycanda hüquqi dövlət qurulub, ölkədə qanunlar var. Heç kim heç kimin mülkünü ala bilməz. Mənim kreditlərimə gəlincə isə Beynəlxalq Banka olan kredit borclarımın hamısını 2019-cu ilə qədər ödəyəcəyəm”. Hacı İbrahim onu da qeyd edib ki, onun kredit borclarının həcmi hazırda 430 milyon manatdan çoxdur.
“Xəzər Adaları” hazırda tikilən, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir.  Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Xatırladaq ki, Hacı İbrahim borc səbəbindən bir neçə gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılmışdı.
Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işi çərçivəsində axtarışa verildiyi deyilən məşhur iş adamı Hafiz Məmmədov (“Hafka”) barədə də sensasion məlumat yayılıb.
Beynəlxalq Banka bir neçə 100 milyon manat borcu olan “Hafka” barədə mayın 18-də həbs-qətimkan tədbiri seçildiyi bildirilirdi. O, bu pulu  2008-ci ildə yaratdığı “Baghlan Group” holdinqin adına götürüb. Bu xəbər ictimailəşəndən sonra “Hafka” yerli saytlardan birinə açıqlama verərək ölkədə olmadığını təsdiqlədi. Ancaq yaydığı bəyanatda qaçdığı və cinayət məsuliyyətinə cəlb olunduğu haqda məlumatları təkzib etdi: “Mənim ölkədən qaçmağım haqda KİV-lərdə yayılan informasiyalar tamamilə yalandır. Hazırda Londondayam, müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm”. Hələ o zaman da “Yeni Müsavat” yazmışdı ki, “Hafka”nın “xəstələnərək” Londona getməsi, üstəlik, yerini də açıqlaması şübhəlidir.
Azpolitika.az saytı yazıb ki, “Hafka” Bakıya qayıdıb. Belə ki, onu  bir neçə gün əvvəl “Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibi, Naxçıvandan olan iş adamı İman Quliyevin əmisi oğlunun yas mərasimində görüblər.
 
Bəs Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin təqdimatı ilə haqqında məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilən Hafiz Məmmədovun saxlanılmamasının səbəbi nədir? 
Məlumata görə, Monako knyazı II Alberlə yaxın dostluq əlaqələri olan Hafiz Məmmədov həbs xəbərini aldıqdan sonra Londona deyil, Monakoya uçub. Saytın iddiasında deyilir ki,  “Hafka” barəsindəki həbs-qətimkan tədbirini dəyişdirmək üçün  Monako knyazını iqtidara minnətçi salıb.
Məlumata görə, Monakonun cəmi 5 idmançı ilə qatıldığı I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn knyaz  Azərbaycan rəhbərliyindən Hafiz Məmmədovla bağlı həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. “Hafka”nın artıq Bakıda olması faktı Monako knyazının xahişinin nəzərə alındığını deməyə əsas verir.
Müflisləşmiş iş adamının bu cırtdan ölkəylə bağlılığı isə təsadüfi sayılmır. Bəzi məlumatlara görə, kazino, qumar oyunlarının mərkəzlərindən biri sayılan Monakonun Monte Karlo şəhərində Hafiz Məmmədovun iri mülkü də var.
Bəzi mənbələr isə Məmmədovun kazino oyunlarına meylli olmasını əsas gətirərək, onun sərvətinin böyük hissəsini qumarda itirdiyini iddia edir. Bu baxımdan Hafiz Məmmədovun Monako knyazı əlahəzrət II Alberlə tanışlığının və dostluğunun da öz başlanğıcını Monte Karlonun elit kozinolarından başladığı güman edilir.
1958-ci il doğumlu Knyaz Alberin də maraqlı həyat tarixçəsi var. O, hələ uşaqlıqdan idmanın bir neçə növü-futbol, üzgüçülük və cüdo ilə maraqlanır.  Bobsley (buz üstə araba sürmək) üzrə 5 Qış Olimpiadasının iştirakçısıdır.  2005-ci ilin 19 noyabrında taxt-taca yiyələnib.
“Hafka”nın problemi Beynəlxalq Bankla bitmir. İyulun 13-də Böyük Britaniyadakı Vircin adalarının kommersiya məhkəməsində “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin “Baghlan Group Limited” şirkətinə qarşı məhkəmə iddiasına açıq baxışına başlanılacaq. 2012-ci ildə isə “Baghlan Group Limited” “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin iştirakı ilə Kayman fond birjasında 150 milyon dollarlıq istiqrazlar yerləşdirib. Qiymətli kağızlar bu ilin yayına qədər tam ödənilməli olsa da, Hafiz Məmmədov bu məsələni həll edə bilməyib.
Bu arada “Baghlan Group Limited” şirkəti ona ləğvedici təyin edilməsi barədə yerli məhkəməyə vəsatət verilib. Vəsatət məhkəməyə bu il iyunun 17-də daxil olub.
 
“Baghlan Group Limited” Azərbaycanın “Bahar” və “Qum dəniz” yataqlarını işləyən “Bahar Energy Ltd.”nin səhm paketinin sahibi olub. Amma 2014-cü ildə şirkət maliyyə problemi üzündən bu paydan məhrum olub.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …

Bir cavab yazın