Cümə axşamı , Oktyabr 24 2019
Ana səhifə / Siyasət / Avropa Oyunlarının məşəli Zaqatala və Balakəndə alovlandırıldı

Avropa Oyunlarının məşəli Zaqatala və Balakəndə alovlandırıldı

Konsert proqramı təşkil edilib.

Aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərindəki Atəşgah məbədində alovlandırılan və bu günədək Azərbaycanın 40-a yaxın şəhər və rayonundan keçən məşəl estafetinin növbəti ünvanı ölkənin şimal-qərb qapısı Balakən rayonu oldu.

Oxu.Az-ın məlumatına görə, mayın 23-də minlərlə balakənli məşəl estafetinin sevincini yaşamaq üçün günorta saatlarından başlayaraq şəhərin Heydər Əliyev prospektinə toplaşmışdı. Prospekt boyunca düzülən balakənlilər əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək böyük səbirsizliklə birinci Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdilər.

Nəhayət yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Xoçbar Xalayev alqış sədaları altında Balakən şəhərinin girişində, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra məşəl estafeti şəhərin mərkəzinə – Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkına doğru istiqamət götürdü. 10 məşəlçi Heydər Əliyev prospekti ilə hərəkət edərək, məşəli növbə ilə bir-birinə ötürməklə 2700 metrdən artıq məsafə qət etdilər. Estafetin sonuncu iştirakçısı – yunan-Roma güləşi üzrə gənclər arasında Avropa və dünya birinciliklərinin mükafatçısı, beşqat Azərbaycan çempionu Hacımurad Çopsiyev parkın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Parka toplaşan minlərlə balakənli bu hadisəni böyük coşqu və sürəkli alqışlarla qarşıladılar.

Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Bayram tədbirinin iştirakçıları Bakı şəhərindəki Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxı böyük maraqla izlədilər.

Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

Daha sonra mayın 23-də axşam saatlarında məşəl “qızılgüllər diyarı” Zaqatalaya gətirildi.

Birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün Zaqatala şəhərinin Dövlət Bayrağı meydanına toplaşan minlərlə rayon sakini əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşıladılar.

Budo döyüş növləri üzrə dünya çempionu, idman ustası Təbriz Balaxanov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. O, nəzərdə tutulan məsafəni qət etdikdən sonra məşəli növbəti iştirakçıya – 2011-ci ildə Belqradda keçirilmiş XXI Beynəlxalq şahmat festivalının qalibi Xədicə Xəlilovaya ötürdü.

Estafeti davam etdirən sonrakı məşəlçilər Heydər Əliyev prospekti, Dədə Qorqud, 28 May, Üzeyir Hacıbəyli və Sülh küçələri boyunca 2700 metrə yaxın məsafə qət edərək birinci Avropa Oyunlarının məşəlini Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisinə gətirdilər. 1830-cu ildə inşa edilmiş Zaqatala qalasının ərazisinə toplaşan minlərlə zaqatalalı birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini böyük coşqu ilə izlədilər.

Zaqatala şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi, 2014-cü ildə İnquşetiyada keçirilmiş cüdo idman növü üzrə beynəlxalq turnirin mükafatçısı Ariz Məmmədov meydanın mərkəzində qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırdı. Meydana toplaşanlar bu unudulmaz anı sürəkli alqışlarla qarşıladılar.

Məşəldən alovlandırılan “Bakı-2015”-in çırağı ilk Avropa Oyunları başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərildi.

Mərasim atəşfəşanlıqla başa çatdı.

Məşəl estafetinin növbəti ünvanı Qax rayonu olacaq.

Həmçinin oxuyun

“Heydər Əliyev” ordeni kimlərə verilib – Tam siyahı

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi …

Bir cavab yazın