Çərşənbə , İyul 8 2020
Ana səhifə / Siyasət / Arzuxan Əlizadə: “Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza diqqəti bir qədər də artırması zəruridir”

Arzuxan Əlizadə: “Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza diqqəti bir qədər də artırması zəruridir”

Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında qarşıdurmanı alovlandırmağa cəhd edən bir neçə qrup və bir sıra vətəndaşlar var. Həmin şəxslər etnik azərbaycanlıların sıx yaşadığı bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı bəyanatda bildirilib.

Sənəddə deyilir ki, həmin insanlar milli zəmində münaqişə yaratmaq məqsədilə Kvemo Kartli və Kaxeti bölgələrində dövlət və hökumətin səlahiyyətlərinə aid olan məsələlərlə məşğul olurlar. Bildirilir ki, bu istiqamətdə yalan və aqressiv çağırışlar yaymaqla bir qrup şəxs etnik gürcü və azərbaycanlı vətəndaşlar arasında gərginlik yaratmağa çalışır, milli şərəf və ləyaqətə xələl gətirən ifadə və hərəkətlərə yol verirlər. Bununla da insan hüquqlarının kobud şəkildə pozulması baş verir. Bir qrup insan vəziyyəti açıq şəkildə elə təqdim etməyə çalışır ki, guya etnik gürcü əhali Gürcüstandakı digər etnik azlıqlardan üstündür. Bu da milli qarşıdurma risqini daha da artırır.

O da məlum lub ki, DTX-nin Dövlət Təhlükəsizliyi Departamenti irqi ayrıseçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə məhdudlaşdırılması, milli zəmində düşmənçilik və diskriminasiya, milli şərəf və ləyaqətin alçaldılması maddələri üzrə istintaqa başlayıb.

Bütün bu deyilənlərin fonunda, sözügedən qarşıdurmada erməni barmağı ola bilərmi?

  • “Gürcüstanda gürcü familiyası daşıyan çoxlu sayda erməninin olduğunu diqqətdən qaçırmaq olmaz”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr əvəzi Arzuxan Əlizadə prinsipcə bunu istisna etmədi: “Əvvəla, azərbaycanlılar Gürcüstanın hazırda Kvemo Kartli adlandırılan Borçalı mahalında, eləcə də Kaxeti və digər bölgələrində, Tbilisi, Rustavi və başqa şəhərlərdə tarixən kompakt şəkildə yaşayıblar. Müstəqilliyimizin ilk illərində, xüsusilə də Qamsaxurdiya dönəmində soydaşlarımıza qarşı etnik zəmində təzyiqlər olduğu və bunun nəticəsi olaraq minlərlə insanımızın öz tarixi yurdlarını tərk etdiyi məlumdur. O zaman Gürcüstanda Şevardnadzenin hakimiyyətə gəlişi və Azərbaycanın dövlət başçısı Heydər Əliyevin müdaxiləsi ilə bu bölgədə vəziyyət stabilləşdi. Növbəti illərdə Azərbaycan Gürcüstana hər sahədə dəstək oldu. Hətta mübaliğəsiz demək olar ki, həmin dövrdə Azərbaycan dövləti tərəfindən edilən iqtisadi yardımlar sayəsində Gürcüstan Respublikası öz müstəqilliyini qoruyub saxlaya və bugünki inkişaf səviyyəsinə çata bildi. Enerji daşıyıcılarının Gürcüstan ərazisi ilə keçməsi sayəsində indi də bu dövlətin iqtisadiyyatı ayaqda qala bilir. Gürcüstana rəhbərlik edən şəxslər də bunu dəfələrlə etiraf ediblər”.

A.Əlizadənin fikrincə, düşmən daim ayaqdadır və bu bölgədə növbəti qaynar nöqtənin yaranmasında maraqlıdır: “Şübhəsiz ki, Azərbaycan və Gürcüstan dövlətləri arasında ötən illər ərzində formalaşmış isti münasibətlərdən erməni tərəfi və digər düşmənlərimiz narahatdır. Gürcüstanda gürcü familiyası daşıyan çoxlu sayda erməninin olduğunu diqqətdən qaçırmaq olmaz. Onlar tərəfindən dəfələrlə müxtəlif problemləri qabartmaqla iki xalqın nümayəndələri arasında etnik zəmində qarşıdurma yaratmaq cəhdləri olub. Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, tarixən bu bölgədə məskunlaşan soydaşlarımızın iqtisadi, siyasi və sosial problemləri də yox deyil. Bütün bunların fonunda Gürcüstan hökuməti həmin ərazilərdə yaşayan azərbaycanlıların problemlərini daima diqqət mərkəzində saxlamalıdır. Azərbaycan dövlətinin də Gürcüstanda yaşayan soydaşlarımıza diqqəti bir qədər də artırması zəruridir. Unutmaq olmaz ki, düşmən daim ayaqdadır və bu bölgədə növbəti qaynar nöqtənin yaranmasında maraqlıdır. Hazırda Ermənistan adlanan ərazidə tarix boyu yaşayan və yaxın keçmişimizdə doğma yurdlarından didərgin salınan soydaşlarımızın acı taleyindən nəticə çıxarmaq lazımdır. Heç bir halda Azərbaycan və gürcü xalqları arasında münasibətlərin korlanmasına rəvac vermək olmaz”.

Həmçinin oxuyun

“Surət Hüseynov QRU-nun adamı, Qraçovun agenti idi” – Rəsul Quliyev

Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynovun Meydan.TV-yə verdiyi son müsahibəsi ətrafında yaranan qalmaqal …