Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Siyasət / “Artıq Abbas Abbasovların, Söyün Sadıqovların qatarı çoxdan gedib”

“Artıq Abbas Abbasovların, Söyün Sadıqovların qatarı çoxdan gedib”

Mirkazım Seyidov: “Üstündən neçə il keçməsinə baxmayaraq, bu gün həmin adamların adı yenə diasporumuzun adına xələl gətirən mövzularda hallanır” img Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. S.Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar. Keçmiş diaspor rəhbəri şəhərdəki kafelərin birində hadisə zamanı saxlanıb. Sadıqov Söyün Qasım oğlu 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1980-1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. S.Sadıqov 1981-ci ildən Moskvanın “Qlavmosremont” tikinti şirkətində çalışıb. 1986-cı ildən “Mosrekonstruksiya” şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub. 1994-cü ildə “Fəxri memar” adına layiq görülüb. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. 2002-ci ildə “AzerRos”un prezidenti seçilib. 2012 -2018-ci illərdə Rusiya Prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub. O, 2012-ci ildə Moskvada bir qrup azərbaycanlı oliqarxın birləşdiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (“Milyarderlər ittifaqı”) təsisçilərindən biri olub. Rəsmi Bakıya qarşı zaman-zaman sərt mövqeyi ilə seçilib. S.Sadıqovun həbsi ilə bağlı başqa versiyalar da səsləndirilir. Bildirilir ki, onun həbsinin kökündə Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, hazırda isə Rusiyada yaşayan Abbas Abbasovla olan münaqişə də dura bilər. Hər hansı səbəbdən həbs edilməyindən asılı olmayaraq, bu cür adamların adı Azərbaycan diasporu ilə bağlıdır. Məhz bu cür adamların diasporda üstün mövqeyə sahib olmasının nəticəsidir ki, faktiki olaraq, Rusiya kimi ölkədə diasporumuz başsız qalıb. Ümumrusiya Azərbaycanlıları Konqresi kimi bir qurumun qeydiyyatı ləğv edilib. S.Sadıqov kimi adamlar isə Rusiyada öz həmyerlilərimiz arasında intriqa toxumu səpməklə məşğul olublar. Hazırda onun etdiyi əməl isə göz qabağındadır. Bu cür əməllər ümumən Azərbaycan diasporunun adına xələl gətirir və düşmənimiz olan ermənilərin əlinə təbliğat üçün ciddi əsas vermiş olur. Belə reputasiyada olan adamlar necə olub ki, diasporumuzda üstün mövqelərə sahib çıxıblar və onların bu tip kriminal məsələlərdə adlarının hallanmasının bizə nə kimi ziyanı var? Rusiyada fəaliyyət göstərən Azərbaycanlıların Regionlararası Birlik Assosiasiyasının rəhbəri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, S.Sadıqovun belə bir aqibətlə üzləşəcəyi gözlənilən idi: “S.Sadıqov Azərbaycan dövlətinə qarşı istifadə olunan bir adam olub. Rusiyada hazırda diaspor sahəsindəki vəziyyət heç də ürəkaçan deyil. ÜAK da bağlanandan sonra vəziyyət lap pisləşib. Məhz S.Sadıqov kimi adamların diasporda söz sahibinə çevrilməsinin nəticəsidir ki, bu gün Rusiyadakı Azərbaycan diaspor təşkilatlarında tayfa, qəbilə prinsipləri dominantlıq edir. Diaspor sahəsində müxtəlif qruplar var. Onlardan bəziləri görüntü yaradıb, özlərini lider kimi göstərirlər. Bəlli olur ki, bu fəallığın kökündə diaspordan qalxan kimi istifadə edib, öz biznesini qorumaq maraqları dayanır. Digər bir qrup isə siyasi dairələrin əlində istifadə üçün yararlı vəziyyətə gətirilir. S.Sadıqovun fəaliyyət sferası isə bir qədər fərqli olub. Onlar Rusiyadakı bütün diaspor qurumları ilə yaxından əməkdaşlıq edib, hamıyla yaxın münasibət yaradıblar. Ancaq arxa planda isə Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər. Əsas məqsədləri isə, nəyin bahasına olursa-olsun, diasporumuzu parçalamaqdan ibarət olub. Biz S.Sadıqovu bu tip insan kimi tanımışıq. O tutulduğuna görə bunları demirəm. Yadınızdadırsa, hələ “Milyarderlər ittifaqı” yaradılanda da məhz sizin qəzet vasitəsilə bu sözləri demişəm. Elə orada A.Abbasov və S.Sadıqovun hansı işlərlə məşğul olduğuna dair geniş açıqlama vermişəm. Üstündən neçə il keçməsinə baxmayaraq, bu gün həmin adamların adı yenə diasporumuzun adına xələl gətirən mövzularda hallanır. Etiraf edək ki, onlar bu cür üstün mövqeyə məhz Rusiyanın müəyyən dairələrinin dəstəyilə gəlib çıxa bilirlər. Hesab edirəm ki, bu cür elementlərin adını tamamilə diaspor hərəkatından silməliyik. Təəssüf hissilə demək istəyirəm ki, Rusiyada Azərbaycanda yaşayan azsaylı xalqların adı ilə də ciddi manipulyasiyalar olunur. Onların adı ilə yaradılan diaspor təşkilatları Azərbaycan əleyhinə aktiv fəaliyyət göstərirlər. Bir daha qeyd edirəm ki, artıq Rusiyada diasporla ciddi işləməyin tam zamanıdır. Orada üçüncü nəsil azərbaycanlılar yetişir. Biz əsasən onlarla işləməyə üstünlük verməliyik. Artıq A.Abbasovların, S.Sadıqovların qatarı çoxdan gedib”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Onlar Qarabağ danışıqlarını oyuncağa döndəriblər”

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşündən sonra tərəflər arasında humanitar sahədə əməkdaşlığın həyata keçriilməsi …