Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Arzuxan Əlizadə: “Bu adamları şəxsi və qrup maraqları daha çox ilgiləndirir”

Arzuxan Əlizadə: “Bu adamları şəxsi və qrup maraqları daha çox ilgiləndirir”

Şənbə-bazar günləri koronavirusla əlaqədar tətbiq olunan məlum məhdudiyyətlərlə bağlı radikal mövqedən çıxış edən bəzi partiyalar belə, qaydalara riayət etmək barədə ictimaiyyətə müraciət etdilər.

Məsələn, “ReAl” partiyasının sədri İlqar Məmmədov ictimaiyyətə müraciət edərək, onları qaydalara əməl etməyə çağırdı: “Şənbə-bazar hər kəsi sərt karantin qaydalarına riayət etməyə çağırıram. İndi sosial məsafə saxlanmasa, ictimai yerlərdə maska taxılmasa və virusun yayılmasına qarşı digər tədbirlərə riayət edilməsə, xəstəxanalardakı vəziyyət çox acınacaqlı olar. Virus hər yerdə müxtəlif sürətlə yayılır və Azərbaycan onun qarşısını vaxtından əvvəl tam almasaydı, indi digər ölkələrdə olduğu kimi, vəziyyət yaxşılığa doğru dəyişirdi. İqtidar səhv edə bilər – bu haqqı ona koronavirus məsələsində ən əvvəldən tanımışıq, çünki bütün dövlətlər bu yolu sınaya-sınaya gedir, hazır və hər kəsə məlum cavab indiyədək olmayıb. Amma bu dəfə biz real müxalifət olaraq vətəndaşları daha diqqətli olmağa, qaydaları icra etməyə çağırırıqsa, hazırda bu qaydaların həqiqətən əhəmiyyət kəsb etdiyinə kiminsə şübhəsi qalmamalıdır”.

Ancaq virusa yoluxanların sayının artması fonunda Milli Şurada təmsil olunan qüvvələr ictimaiyyətə bununla bağlı müraciət etmədilər. Hansı ki, burada insanların sağlamlığından, həyatından söhbət gedir. Əksinə, Milli Şura hər fürsətdə bundan siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Yeri gəldi-gəlmədi, pandemiya ilə bağlı hakimiyyəti tənqid edir. Bu da onu göstərir ki, Milli Şura üçün insanların sağlamlığı yox, öz siyasi maraqları öndədir.

  • “Görünən odur ki, bu adamları dövlət və millət deyil, onlarla bir cərgədə olmayanları qaralamaq…”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bir sıra məqamlara toxundu: “Günümüzün reallığı budur ki, koronavirus pandemiyası hazırda bütün dünya əhalisini təhdid etməkdədir. Bu səbəbdən ölkələr sərhədlərini bağlamaq da daxil olmaqla, bir sıra sərt məhdudiyyətlər tətbiq ediblər. Ölkəmizdə də bununla əlaqədar bir sıra qabaqlayıcı tədbirlər görülüb və qadağalar tətbiq olunub. Biz elə ilk gündən bununla əlaqədar mövqeyimizi bildirərək koronavirusla mübarizənin təkcə hakimiyyətin və ya dövlət strukturlarının üzərinə düşən vəzifə olmadığını bildirdik. Dövlət qurumları bununla bağlı nə qədər birbaşa məsuliyyət daşısalar da, bu qorxunc virusla mübarizənin həm də hər bir vətəndaşın vəzifəsi olmasını bildirmişik. Hesab edirəm ki, bunu nəzərə alaraq cəmiyyətin tərkib hissəsi olan siyasi partiyalar da cəmiyyətin bu istiqamətdə maarifləndirilməsində fəal olmalıdırlar. Ona görə bizim də üzv və tərəfdarlarımıza, həmçinin, ictimaiyyətə qadağaları anlayışla qəbul etməklə əlaqədar müraciətlərimiz olub”.

A.Əlizadənin fikrincə, mövcud vəziyyətdən siyasi məqsədlər üçün istifadə insanlıqdan kənardır: “Təbii ki, özünü “milli” adlandıran qrupun bu məsələ ilə bağlı sərgilədiyi mövqeyi də qınayıram. Son günlərdə bunların toplantılarından yayılan videogörüntülərdə apardıqları qeybət xarakterli müzakirələr, əslində, orada cəmləşənlərin hansı səviyyədə, əxlaqda və düşüncədə olduğunu çılpaqlığı ilə ortaya qoyub. Görünən odur ki, bu adamları dövlət və millət deyil, onlarla bir cərgədə olmayanları qaralamaq, hərəyə bir çamur atmaq, bir sözlə, şəxsi və qrup maraqları daha çox ilgiləndirir”.

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …