Çərşənbə , İyun 3 2020
Ana səhifə / Siyasət / Arzuxan Əlizadə: “Müasir dövrdə müharibələr yalnız hərb meydanında aparılmır

Arzuxan Əlizadə: “Müasir dövrdə müharibələr yalnız hərb meydanında aparılmır

Almaniya öz ərazisində “DQR nümayəndəsi” nin fəaliyyətini qadağan edib.  Belə ki, Almaniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ərazilərinin işğalını pisləyir və işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimin mövcudluğunu tanımır. Rəsmi Berlin Arutyun Qriqoryanın başçılıq etdiyi qondarma rejimin Almaniyadakı nümayəndəliyinin fəaliyyətini qanunsuz hesab edir.

XİN-in məlumatında bildirilib ki, Almaniya Federativ Respublikası qondarma rejimi tanımır: “Müvafiq olaraq qondarma rejimin nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndəsi, nə də tanınmış nümayəndəliyi mövcud deyil”.

Həmçinin, qeyd olunub ki, bununla əlaqədar Almaniya XİN yazılı şəkildə Qriqoryandan Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimin “diplomatik və ya konsulluq nümayəndəliyi”ni yaratmağı dərhal dayandırmağı tələb edib. Tələbin yerinə yetirilmədiyi təqdirdə hüquqi tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

Sözügedən “nümayəndəliyin” işinə “Dağlıq Qarabağın müstəqilliyi” ideyasını dəstəkləmək, Almaniya vətəndaşlarının, o cümlədən, siyasətçilərin Azərbaycanın işğal olunmuş ərazilərinə turist və təhsil səfərlərini təşkil etmək daxil idi.

Bununla yanaşı, Ermənistan tərəfindən işğal olunmuş Qarabağda onun idarə etdiyi oyuncaq rejimin adından yaradılmış “arzach.de” veb-saytı bağlanıb. Ermənistanın hakimiyyət orqanları Almaniya domenində açılmış saytda həm də alman turistlərini Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb etməyə cəhd göstərirdilər. Eyni zamanda, qondarma “Artsax Respublikası”nın AFR-dəki səfiri” Arutyun Qriqoryanın “Facebook”da profili də ləğv edilib. Həmçinin, Berlində fəaliyyət göstərən “Avropa Artsax Tədqiqatları Mərkəzi” də bu günlərdə bağlanıb.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənilər xarici havadarlarının bilavasitə dəstəyi və iştirakı ilə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsini və ətraf yeddi rayonumuzu işğal ediblər. İşğal etdikdən sonra uzun illərdir bu ərazilərdə yaratdıqları qondarma rejimi legitimləşdirmək və bunun üçün beynəlxalq dəstəyə nail olmaq istiqamətində ardıcıl siyasət yürüdürlər. Bu illər ərzində bir sıra ölkələrdə müxtəlif adlar altında bu qondarma rejimin “nümayəndəlikləri”nin fəaliyyət göstərməsinin şahidiyik. Hətta Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrində də belə təsisatlar mövcuddur. Bu səbəbdən də biz dəfələrlə rəsmi Bakının bu qurumdan imtina etməsinin vacibliyini gündəmə gətirmişik. Çünki həmsədr olan hər üç dövlət uzun illərdir bu və ya digər formada separatçıları dəstəkləyir. Elə bu günlərdə ABŞ-ın növbəti, sayca10-cu ştatının qondarma “Dağlıq Qarabağ Respublikasının müstəqilliyini” tanımasını yada salmaq kifayətdir”.

A.Əlizadənin fikrincə, təsəlli tapdığımız bir məqam var ki, bu illər ərzində Azərbaycanın iqtisadi imkanları genişlənib və hazırda düşmənlə müqayisədə ordumuzun hərbi üstünlüyü danılmazdır: “Azərbaycan əsgərinin və xalqımızın məqsədə çatmaq uğrunda əzmini də bura əlavə etsək, torpaqlarımızı işğalçılardan təmizləyəcəyimizə zərrə qədər də şübhəm yoxdur. Lakin unutmaq lazım deyil ki, müasir dövrdə müharibələr yalnız hərb meydanında aparılmır. Düşməni zərərsizləşdirmək üçün paralel olaraq güclü təbliğat maşınını işə salmaq və beynəlxalq dəstəyə nail olmaqla uğur əldə etmək mümkündür. Bu missiyanı həyata keçirmək isə daha çox Xarici İşlər Nazirliyinin, müəyyən qədər də Diaspor Komitəsinin işidir. Nəhayət, başa düşmək lazımdır ki, yalnız erməni tərəfinin gördüyü işlərə şablon xarakterli və dişsiz bəyanatlar verməklə işi bitmiş hesab etmək olmaz. Etiraf etməliyik ki, istisnalar da var. Ayrı-ayrı ölkələrdə daha çox milli maraqlardan çıxış edən səfirliklərimizin fəaliyyətini qiymətləndirməmək insafsızlıq olar. Bu sırada onu qeyd edim ki, Almaniyadakı səfirliyimizin qondarma “DQR nümayəndəliyinin” həmin ölkədə qanundankənar elan edilməsi istiqamətində fəaliyyəti digər səfirliklərimiz üçün də bir örnək olmalıdır. Almaniya qanunvericiliyinə əsasən, özünü mövcud olmayan bir dövlətin məmuru kimi təqdim etmək cinayət məsuliyyəti yaradır. Azərbaycanın Almaniyadakı səfirliyinin həmin ölkənin qanunvericiliyinə istinad etməklə verdiyi sorğu əsasında Almaniya bu addımı atıb. Avropanın aparıcı dövləti olan Almaniyanın bu qərarı müsbət bir presedent olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi baxımından da təqdirəlayiqdir. Mən bu faktı diplomatik uğurumuz hesab edirəm. Ümid edirəm ki, digər ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz də akkreditasiya olunduqları ölkələrin qanunvericiliyinə istinad etməklə, sistemli şəkildə həmin ölkələrdə mövcud olan separatçı “nümayəndəliklər”in bağlanmasına nail olacaqlar”.

Həmçinin oxuyun

“Kim işdən çıxarılırsa, çoxlu pullar, milyonlar çıxır…“ – Deputat

Maliyyə və əmlak amnistiyası ilə bağlı görülən işlərin sürətləndirilməsi çox vacibdir. Bunu Milli Məclisin (MM) …