Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Atam deyir, təki qeyrətimiz axsamasın” – Dilqəm Əsgərovun oğlu

“Atam deyir, təki qeyrətimiz axsamasın” – Dilqəm Əsgərovun oğlu

“Atam bizə göndərdiyi məktubunda bildirib ki, təki ayağımız axsasın, qeyrətimiz yox”.
Bu sözləri musavat.com-a açıqlamasında ermənilər tərəfindən girov saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, girovluqda saxlanlına həmyerlilərimiz- Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müvafiq orqanlardan geniş məlumat ala bilmirlər:
“Ermənilər qurduqları qondarma məhkəmələrinin videolarını yaymışdılar. Həmin videoda Dilqəm Əsgərov axsayaraq yeriyirdi. Biz ona məktub yazıb nə üçün axsadığının səbəbini soruşduq. Atam səbəbi ağacdan yıxılması ilə izah etdi. Sonra isə bildirdi ki, belə şeylərə görə narahat olmayaq. O vurğuladı ki, ayağımızın axsamağının heç bir əhəmiyyəti yoxdur. Təki, qeyrətimiz, namusumuz axsamasın. O da axsamayacaq. Hər günə onların azad edilməsi arzusu ilə başlayırıq. Sadəcə olaraq, əlimizdən oturub gözləməkdən başqa bir şey gəlmir. Atam və Şahbaz Quliyev yalnız öz ata və babalarının məzarlarını ziyarət etmək üçün torpağımız Kəlbəcərə yollanıblar. Onların qanunsuz yerə saxlanılmasını qınayırıq. Dilqəm Əsgərov üçün ən ümdə məsələ namusdur, vətəndir. Ona görə də bir ildən çoxdur ki, ermənilər onun və Şahbaz Quliyevin ağzından Azərbaycan, vətənimiz əleyhinə bir cümlə də ala bilməyiblər. Əminəm ki, ala bilməyəcəklər də. Allah hər ikisinin qapısını açsın”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev və sonradan vəhşicəsinə öldürülmüş Həsən Həsənov doğulduqları Qarabağa keçərək ata-babalarının məzarlarını ziyarət etməyə çalışıblar. Ancaq erməni separatçıları Həsən Həsənovu vəhşicəsinə öldürərək Dilqəm və Şahbazı girov götürüb. Separatçı Qarabağ rejimində azərbaycanlılar üzərində qondarma məhkəmə qurulub. Oyuncaq məhkəmə Dilqəm Əsgərov barəsində ömürlük, Şahbaz Quliyev barəsində isə 22 il həbs qərarı çıxarıb.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın