Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Avtomobil satışı salonlarında inanılmaz dələduzluq şübhələri…

Avtomobil satışı salonlarında inanılmaz dələduzluq şübhələri…

Azər Allahverənov: “Maşınların gediş kilometrinin geri çəkilməsi dələduzluqdur”

“Əhalini maarifləndirmək lazımdır ki, onlar belə hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etsinlər”

Bu günlərdə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Bakıda avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat keçirməsi haqda məlumat yayıldı. Məlumata görə, əməliyyata səbəb salonlarda keyfiyyətsiz avtomobillərin satılması, müştərilərin aldadılması ilə bağlı çoxsaylı şikayətlərin edilməsi olub.
Şikayətlər əsasən suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş (ikinci əl) avtomobillərin yürüşünün (“probeq”) aşağı salınaraq baha qiymətə satılması ilə bağlı olub.
Qeyd edək ki, MCMBİ əməkdaşlarının əməliyyatı zamanı Babək prospektində olan bəzi avtomobil satış mərkəzlərində bu fakt təsdiqini tapıb. Məlum olub ki, avtosalonlar dələduzluq yolu ilə insanlardan xeyli pul mənimsəyir, onlara maddi ziyan vururlar.
Elə buna görə də, “Nurgün Motors”un bəzi salonlarının, eləcə də “Avto Line”, “Avto Qalereya”, “Avto Murad” və digər salonların rəhbərləri, eləcə də bəzi əməkdaşları saxlanaraq MCMBİ-nə aparılıb .
Bunun ardınca “Nurgün Motors” şirkəti özü barəsində gedən məlumatlara aydınlıq gətirmək məqsədilə açıqlama yayıb.
Şirkətin mətbuat xidmətindən verilən məlumatda bildirilirdi: “Bəzi saytlarda şirkətimiz haqqında, guya şirkət əməkdaşlarının həbsi barədə yayılan cəfəngiyyat xarakterli məlumatlar həqiqətə uyğun deyil və heç bir fakta əsaslanmır.
1996-cı ildən fəaliyyət göstərən və bu illər ərzində hər zaman müştərilərinə keyfiyyətli xidmət göstərərək böyük uğurlara imza atmış “Nurgün Motors” şirkəti bu gün də öz dəyərlərinə sadiqdir və yorulmadan müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək yolunda çalışır.
Dəyərli oxuculara bildiririk ki, həqiqətə uyğun olmayan, şayiə və böhtan dolu məlumatları oxumaqdansa, satış salonlarımızı ziyarət edib xidmətimizin yüksək səviyyəsi və avtomobillərimizin keyfiyyətinin real şahidi ola bilərsiniz.
Əlavə olaraq bildirmək istərdik ki, şirkətimiz haqqında yalan və qərəzli məlumat yayan KİV haqqında qanunvericiliyə uyğun ölçü götürülməsi üçün müvafiq strukturlara müraciət olunacaq”.
Biz bu hadisə haqda konkret heç nə deyə bilmərik. Bu səbəbdən də informasiya balansını qoruduq. Ancaq danılmaz faktdır ki, Bakıdakı bir çox avtosalonlarda “probeq”lərin geri çəkilməsi, suya düşmüş avtomobillərin təmiz adı ilə müştərilərə sırınması baş verir.
Ekspert Azər Allahverənovun sözlərinə görə, belə halların olması ilə bağlı istehlakçılar arasında çoxlu sayda söhbətlər dolaşır: “Maşınların gediş kilometrinin geri çəkilməsi dələduzluqdur. Bu əməl cinayət məsuliyyəti yaradır. Bu səbəbdən də istehlakçılar maşın almağa gedəndə yanında mütəxəssis aparır. Bu halları bazar və ya salon satışına aid edə bilərik. Ancaq təəssüflər olsun ki, yalnız ortada olan faktlar barədə danışılır. Əhalini maarifləndirmək lazımdır ki, onlar belə hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Brend markaların satışı ilə məşğul olanlara gəldikdə isə, onlar əsasən təzə maşınlar gətirir. Təbiidir ki, yeni maşında deyilən əməliyyatın edilməsinə ehtiyac yoxdur”.

Məhəmmədəli QƏRİBLİ

 

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …

Bir cavab yazın