Çərşənbə , İyun 16 2021
Ana səhifə / Siyasət / Arzuxan Əlizadə: “Kreml istəmir ki, Paşinyan parlamentdə mütləq üstünlüyə sahib olsun”

Arzuxan Əlizadə: “Kreml istəmir ki, Paşinyan parlamentdə mütləq üstünlüyə sahib olsun”

Məlum olduğu kimi, iyun ayında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilər parlament respublikası üçün hakim siyasi qüvvənin müəyyən edilməsində həlledici sayılır. Seçki mübarizəsinin əsas iştirakçıları məlumdur. Söhbət ondan gedir ki, əsas mübarizə Nikol Paşinyan və Robert Köçəryan tərəfdarları arasında olacaq.

Bu arada erməni mediası yazır ki, Türkiyə və Azərbaycanla əbədi düşmənçiliyin milli ideologiyası erməni xalqını ölümcül şəkildə bezdirib: “Ermənilər Qarabağ uğrunda müharibənin təkrarlanmasını istəmirlər, ölkənin nəinki daha bir “qaynar”, hətta “soyuq müharibə” üçün maddi, mənəvi və insan resursları yoxdur. Paşinyan siyasi platformada hərbi revanşizmə işarə etməyən yeganə şəxs olduğundan, əksəriyyət mövcud hakimiyyətə səs verəcək”.

Rusiyanın yanaşması ilə də bağlı diqqətçəkən yanaşma var: “Ənənəvi olaraq, Ermənistanda hesab olunurdu ki, seçkilərdə bütün əsas oyunçular üçün ümumi cəhət Moskvanın dəstəyini almaq cəhdidir. Bu dilemma müharibədə məğlubiyyətdən sonra da qalırsa, o zaman Paşinyan onun barəsində yaranmış Rusiyanın düşməni – sorosçu obrazından çıxmağa çalışır. Köçəryan və Sarqsyan öz siyasi karyeralarının əvvəlindən Rusiyapərəst siyasətçilər kimi çıxış ediblər. Eyni zamanda, ölkənin növbəti liderini həqiqətən Putin müəyyən edirsə, o zaman Zəngəzur vasitəsilə Putinin nəqliyyat layihəsinin lokomotivi kimi Paşinyan çıxış edir. Çünki əvvəlki üç prezidentin tərəfdarları arasında nəinki bu dəhlizin bərpasından, hətta 10 noyabr 2020-ci il tarixli bəyanatın bəndlərinin icrasından imtina etmək tələblər paylanılır. Bu vəziyyətdə Moskvaya Paşinyanın qələbəsinə yardımçı olmaq sərfəlidir”.

Maraqlıdır, ekspertlər bu versiyanı necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadə buna birmənalı prizmadan yanaşmadı: “O həqiqətdir ki, erməni cəmiyyəti Türkiyə və Azərbaycan fobiyasından bezib. Çünki uzun illərdir bu faktor siyasi məqsədlər üçün istismar edilir. İnsanlar iqtisadi inkişaf, yaxşı yaşamaq istəyirlər. Bu isə qonşularla normal münasibətlərin qurulmasından keçir. Ancaq demək olmaz ki, Ermənistan cəmiyyəti hamılıqla bu fikirdədir. Təbii ki, bu belə deyil. Ölkədə Türkiyə və Azərbaycanla münasibətlərin qurulmasına qarşı olan kəsim var. Bu amili əsla gözardı etmək olmaz, amma onların sayı çoxluq təşkil etmir. Bu baxımdan sözügedən faktor nəzərə alınmalıdır. Rusiyanın mövqeyinə gəldikdə isə, Moskva dəhlizin açılmasında maraqlıdır. Çünki bunun sayəsində Rusiyanın Gürcüstandan asılılığı ortadan qalxacaq. Ermənistan vasitəsilə Rusiyadan Türkiyəyə yüklər daşınacaq və s. Bu baxımdan, Paşinyan Rusiyanın mənafeyinə uyğundur. Ancaq Kreml istəmir ki, Paşinyan parlamentdə mütləq üstünlüyə sahib olsun. Köçəryanın parlamentdə ikinci olmasını istəyir. Bu minvalla Paşinyanı nəzarətdə saxlamaq daha rahat olacaq. Düzdür, Kreml istəyər ki, Köçəryan birinci olsun. Ancaq, praktiki baxımdan, Moskva bunun mümkünsüz olduğunu bilir. O üzdən, bu varianta üstünlük verir ki, Paşinyan nəzarətdən çıxmasın”.

Partiya sədri onu da qeyd etdi ki, iyunun 20-nə qədər bir sıra məsələlər tam aydınlaşacaq. (Bakı-Xəbər)

Həmçinin oxuyun

15 iyun şifrələri: Ərdoğan niyə məhz bu tarixdə Şuşaya səfər edir… – ŞƏRH

Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi tarixə Milli …