Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / Araz Əlizadə: “Zelenski havalanıb”

Araz Əlizadə: “Zelenski havalanıb”

“Deyəsən, Zelenski havalanıb, nə etdiyini, nə danışdığını bilmir”.

Bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyə ilə bağlı iradlarına münasibət bildirərkən deyib.

Partiya sədri Ukrayna liderini qınayaraq, onun yanlış mövqe tutduğunu söyləyib:

“Zelenski havalanıb, elə bilir ki, hamı onun sözü ilə oturub durmalıdır. Almaniyaya göstəriş verirdi. İndi də keçib Ərdoğana göstəriş verməyə. Başa düşmür ki, cılız siyasətçidir, öz ölkəsini uçuruma aparır”.

A.Əlizadənin sözlərinə görə, Zelenski Ərdoğana minnətdar olmalıdır:

“Ərdoğan ona kömək etməyə çalışır. İstəyir ki, Ukraynanın mövcudluğunu qorusun, onlara kömək etsin. Zelenski isə bunun əvəzində Ərdoğanı tənqid edir. Eyni zamanda Almaniyaya hədə-qorxu gəlir. Bu adam sadəcə olaraq nə etdiyini anlamır”, – deyən partiya sədri Ukraynadakı müharibədə Rusiyanın mövqeyini dəstəklədiyini və Zelenskiyə qarşı olduğunu bir daha xatırladıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı turistləri qəbul etdiyinə görə Türkiyə rəhbərliyini qınayıb. O, Yunanıstan mediasında müsahibəsində deyib: “Türkiyə bir tərəfdən vasitəçi rolunu üzərinə götürüb və ölkəmi dəstəkləyir, digər tərəfdən isə Rusiyadan gələcək turistlər üçün hazırlıqlara başlayıb. Prezident kimi söyləməliyəm ki, dost münasibətlərə sahib olmaq istəyiriksə, belə şeylər olmamalıdır. Bu, doğru deyil və ikili standartdır. Düşünürəm ki, Türkiyə bir seçim etməlidir”.

Zelenskinin bu açıqlamasından sonra bəzi siyasətçilər onu tənqid atəşinə tutublar. Digər tərəfdən Ukrayna-Türkiyə münasibətlərinin hansı məcrada inkişaf edəcəyi əsas müzakirə mövzusuna çevrilib. İddia olunur ki, Ukrayna liderinin qərəzli yanaşması Ankaranı Kiyevlə münasibətlərə yenidən baxmağa məcbur edəcək. Modern.az

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …