Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Arzuxan Əlizadə: “90-cı illərdə Azərbaycan döyüşü ermənilərə yox, ruslara uduzub”

Arzuxan Əlizadə: “90-cı illərdə Azərbaycan döyüşü ermənilərə yox, ruslara uduzub”

Ermənistan Prezidenti Armen Sarkisyan bəyan edib ki, ölkəsi təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzub.

O bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi hazırlıq olmayıb: “1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən, Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 mindən bir qədər çox idi, 26 ildən sonra yenə 100 min və ya 130 mindir. Biz bu demoqrafik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşaya bilərdi. Hansı şəkildə bunu edə bilərdik? – müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi”.

Sarkisyan, həmçinin, qeyd edib ki, diplomatik nümayəndəliklər 3-4 dəfə daha artıq maliyyə almalı idi: “Azərbaycan isə öz diplomatiyasını gücləndirmək üçün hər şeyi etdi”.

A.Sarkisyan erməni mediasını tənqid edərək Ermənistanın informasiya cəbhəsində də məğlub olduğunu etiraf edib. Prezident qeyd edib ki, bu sahədə də Azərbaycandan geri qalırlar. O, erməni mediasının “Facebook”dan “kopipast”dan başqa bir iş görmədiyini bildirib.

Göründüyü kimi, Ermənistan Prezidenti 4 sahədə Azərbaycana məğlub olduqlarını etiraf edib.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Ermənistan Prezidentinin etirafı reallığı əks etdirir: “Məsələ ondadır ki, 1994-cü ilin mayında atəşkəs imzalanandan sonra Ermənistanda böyük arxayınçılıq yarandı. Onlar hesab edirdilər ki, əldə etdikləri üstünlüyü heç vaxt Azərbaycan onların əlindən ala bilməz. Çünki ermənilər nəinki Dağlıq Qarabağı, ətraf 7 rayonu da işğal etmişdilər. Üstəlik, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin məcburi icrası mexanizmi işləmirdi, erməni lobbisi və s. amillər qarşı tərəfdə arxayınçılıq sindromu yaratmışdı. Bunlar anlamaq belə istəmirdilər ki, 90-cı illərdə Azərbaycan döyüşü ermənilərə yox, ruslara uduzub. O zaman Rusiyanın hərbi-siyasi rəhbərliyinin bilavasitə yardımı ilə torpaqlarımız işğal edildi. Armen Sarkisyanın cəsarəti varsa, bu amili də etiraf etsin. Bütün bu çətinliklərə rəğmən, biz ermənilərin xeyrinə olan reallıqları zamanla dəyişdik. Bütün aparıcı beynəlxalq qurumlar, böyük dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Bu, bir sıra qərar və qətnamələrdə öz əksini tapdı. Ermənistan de-fakto işğal etdiyi əraziləri de-yureləşdirə bilmədi. Ermənistan ərazilərimizi işğal etsə də, bu ölkədən miqrasiya dayanmadı, daha da artdı. Azərbaycanın isə 1 milyon qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, əhalinin təbii artımı azalmadı, əksinə, artdı. Beynəlxalq miqyasda erməni yalanlarının, törətdikləri vəhşiliklərin ifşa edilməsi ilə bağlı böyük işlər görüldü. Dünyaya bəlli oldu ki, ermənilər heç də onların təbliğ etdikləri kimi əzabkeş xalq yox, qəddar və işğalçı toplumdurlar”.

Partiya sədrinin fikrincə, bütün bunlar, nəticə etibarilə, Azərbaycanın uğur qazanmasına gətirib çıxardı.

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …