Avropa Parlamenti həbsdə olan Azərbaycan Demokratik və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işi ilə bağlı böyük səs çoxluğu ilə qətnamə qəbul edib.
Bu barədə sentyabrın 14-də Qubad İbadoğlunun qardaşı Qalib Bayramov “facebook” hesabında məlumat yayıb.
Onun sözlərinə görə, qətnamə səsverməsində 569 parlamentari iştirak edib. Onların 539-u qətnamənin lehinə səs verir, 24 nfər bitərəf qalıb və 6 nəfər isə qətnamənin əleyhinə səs verib.
“Kobud insan haqları pozuntularına yol vermiş Azərbaycan rəsmilərinə Avropa Birliyinin Qlobal İnsan Haqları Sanksiya Rejimi çərçivəsində sanksiya tətbiq etməyə çağırış olunub”, – Qalib Bayramov açıqlamasında bildirib.Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi siyasətçinin ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
