Ana səhifə / Siyasət / Anar Məmmədli ilə bağlı hakimiyyətə çağırış edildi

Anar Məmmədli ilə bağlı hakimiyyətə çağırış edildi

Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbər Anar Məmmədlini və digər siyasi məhbusları azad etməyə çağırıb.

Observatoriyaya daxil olan 30 vətəndaş cəmiyyəti təşkilatının imzaladığı müraciətdə Azərbaycan hakimiyyətinə Anar Məmmədliyə qarşı bütün ittihamları ləğv etmək, ölkədə müstəqil səslərin təqibinə son qoymaq və bütün siyasi məhbusları qeyd-şərtsiz azad etmək çağırışı yer alır.

“Turan”ın yazdığına görə, müraciət müəllifləri cəmiyyətdə qanuni rolunu yerinə yetirən müstəqil vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin hüquqlarına hörmət etməyi və qorumağı tələb edirlər.

Eyni zamanda, bəyanatda BMT və Avropa Şurasına, habelə Avropa İttifaqı institutlarına və bütün “həmfikir dövlətlərə” qarşıda duran COP29 iqlim konfransının Bakıda keçirilməsindən tənqidi səslərin təqibinə son qoyulması məqsədilə Azərbaycan hakimiyyətinə təzyiq kimi istifadə etmək çağırışı yer alır.

Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya

Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Observatoriya İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (İƏÜT) və Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FIDH) birgə layihəsidir.

Anar Məmmədli aprelin 29-da Bakıda saxlanılıb.

Daha sonra onun özünün və atasının evində axtarış aparılıb.

Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son 6 ayda ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

Onların arasında korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), “Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, “meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri var.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Həmçinin oxuyun

Fərəc Quliyev: “Partiyam seçkilərə qatılacaq, özüm isə…”

Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək. Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri …