Ana səhifə / Siyasət / Atəşkəs kəndirinin düyününü doğrayan süngü

Atəşkəs kəndirinin düyününü doğrayan süngü

Oktyabrın 10-da qüvvəyə minən və bir saatdan sonra qüvvədən düşən “humanitar atəşkəs razılaşması”na görə, açığı, çox üzülmüşdük.

Bu, yenicə düşmənin qoparağını götürmüş ordumuzun qolunun soyudulması, ayağına pudluq daş bağlanması demək idi. Çoxları belə düşünürdü. Çünki əvvəllər elə iki-üç dəfə (Avqust, Aprel, İyul döyüşlərində) olmuşdu.

Dövlət yetkililəri razılaşmanın əldə olunduğu ilk saatlarda bunun əsl atəşkəs sazişi olmadığını, müvəqqəti xarakter daşıdığını desələr də, inamsızlıq dağdan yuvarlanan qar topası kimi böyüyürdü.

26 il davam edən atəşkəs rejimindən cana-boğaza yığılmış camaat 27 sentyabr hərbi kampaniyasının “ölüm-dirim savaşı” olmasını istəyir, prosesin “Qarabağda ya onlar qalmalıdır, ya biz” istiqaməti üzrə getməsini umurdular.

Ancaq nigaranlıq bir neçə saat sürdü. Azərbaycanın qolunun növbəti dəfə atəşkəs kəndiri ilə bağlandığını düşünən ermənilərin ağlı 1992-ci iin mayına getdi, elə bildilər, o vaxt atəşkəs sözləşməsində istifadə edib Şuşanı namərdcəsinə işğal edə bildikləri kimi, yenə də bir gecə hücumuyla əldən verdikləri yerləri qaytarıb almağı bacaracaqlar.

Bu dəfə alınmadı, itkiyə məruz qaldılar, həmişəki kimi “uduzmuş erməni-azğın düşmən” tövrü ilə dönüb Gəncəyə raket atdılar, hərbi cinayət törətdilər, 10 dinc həmvətənimizi öldürdülər, 35-ni yaraladılar.

Bundan sonra zatən silahnı aşağl salmamış əsgərimiz “qoparaq götürmə” işinə davam etdilər, kəndlərimiz ard-arda düşmən işğalından azad edildi, ordumuz 3 şəhərə (Cəbrayıl, Hadrut, Füzuli) daxil oldu. Füzulinin əsl sahibinə qayıtması onları yenidən çılğınlaşdırdı və Gəncəyə daha bir raket hücumu təşkil etdilər 15 dinc insan öldürdülər, 50-yə yaxınını yaraladılar.
Oktyabrin 17-də onlar 27-dən bəri heç görmədikləri bir bombardmana məruz qaldılar, böyük itki verdilər, atəşkəs razılaşması yenidən yadlarına düşdü.

Oktyabrın 18-də yenidən qüvvəyə minən atəşkəs razılaşmasına bədgüman yanaşanlar isə qat-qat az oldu. Əksəriyyət bilirdi ki, bu da o birinin tayı olacaq, Rusiyanın sözünü heçə sayan Ermənistan tərəfi Fransanı da yüngülsaqqal edəcək.
Elə də oldu. Atəşkəs razılaşmasının qüvvəyə minməsində 4-5 saat sonra sübhün alatoranında ermənilər yenidən hücuma keçərək itirdikləri əraziləri qaytarmaq istədilər, yenə alınmadı. Beləcə, atəşkəs yenidən pozuldu. İndi ordumuzun önündə geniş ərazilər, minasız yollar var.

Bir məsələ çox müəmmalı və maraqlıdır.

Ermənilər nə ağılla özlərinin xahiş-minnətlə əldə etdikləri atəşkəs razılaşmasını pozurlar?

Burada iki məqam ola bilər. Ya, ermənilərin bir xeylisi (Sarkisyan-Koçaryan güruhu) atəşkəsdə maraqlı deyil və Paşinyanın devrilməsi üçün silsilə məğlubiyyətlərə uğramaqda maraqlıdırlar, ya da ermənilər sancmağa vərdiş etmiş əqrəb kimi öz namərd xasiyyətlərini boğa bilmirlər, hesab edirlər ki, bir neçə kəndi özlərinə qaytarsalar və Azərbaycana ağır zərbə vursalar, hərbi təşəbbüsü ələ alar, məyusluğa düçar olan ordumuzu sıxışdıra bilərlər.

Ancaq gedişat göstərir ki, ikinci variant heç cür alınmır. Azərbaycanın müzəffər ordusunda qələbə ovqatı hökm sürür, əsgərlər hər gün bir az qabağa getmək ehtirası ilə alışıb yanırlar. Onlar əl-ayağımıza dolanan atəşkəs kəndirinin düyününü öz süngüləri kəsib atırlar, iş bitir.

Bu baxımdan bədgümanlığın, əndişənin heç bir əsası yoxdur. Təki hər həftə sonu belə atəşkəslər olsun, ordumuz isə həftənin 1-ci günü qaldığı yerdə davam eləsin.

Ermənistan rəhbərləri elə bir ağılın yiyəsidirlər ki, bu siyasətləri onları tam kapitulyasiyaya aparacaq, onlar yarıyolda dayanmayacaqlar.

Xalid KAZIMLI

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …