Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / AMİP Mərkəzi Şura sədrindən Mehriban xanıma açıq məktub: “İnternetin verilməsindəki məhdudiyyətlərə son qoyulsun”

AMİP Mərkəzi Şura sədrindən Mehriban xanıma açıq məktub: “İnternetin verilməsindəki məhdudiyyətlərə son qoyulsun”

Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti

Mehriban xanım Əliyevaya

Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının sədri

Rəşad Bayramov tərəfindən

Açıq məktub

Hörmətli Mehriban xanım!

İlk olaraq bildirim ki, Sizin 05.10.2020-ci il tarixli müraciətinizdə səsləndirdiyiniz fikirlərləri sonacan bölüşürəm. Bu gün doğrudan da Azərbaycan Ordusu şanlı tarix yazır və bizlər də hər birimiz bu tarixi hadisələrin şahidləriyik. Sizin də qeyd etdiyiniz kimi bu müqəddəs savaşda bizlərin hər biri Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlindən gələni etməyə borcludur. 

Müasir dünyada qələbələr təkcə savaş meydanında deyil, eyni zamanda informasiya meydanında aparılan mücadilə hesabına əldə edilir. Ermənilərin və onların havadarlarının müxtəlif platformalarda apardıqları təbliğat, yaydıqları feyk xəbərlər beynəlxalq aləmdə Azərbaycan və apardığımız haqq davası ilə bağlı yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. Belə bir dönəmdə Sizin də qeyd etdiyiniz kimi bizlərin hər biri erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borcludur.

Elə bu səbəbdəndir ki, Azərbaycan Milli İstiqlal Partiyası olaraq hələ iyul hadisələrindən dərhal sonra üzv olduğumuz beynəlxalq təşkilatlarda erməni təcavüzünü ifşa etmək və Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün geniş fəaliyyətin həyata keçirilməsinə başlamışıq. Məlumat üçün bildirim ki, həmin hadisələrlə bağlı AMİP Lideri, Beynəlxalq Demokrat İttifaqının vitse prezidenti Etibar Məmmədov tərəfindən erməni təcavüzünü və Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün Beynəlxalq Demokrat İttifaqına müraciət ünvanlanmış və həmin müraciət qurumun icraçı toplantısında işçi sənədi kimi qəbul olunaraq 80-dən artıq ölkənin 100-dən çox siyasi partiyasına göndərilmişdir.

Bunun ardınca partiya tərəfindən Rusiyadan Ermənistana silah çatdırılmasında vasitəçilik etmiş Qazaxıstan, Türkmənistan, İran səfirliklərinə müvafiq etiraz məktubları ünvanlanmış, Gürcüstanda müttəfiqimiz olan M. Saakaşvilinin rəhbəri olduğu Milli Birlik Hərəkatı partiyasına məsələni öz parlametlərində qaldırmaq üçün müraciət edilmişdir.

27 sentyabr tarixindən etibarən isə AMİP Sədri Arzuxan Əlizadənin imzası ilə Partiyamız tərəfindən BDİ rəbərliyinə, Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının rəhbərliyinə və Siyasi Assambleyasına, həmçinin, ayrıca olaraq əməkdaşlıq etdiyimiz və öz ölkələrində hakimiyyətdə olan dünyanın bir sıra aparıcı siyasi partiyalarına erməni təcavüzü, mülki insanımızın hədəf alınması və bütövlükdə haqq davamızla bağlı müraciətlər ünvanlanmış, müxtəlif səviyyəli beynəlxalq qurumlarda ermənilərin feyk məlumatları əsasında Azərbaycan əleyhinə olan bu və ya digər bəyanatların qarşısı alınmışdır. 

Lakin onu da xüsusi olaraq bildirmək istəyirəm ki, bu sadaladıqlarım AMİP olaraq görə biləcəyimizin ancaq bir qismidir. Belə ki, müasir dünya sosial şəbəkələrin imkanlarından istifadəni özündə ehtiva etdiyi üçün, Azərbaycanda isə bütün sosial şəbəkələr hazırda məhdudlaşdırıldığı səbəbindən faktiki olaraq daha geniş təbliğat imkanlarımız da məhdudlaşdırılıb. Hətta Sizin sosial şəbəkə vasitəsilə ünvanladığınız müvafiq müraciətinizlə belə yalnız televiziya və elektron KİV vasitəsilə tanış ola bilmişik. Hazırda Azərbaycanda olan sosial şəbəkə istifadəçilərinin yalnız kiçik bir qismi “VPN” proqramlarının köməyindən istifadə edərək sosial şəbəkələrə daxil ola bilir ki, bu da böyük çətinliklər hesabına başa gəlir. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hər gün televiziya və KİV-də verdiyi məlumatlarda isə “VPN” proqramının təhlükəli olduğu və proqram istifadəçilərinin məlumatlarının oğurlanmasına gətirib çıxaracağı bildirilir. Başqa sözlə az sayda olan sosial şəbəkə istifadəçilərimiz də müvafiq xəbərdarlığı əsas tutaraq proqramın imkanlarından istifadə etməməyi və faktiki olaraq sosial şəbəkə platformalarından uzaq qalmağı üstün tuturlar.

Digər bir tərəfdən isə çox təəssüf ki, internetin məhdudlaşdırılması təkcə sosial şəbəkələri (“Instagram”, “Facebook”, “Facebook Messenger”, “WhatsApp”, “YouTube” və s.) əhatə etmir, eyni zamanda internetin özünün verilməsində də problemlər yaşanır. Başqa sözlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təkcə sosial şəbəkələr deyil, internetin özünün verilməsi də məhdudlaşdırma ilə həyata keçirilir ki, bu da erməni təbliğatının və feyk məlumatların qarşısının alınmasında çətinliklər yaradır.

Sizə müraciət edərək təklif edirəm ki, səlahiyyətlərinizdən istifadə edərək vətəndaşlarımızın sosial şəbəkələrə girişinin bərpa olunması üçün müvafiq göstərişlər verəsiniz. Müharibə vəziyyətində Sizin də qeyd etdiyiniz kimi informasiya savaşının əhəmiyyətini vurğulayaraq və əleyhimizə işləyə biləcək məlumatların sosial şəbəkələrdə yayılmasının yolverilməz olduğunu bilərək təklif edirəm ki, müvafiq İp (aypi) ünvanların nəzarətdə saxlanılması, eləcə də televiziya və KİV-də rəsmi dövlət qurumlarının məlumatları istisna olmaqla Qarabağ savaşı ilə bağlı məlumatların paylaşılmasının hüquqi məsuliyyət daşıması ilə bağlı təbliğat aparılması yolu ilə sosial şəbəkələrə qoyulan qadağalar aradan qaldırılsın və internetin verilməsindəki məhdudiyyətlərə son qoyulsun.

Hörmətlə, Rəşad Bayramov.

AMİP Mərkəzi Şura sədri

Həmçinin oxuyun

Ermənistan bu yaşlı əsirlərə də sahib çıxmır (FOTO)

Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əsir …