Çərşənbə , May 25 2022
Ana səhifə / Siyasət / Arzu Rəhimovun kantorunda BÜROKRATİYA…

Arzu Rəhimovun kantorunda BÜROKRATİYA…

“Ehtimal edirəm ki, təxminən 1000 nəfərdən çox vətəndaşın bu əngəl səbəbindən təhsil almaq hüququ pozulacaq”.

Bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin abituriyentlər üçün yaratdığı çətinlikləri dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, uzun illərdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti abituriyentlərə bürokratik əngəl yaradır. Bu əngəl ondan ibarətdir ki, hər il avqust ayının 1-dək 18 yaşı tamam olan şəxslər ali və orta ixtisas təhsil müəssisələrinə qəbulda iştirak edə bilmirlər. Bu maneə daha çox əvvəlki illərin oğlan məzunlarına yaranır:

“Ölkə qanunvericiliyinə əsasən, 18 yaşı tamam olmuş hər bir kişi cinsinə mənsub vətəndaş həqiqi hərbi xidmət keçməlidir və o, çağırışçı hesab olunur. Amma nəzərə alsaq ki, vətəndaş ali təhsil almaq istəyir və bu istək də onun konstitusiya ilə təsdiq olunmuş haqqıdır, o zaman bu məsələnin həlli üzrə düzgün mexanizm tətbiq etmək lazım gəlir.

Qeyd edim ki, Dövlət İmtahan Mərkəzi hər il istər cari, istərsə də əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulu aparır. Bu proses 1 avqustadək aparıldığı üçün və qəbul nəticələri avqustda, ən geci isə (fors-major hallara görə) sentyabr ayında açıqlanır. Bu isə o deməkdir ki, burada məsul qurum Dövlət İmtahan Mərkəzi deyil. Elektron Hökümət Portalı vətəndaşın müraciətini qeydə ala bilmir, çünki vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeyd olunan tarixədək çağırışçı siyahısındadır.

Hər il təxminən 15-20 min aralığında əvvəlki illərin məzunu ali və orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulunda iştirak edir. Baxmayaraq ki, hər il artırılan plan yerlərinə görə son 16 ildə bu say kəskin şəkildə azalıb.

Onların təxminən 8-9 min nəfəri kişi cinsi mənsublarıdır. Bir qədər də təsnifatlaşdırsaq, o zaman 8-9 min əvvəlki illərin kişi cinsli məzunlarının içində təxminən 2 min nəfər çağırışçı siyahısına düşür. 2 min vətəndaşın iyulda deyil, oktyabrda həqiq hərbi xidmətə getməsində o qədər də böyük problem olmamalıdır. Bu məsələni təcili tənzimləmək lazımdır.

Bu əngəl birbaşa korrupsiyaya yol açan faktdır. Belə ki, bəzi şəxslər bu süni baryeri aşmaq üçün adı keçən qurumun yerli idarəetmə orqanına müəyyən məbləğdə rüşvət verərək məsələnin həll edirlər. Ona görə də yaxşı olar ki, məsələ şəffaf formada aiddiyatı orqanlar tərəfindən tənzimlənsin.

Nəhayət, 17.03.2022-ci il saat 23:59-da (əlavə vaxtı nəzərə alsaq 18:03.2022-ci il saat 10:00) ali və orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulu başa çatacaq. Nəticə olaraq ehtimal edirəm ki, təxminən 1000 nəfərdən çox vətəndaşın bu əngəl səbəbindən təhsil almaq hüququ pozulacaq”.

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …