Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / Avropa Gürcüstanı: mif, yoxsa reallıq?

Avropa Gürcüstanı: mif, yoxsa reallıq?

“Mən Avropa Gürcüstanında yaşamaq istəyirəm” – indi belə şüarlar səslənən etiraz aksiyaları Gürcüstanda adi haldır. Bəs 30-35 min insanın toplaşdığı, xüsusən də gənclərin üstünlük təşkil etdiyi bu mitinqlərin məqsədi nədir?

Səbəb budur ki, etirazçıların fikrincə, Gürcüstanın hökuməti ölkəsinin maraqlarını yetərincə müdafiə edə bilməyib, Kiyev və Kişinyov Avropa İttifaqının üzvülüyünə namizəd ölkə statusu alsa da, Tiflis buna nail olmayıb və qeyri-müəyyən müddətə prosesdən kənarda qalıb.

Həqiqətən də təəssüfləndirici haldır, çünki Gürcüstan üç postsovet ölkəsinin Avropaya inteqrasiya prosesinə liderlik edirdi. Düzdür, hazırki hakimiyyət özündən əvvəlki siyasi kursu davam etdirsə də, tam ardıcıl Qərbyönümlü hökumət də sayılmır.

Əslində oliqarx Bidzina İvanişvilinin komandası hesab olunan bu hökumət ona yapışdırılan yarlıqlara rəğmən heç də Rusiya ilə dərin əlaqələr qurmadı, hətta Moskva ilə normal diplomatik əlaqələri belə bərpa etmədi. Amma onu yetərincə demokratik hökumət adlandırmaq üçün də ciddi əsaslar yoxdur. Buna sübut kimi, ən azı keçmiş prezident Mixail Saakaşvilinin biabırçı həbsini misal göstərə bilərik. Əlbəttə, bu heç də o demək deyil ki, Gürcüstanı Saakaşviliyə görə Avropa İttifaqına namizəd ölkə kimi qəbul etmədilər. Amma bu cür ilk baxışda xırda detallar toplananda ciddi əngələ çevrilə bilirlər…
Burada onu da qeyd edək ki, Gürcüstan haqqında bir oliqarxın idarə etdiyi ölkə imici formalaşıb və Avropa İttifaqı İvanişviləyə qarşı fərdi sanksiyalar da qəbul edib, baxmayaraq ki, sonuncu formal olaraq bütün siyasi postlardan və statuslardan imtina edib.

Bizə elə gəlir ki, Gürcüstanı Avropa İttifaqına ona görə namizəd ölkə kimi qəbul etmədilər ki, Tiflis Ukrayna-Rusiya müharibəsi zamanı heç də ardıcıl mövqe tutmadı. Rəsmi Tiflis dərhal bəyan etdi ki, Rusiyaya qarşı yeni sanksiyalara qoşulmayacaq. Sözsüz ki, bu, Brüsselin diqqətindən kənarda qalmadı. Sanksiyalara müqavimət göstərən ölkə yeganə olkə Gürcüstan deyil, ABŞ-ın böyük səylərinə baxmayaraq, Avropa ölkələrinin çoxu hələ də Rusiya qazından imtina edə bilmir və bunu başa düşmək mümkündür. Çünki, məsələn, Almaniyanın qaz ehtiyaclarının düz 40 faizini Rusiya təmin edir.

Amma belə anlaşılılır ki, Gürcüstanı heç bir vaxt tək Cənubi Qafqaz ölkəsi oaraq Avropaya qəbul etməyəcəklər, çünki digər iki Qafqaz ölkəsi də var və onlar Brüssel üçün heç də önəmsiz deyillər.
Bütün hallarda, indiki məqamda Avropa Gürcüstanı heç də kandarda və kənarda qoymamalı idi. Ukraynanı NATO-ya qəbul etmədilər, indi hətta məsləhət görürlər ki, Kiyev müharibənin bitməsi üçün torpaqlarının bir hissəsindən imtina etsin. Bəli, Qərb belə bir geosiyasi arealdır və daim öz maraqlarını güdür.

Qərb siyasi dairələri indi özlərini elə aparırlar ki, guya müharibənin səbəblərindən bixəbərdirlər, hərçənd, Kiyevə çoxlu hərbi-texniki yardım da göstərirlər. Fəqət, yeni hərbi silah-sursat hələ Ukrayna ordusuna yol tapmayıb və ukraynalılar öz uğursuzluqlarını qismən də olsa, onunla izah edirlər ki, onlar köhnə silahlarla döyüşmək məcburiyyətindədirlər. Bu yaxınlarda bu ölkədən verilən telesüjetlərdən birində hərbçilər döyüşdükləri silah-sursatın 1944-cü ilə aid olduğunu nümayiş etdirirdilər.

Rusiyanın Ukrayna və Moldovanın namizədlik məsələsinə münasibətinə gəlincə, Kremlin sözçüsü Dmitriy Peskov dərhal buna reaksiya verdi və Türkiyəni misal gətridi. Bəli, Türkiyə on illərdir ki, namizəd ölkədir və bundan o tərəfə gedə bilmir. Amma Peskov Türkiyəni yaxşı bilir, çünki xeyli müddət bu ölkədə diplomatik xidmətdə olub. Ona görə də o, razılaşar ki, Ankaranın problemi başqadır – son illərdə onlarla ölkə Avropa İttifaqının üzvü olub və onların heç biri Türkiyədən irəli ölkə deyil.

Elə Ukrayna və Moldovanın namizəd ölkə elan olunması da daha çox geosiyasi məsələdir. Özləri deyirlər ki, Ukraynada korrupsiya baş alıb gedir. Üstəlik, Moldova da ondan geri qalmır… Doğrudamı, dəhşətli müharibənin viran qoyduğu, korrupsiyanın tüğyan etdiyi Ukrayna Avropa İttifaqına namizəd ölkə olmağa Gürcüstandan daha çox layiqdir? Axı Gürcüstanda korrupsiya ilə mübarizə tədbirləri daha uğurlu olub və bu ölkə korrupsiyanın səviyyəsinə görə Ukrayna və Moldova kimi heç də “öncül” ölkə deyil.

Amma nə demək olar? İsveçi və Finlandiyanı NATO-ya dərhal qəbul etməklə Avropa əslində sübut etdi ki, onun üçün bu məsələdə də “ikili standartlar” var – kimsə on illərlə çalışır, məqsədinə nail ola bilmir, kimsə də bircə bəyanat verir və bununla da məsələ bitir…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Laçının azad edilməsindən iki il ötür

Laçın rayonunun Ermənistan işğalından azad edilməsindən 2 il ötür.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə …