Bazar ertəsi , May 27 2024
Ana səhifə / Siyasət / Avropa Məhkəməsi bu dəfə Azərbaycandan göndərilən 30-dan çox ərizəyə baxıb

Avropa Məhkəməsi bu dəfə Azərbaycandan göndərilən 30-dan çox ərizəyə baxıb

Aprelin 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş 30-dan çox ərizə üzrə 7 qərar və qərardadını elan edib.

Bildirilir ki, “Fikrət İbişbəyli Azərbaycana qarşı” işində ərizəçi jurnalist və onlayn xəbər portalının baş redaktorudur. Ərizə ona qarşı inzibati xəta haqqında icraatın başladılması, daxili məhkəmələr tərəfindən 500 manat məbləğində cərimə edilməsilə əlaqədardır. F.İbişbəyli 2022-ci ilin əvvəlində Qarabağ bölgəsindəki durumla bağlı paylaşdığı xəbərdə Şuşa şəhərinin “Qarabağdakı erməni separatçıları” tərəfindən davamlı olaraq atəşə tutulmasından bəhs edilirdi. O, xəbərin “yayılması qanunla qadağan edilən informasiya” olması əsası ilə məsuliyyətə cəlb edilmişdi. Yerli məhkəmələrdə şikayətləri təmin edilmədiyindən jurnalist Avropa İnsan Hüquqları Məhkəməsində ifadə azadlığı hüququna müdaxilənin baş verdiyini iddia edirdi.

Ərizənin kommunikasiyası zamanı hökumət iddia edilən pozuntuları etiraf edərək jurnalistə təzminat ödəməyi öhdəsinə götürüb. Məhkəmənin qərardadına görə, hökumət İbişbəyliyə mənəvi zərər və xərclər əvəzi 2250 avro ödəyəcək.

Məlumatda Yadigar Sadıqlının, Sakit Məmmədovun, Günel Səfərovanın və digərlərinin 9 fevral 2020-ci il parlament seçkilərində hüquqlarının pozulması səbəbindən Avropa Məhkəməsinə şikayəti də yer alıb. Onlar yerli seçki komissiyalarında və məhkəmələrdə iddia etdikləri müxtəlif seçki pozuntularına effektiv baxılmamasının seçki və effektiv müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozulmasından şikayət ediblər.

Hökumət onların seçki hüququna müdaxilənin baş verdiyini etiraf edib:

“Qərara görə, hökumət ərizəçilər Yadigar Sadıqlı, Fikrət Cəfərli, Oqtay Qasımov, Vəliyəddin Quliyev, Bəxtiyar Hacıyev, Elnur Qasımov, Elşad Musayev, Fərid Salahlı, İlahə Sadıqova, Ziya Quliyev, Toğrul İsmayılov, Toğrul Vəliyev, Vəsilə Hacıyeva, Vüqar Xəlilov və Mütəllim Rəhimovun hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 4500 avro ödəməlidir. “Sakit Məmmədov və başqaları Azərbaycana qarşı” işi üzrə qərara görə, hökumət Razim Rzayev, Lətifə Əliyeva, Fərid Eyvazov, Fərhad Mehdiyev, Mahmud Mahmudov, Səməd Rəhimli, Ərəstun Vaxşəliyev və Xalid Bağırovun hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 4750 avro ödəməlidir”.

Günel Səfərova Azərbaycana qarşı” işində ərizəçi şikayətini davam etdirmədiyindən, ərizə baxılacaq işlərin siyahısından çıxarılıb.

Avropa Məhkəməsi “Əliyeva və başqaları Azərbaycana qarşı” işində Konvensiyanın 11-ci maddəsinin pozulduğu qeyd olunur. Bildirilir ki, şikayətdə dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya keçirilmə üsulu ilə bağlı məhdudiyyətlər əks olunub:

“Məhkəmənin qərardadına görə, hökumət Brilyant Əliyeva, Dünya Əliyeva, Kamran Nurəliyev, Cavid İsmayılov, Afaq Nurəliyeva, Səadət Qədirova, Səkinəxanım Quliyeva, Natiq Məhəmmədsoy və Nuranə Abdullayevanın hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 1750 avro ödəməlidir.
 “Ağasif İbrahimov və başqaları Azərbaycana qarşı” işində kütləvi aksiyaların keçirilməsinə tətbiq edilən məhdudiyyətlərin qeyri-adekvat olması ilə bağlı idi. Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, ərizəçilərə 1750 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödəniləcək”.

Məlumatda “A və başqaları (23) Azərbaycana qarşı” işində ərizəçilər 2017-ci ilin sentyabrında polis reydləri zamanı saxlanılmış LGBT icmasının üzvləri idi. Onlar saxlanılması və sonradan inzibati həbs edilmələrini qanunsuz və özbaşına olduğub, yalnız cinsi oriyentasiyalarına əsaslandığını bildiriblər:

“Həmçinin, polis məmurları və təcridxana əməkdaşlarının onlara qarşı pis rəftar etməsindən, müvafiq orqanların bununla bağlı səmərəli araşdırma aparmamasından, habelə, həbsdə olan zaman məcburi tibbi müayinəyə məruz qalmalarının qanunsuzluğundan şikayət ediblər”.

Konvesiyanın 3, 5, 6, 8 və 14-cü maddələrinin pozulduğu və hökumətin onların bir qismini etiraf etdiyi qeyd olunub:

“Hökumət ərizəçilərə mənəvi zərər əvəzi 125 min avro, xərc və məsrəflər əvəzi ümumilikdə 3 min avro ödəməyi öhdəliyinə götürüb”.

Şikayətçilərin maraqlarını təmsil edən hüquqşünas Səməd Rəhimli “Turan”a bildirib ki, ərizəçilər təklif olunan “barışıq”la razılaşmır və mahiyyəti üzrə qərar əldə olunmasına çalışırlar:

“Hökumətin təktərəfli bəyanatı LGBT nümayəndələrinin hüquqlarının pozulmasında əli olan təhlükəsizlik qüvvələrinin və digərlərinin qanunsuz hərəkətlərini araşdırmaq üçün hakimiyyətin üzərinə heç bir öhdəlik qoymur”.

Şikayətçilərin adları açıqlanmır, onların bəzisi növbəti təqiblərdən çəkinərək Azərbaycanı tərk ediblər.

Həmçinin oxuyun

Zelenski İlham Əliyevi Sülh Sammitinə dəvət etdi

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: …