Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / ““Arxalı köpək” üzərində tam və qəti qələbə çalmaq üçün əlimizdən gələni əsirgəməməliyik”

““Arxalı köpək” üzərində tam və qəti qələbə çalmaq üçün əlimizdən gələni əsirgəməməliyik”

Azad Demokratlar Partiyasının sədri, istiqlalçı millət vəkili Sülhəddin Əkbər Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib. 

Təbrikdə deyilir:

Əziz həmvətənlər və soydaşlar!

Hörmətli xanımlar və bəylər!

Koronavirus pandemiyası ilə, arxalı və azğın düşmənlə, eyni zamanda digər sahələrdəki çoxsaylı problemlərlə mübarizə apardığımız çox mürəkkəb və çətin bir ili – 2020-ci ili qarışıq hisslərlə başa vurmaqdayıq.

Çünki bir tərəfdən, bütün çətinliklərə baxmayaraq, şanlı ordumuzun 44 gün ərzində əldə etdiyi hərbi qələbə – uzun illər ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın böyük hissəsinin işğaldan azad olunması bizi çox sevindirir, digər tərəfdən verdiyimiz çoxsaylı şəhidlər, onlarla nə qədər qürur duysaq da, bizi kədərləndirir. Üstəlik, neoimperialist Putin Rusiyasının gözlənilən sərt hərbi təzyiqi, təhdidi və nəhayət, müdaxiləsilə düşmən üzərində tam və qəti hərbi qələbə çalmağımızın qarşısının alınması, işğalçı rus ordusunun 27 ildən sonra “sülhməramlı” adı altında yenidən Azərbaycana geri dönməsi və bu geopolitik problemin yeni müstəviyə keçirilməsi bizi dərindən məyus edir.

Lakin gələcəyə inamımızı qətiyyən itirməməli, əksinə daha inamla irəliləməli və unutmamalıyıq ki, hər bir böhran özü ilə bərabər yeni fürsət və imkanlar da gətirir.

İnanıram ki, 44 günlük Vətən müharibəsi dövründə yüksək milli şüur, həmrəylik və birlik nümayiş etdirən millətimiz, eyni zamanda dövlətimiz ortaya çıxan bu fürsət və imkandan, yaranmış nisbi əlverişli geopolitik şəraitdən müdrikcəsinə istifadə edəcək, öz təbii və potensial müttəfiqlərilə birgə hərəkət edərək, ağır yaralı buraxılmış azğın düşmənin və arxasındakı dost olmayan (əslində düşmən olan) güclərin revanş götürmək niyyətlərini qursaqlarında qoyacaqdır.

Əziz həmvətənlər və soydaşlar!

Hörmətli xanımlar və bəylər!

Belə məsuliyyətli bir dövrdə bundan da çətin olacağı gözlənilən yeni ilə – 2021-ci ilə qədəm qoymaq ərəfəsindəyik. Yaranmış mövcud durum və onun gözlənilən inkişaf perspektivləri bizdən həmişə olduğundan daha çox həmrəy və bir olmağı, millət və dövlət olaraq müdrik davranmağı, ortaya çıxan fürsət və imkanlardan, yaranmış nisbi əlverişli geopolitik şəraitdən müdrikcəsinə istifadə etməyi, başda qardaş Türkiyə olmaqla, təbii və potensial müttəfiqlərimizlə birgə hərəkət etməyi, münasibətlərimizin potensialını tam açmağı və ondan maksimal səviyyədə istifadə etməyi tələb edir. 

Əziz həmvətənlər və soydaşlar!

Hörmətli xanımlar və bəylər!

Həyat öz təbii axarı ilə davam edir… Biz də şəhidlərimizn çiyinlərimizə qoyduğu ağır, eyni zamanda şərəfli və məsuliyyətli mənəvi yüklə yolumuza davam etməli, özü də daha inamla, qürurla davam etməli, azğın düşmən – “arxalı köpək” üzərində tam və qəti qələbə çalmaq üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Bu anlamda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü daha aktual və yüksək məna kəsb edir. Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibətilə təbrik edir, cansağlığı, uzun ömür, ailə səadəti, rifah və xoşbəxtlik arzulayıram. Yeni ilin Sizin, ailəniz, millətimiz və dövlətimiz üçün xeyirli və uğurlu olmasını diləyirəm.

Tanrı Sizi, millətimizi və dövlətimizi qorusun. Amin.

Həmçinin oxuyun

Elman Nəsirov-Əli Əliyev debatı: Övladın müharibəyə niyə getməyib? — VİDEO

Bu gün Müsavat TV-nin canlı yayımında debata çıxan millət vəkili Elman Nəsirovla VİP sədri Əli …