Ana səhifə / Siyasət / Arzuxan Əlizadə: “Teresanın məntiqinə görə, biz özümüz özümüzü cəzalandırmalıyıq”

Arzuxan Əlizadə: “Teresanın məntiqinə görə, biz özümüz özümüzü cəzalandırmalıyıq”

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro Kəlbəcər bölgəsində mina partlaması nəticəsində müxbir Məhərrəm İbrahimovun (Əlioğlu) və operator Sirac Abışovun ölümü ilə əlaqədar dərin narahatlıq və təəssüfünü ifadə edib.

O, Kəlbəcərdə baş verən məlum partlayışa münasibət bildirərək belə deyib: “Məhərrəm İbrahimov və Sirac Abışovun faciəli ölümü dəhşətli bir xəbərdir və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verirəm. İstintaqın jurnalistlərin ölümünə görə məsuliyyəti müəyyənləşdirəcəyinə ümid edirəm”.

Məgər bu terror aktına görə hansı tərəfin məsuliyyət daşıdığı bəlli deyil? Bu dərəcədə mücərrəd münasibət nə deməkdir? Hər şey ortadadır. ATƏT təmsilçisi buna elə münasibət bəsləyir ki, sanki minanı orada erməni tərəfi yox, Azərbaycan basdırıb. Bu qədər ədalətsiz və dişsiz yanaşma nə deməkdir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bu cür zəif mövqenin ortaya qoyulacağı gözlənilirdi: “Əslində, ATƏT-in media azadlığı  üzrə nümayəndəsinin mövqeyi bizim üçün təəccüblü deyil. Ona görə ki, son 30 ildə ATƏT-in özünün münaqişə ilə bağlı mövqeyi və gördüyü işlər nədən ibarət olub, bunu hamımız yaxşı bilirik. ATƏT-in bölgəmizə turist səfərlərindən başqa, demək olar, heç nə ilə yadda qalmadığını tam əminliklə söyləmək mümkündür. Eyni münasibəti ATƏT-in media azadlığı üzrə nümayəndəsi təkrarlayır. İşğalçı və terrorçu məlum  olduğu halda, T.Ribeiro məsuliyyət daşıyan tərəfi  görməzdən gəlir. Əgər haqqın tərəfində deyilsənsə, heç olmasa susmağı bacarmalısan. Teresanın məntiqinə görə,  biz özümüz özümüzü cəzalandırmalıyıq. Bu necə yanaşmadır, bu necə bir mövqedir? İşğala, terrora məruz qalan Azərbaycan, minaya düşən jurnalist heyəti azərbaycanlılar olduğu halda, Teresa məsuliyyət bölgüsündən danışır. Biz hər zaman demişik, indi də bu mövqedə qalırıq ki, bu bölgəyə sülhü, əmin-amanlığı,  ədaləti qalib Azərbaycan əsgəri gətirəcək. Bir çox beynəlxalq təşkilat münaqişənin davam etməsinə daha çox maraq göstərir. Xalqımızın onlara inamı itib. Daha diqqətli olaraq, birlik, bərabərliyimizi qoruyaraq, bu prosesi özümüz sona çatdırmalıyıq və bunu da bacaracağıq”.

Partiya sədri onu da qeyd etdi ki, beynəlxalq təşkilatlardan ədalət gözləməyə dəyməz.

Həmçinin oxuyun

“Caliber”dən növbəti təhlil: Ermənilər gələcəyi yoxsa keçmişi seçəcək? – VİDEO

“Caliber” layihəsinin “Youtube” kanalında Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə həsr olunmuş video yayımlanıb. “Caliber” qeyd …