Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Avropada anti-Azərbaycan təbliğatı güclənir – ŞƏRH

Avropada anti-Azərbaycan təbliğatı güclənir – ŞƏRH

Avropada anti-Azərbaycan təbliğatı genişlənir. Görünən odur ki, Azərbaycan tərəfin 44 günlük II Qarabağ savaşında Ermənistanı döyüş meydanında darmadağın edib, işğal altındakı torpaqlarını terrorçulardan təmizləməsi ilə bir sıra dövlətlər barışa bilmirlər. Fransa, Niderland və Belçikada qəbul edilən qanunsuz qətnamələr bunu deməyə əsas verir. Son olaraq, Niderland və Belçika parlamentlərinin dekabrın 17-də qəbul etdiyi növbəti qətnamələr rəsmi Bakının səbir kasasını daşırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı sərt bəyanatlar gecikməyib.

Bu cür kağız parçalarına qarşı hansı siyasi təbliğat işləri qurmağımız yönündə çoxsaylı müzakirələr getməkdədir. Avropanın daha hansı ölkələrinin parlamenti belə kağız parçası qəbul edə və sonradan sanksiyalar iqtisadi və siyasi sferaya sıçraya bilərmi kimi suallara da çox rast gəlirik.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bu cür qərarların heç bir əhəmiyyətinin olmadığını söylədi: “Erməni diasporası bir sıra Avropa ölkələrində zəngin və güclü olduqlarından onlar çalışırlar ki, müvafiq təzyiqlər sərgiləsinlər. Bir növ güc nümayiş etdirməyə çalışırlar. Bu Fransa, Belçika və Niderlandda baş verdi. Heç bir hüquqi əsası olmayan və beynəlxalq hüquq normalarına zidd olan qərarlar qəbul olunub. Təbii ki, heç bir icra strukturları, hökumətlər bu sənədlər əsasında hərəkət edə bilməzlər. Bu, beynəlxalq hüquq normalarının pozulması demək olar. Korrupsiyaya qurşanmış Avropa siyasətçiləri erməni diasporası qarşısında öz rollarını oynayırlar. Bununla göstərmək istəyirlər ki, müharibə bitməyib, biz nəsə edəcəyik, təzyiqlər göstərəcəyik, sanksiyalar tətbiq edəcəyik. Amma münaqişə tarixə getdi. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq sənədlərin icrasını təmin etdilər. Yaxşı olardı ki, bu özəl ölkələrdə fəaliyyət göstərən erməni diasporaları aciz vəziyyətdə olan Ermənistanda yaşayan soydaşları barəsində düşünsünlər ki, onlara sülh lazımdır. Onlar nifrətlə, revanş hissləri ilə deyil, normal dövlət quruculuğu ilə məşğul olmalıdırlar. Qonşularına qarşı ərazi iddialarını kənara qoyub, əməkdaşlığa başlamalıdırlar. Çünki Azərbaycan, Türkiyə və Gürcüstana qarşı olan bu ərazi iddiaları erməni xalqını yeni faciələrə sürükləyəcək. Ermənistanın bir dövlət kimi xilası ancaq bölgədə əməkdaşlıq siyasəti aparmaqdan keçir. Nifrətə və beynəlxalq hüquq normalarını pozmağa yönəlmiş siyasət onları uzağa apara bilməyəcək. Diaspora da gördüyünüz kimi, 30 ildir erməni dövləti olsa da, heç bir yatırım etməyiblər. Hərdən qida göndərirlər. Onlardan istifadə edib, onları öz faşist ideologiyalarının qurbanına çevirirlər”.

Deputat onu da qeyd etdi ki, belə kağız parçaları ancaq erməni diasporasının fəal olduğu ölkələrdə qəbul oluna bilər: “Biz nəzərə almalıyıq ki, bu diasporanın nümayəndələrinin əsas ideologiyası faşizm idelogiyasıdır. Çox təəssüflər olsun ki, Avropanın bir sıra dövlətlərində son vaxtlar səlib yürüşü təfəkkürü, faşizm idelogiyası yenidən canlanır və fəallaşır. Lakin hansısa sanksiya yoxdur. Bu da ola bilməz. Çünki sanksiyalar öz-özlüyündə beynəlxalq hüquq normalarının kobud surətdə pozulması demək olar. Hansısa parlament nümayəndələri kağız parçaları qəbul edə bilərlər, amma addım atmaq məsuliyyəti hökumətin üzərindədir. Hökumət isə kobud şəkildə beynəlxalq hüquq normalarını poza bilməz. Bu nöqteyi-nəzərdən iqtisadi və siyasi istiqamətlərdə hansısa sanksiyalar gözləmirəm. Çünki çox kobud bir səhv edilə bilər. Bunun da baş verəcəyinə inanmıram. Düşünürəm ki, Azərbaycan yenə də öz siyasətini davam etdirməlidir. Müvafiq Avropa Birliyinin nəzdində dost ölkələrlə birliyin əməkdaşlığı genişlənə bilər. Burada iqtisadi, humanitar sahədə çox böyük potensial var. Hesab edirəm ki, Azərbaycan həqiqətlərini, dəyərlərini Avropa sisteminə çatdırmaq üçün böyük işlər görə bilər. Faşizm təhlükəsi çox böyük təhlükədir. Azərbaycan demək olar ki, bir çox Avropa ölkələrindən daha çox müharibədə qurbanlar verib. Faşizmin dünya üçün çox böyük bir təhlükə olduğunu biz xüsusi vurğulamalıyıq. Azərbaycan həm diplomatik, həm də ictimai fikri məlumatlandırma sahəsində Avropada işlərini daha da güclənməlidir. Biz onlara hansısa səhv qərarlar qəbul etmək imkanı verməməliyik”.

Politoloq Əhəd Məmmədli: “Fikir verin, Avropada hansı ölkələr Azərbaycana qarşı addımlar atırlar? O ölkələr ki, 10 illərdir Avropa Birliyinə qəbul məsələsində, eləcə də PKK, Suriya və digər məsələlərdə anti-Türkiyə mövqeyi sərgiləyirlər. Eyni zamanda bu ölkələrdə son illərdə islamafobiya, türkəfobiya, Ərdoğanafobiya pik nöqtəyə çıxıb. Bir milyard insanın tanıdığı, qəbul etdiyi, sevimli peyğəmbərimizin də ən çox təhqir olunan siyahıda məhz bu ölkələr də var. Avropaya doğma olan faşizm, nasizm, xristian fundamentalizmi qayıdır və özü də anti-İslam, antitürk şüarları altında qayıdır. Qanunsuz, ədalətsiz, qərəzli anti-Azərbaycan siyasətinin davamı Danimarka, Avstriya, Çexiya, Sloveniya, Yunanıstan, Cənubi Kiprdən də gələ bilər. Bu ölkələrdə də anti-İslam, antitürk mövqeyi güclüdür. Bu qanunsuz təbliğata görə Azərbaycan Avropadakı dostları, müttəfiqləri, tərəfdaşlarını artırmalı, təbliğatını gücləndirməlidir. Avropada yeni tərəfdaşlar cəlb etməliyik. Bu məkanda türk və yəhudi lobbiləri ilə səfirliklərimiz sıx işləməlidir . Düşünmürəm ki, bu qətnamələr Azərbaycana qarşı ciddi problemə çevrilə bilər. Çünki Avropanın rəsmi Bakıya təsir mexanizmi zəifdir və unutmayaq ki, bu məsələdə Azərbaycanın köhnə qitədə Böyük Britaniya kimi gizli müttəfiqi var…”. Müsavat.com

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …