Ana səhifə / Siyasət / AMEA-nın 100 manat qərarına etirazlar

AMEA-nın 100 manat qərarına etirazlar

Ekspertlər kitabxanadan istifadə xidmətinin dəfələrlə bahalaşdırılmasını əsassız və elm üçün ziyanlı hesab edirlər

 
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 2017-ci il üçün açıqladığı xidmətlərin qiymət cədvəli mətbuatda ciddi rezonans doğurub. Buna səbəb kitabxanadan AMEA üzvü olmayan vətəndaşlar üçün nəzərdə tutulan illik oxucu kartının qiymətinin fantastik dərəcədə artırılmasıdır. 
Belə ki, ötən illərdə bu kart üçün ödəniləcək məbləğ 5 manat olduğu halda, bu ildən etibarən qiymət 20 dəfə qaldırılaraq 100 manat nəzərdə tutulub. Aylıq oxucu kartının qiyməti isə 10 manatdır. 75 yaşdan yuxarı vətəndaşlar, Qarabağ əlilləri, AMEA magistrlərindən ötrü isə oxucu kartlarının hazırlanması pulsuzdur. AMEA əməkdaşları isə bundan ötrü 5 manat ödəməlidirlər.
AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Göyüşlü məsələ ilə bağlı qafqazinfo-ya açıqlama verib. Şöbə müdiri qiymət artımının səbəbini kitabxananın mühafizə sisteminin gücləndirilməsi ilə izah edib. O bildirib ki, mühafizə məqsədilə binaya yeni işçi qüvvəsi cəlb edilməlidir.
Image result for Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev
 
Kitabxanaya giriş qiymətlərinin bu qədər yüksək olmasına elm adamlarından və ictimaiyyət nümayəndələrindən etiraz gəlib. “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi ki, əslində bütün alimlər üçün kitabxanalara giriş ödənişsiz olmalıdır: “Ola bilsin ki, dünyanın başqa ölkələrində böyük kitabxanalara, çox zəngin fondu olan kitabxanalara giriş ödənişli ola bilər. Lakin bu, çox böyük məbləğ deyil, kiçik məbləğlər  ödəməklə kitabxanalara daxil olmaq mümkündür. Ümumiyyətlə, soruşmaq lazımdır ki, son illər AMEA-nın kitabxanası kitab alıbmı və ya kitablar yenilənirmi? Və ya həmin kitablardan evdə istifadə üçün şərait yaradılırmı? AMEA-nın kitabxanasında bu cür xidmətlər mövcud deyil. Azərbaycanda alimlərin əmək haqqı həddindən artıq aşağı olduğu üçün onların böyük kəsimi kitab üçün bu qədər pul ödəmək iqtidarında deyillər. Bu qərar əslində oxucu kütləsinin böyük bir hissəsini azalda bilər. Bu da elmi tədqiqatların genişlənməsinə, informasiyaların əldə olunmasına, eyni zamanda ədəbiyyatlarla tanışlığa əngəl törədə bilən bir amildir. Hesab edirəm ki, bu qərar doğru deyil. Əksinə, bu gün kitabxanaların qapıları həm alimlərin , həm də geniş oxucu kütləsinin üzünə açıq olmalıdır. Onsuz da ölkədə oxucu sayı çox aşağı düşüb, bu alimlərin sırasında da özünü  göstərir. Mən yenə də qeyd edirəm ki, bu düşünülməmiş bir addımdır. Akademiya bu yolla öz büdcəsində hansısa kəsirləri doldurmağa çalışacaqsa, bu vasitə ilə olmamalıdır”.
Image result for Tarixçi alim Nəsiman Yaqublu
Tarixçi alim Nəsiman Yaqublu da bu məbləğin həddindən artıq yüksək olduğunu bildirdi: “Mən bunu yaxşı hal hesab etmirəm.  Çünki Azərbaycanda elm sahəsində çalışanların əmək haqqı o qədər yüksək deyil ki, onlar 100 manat ödəyib kart açdırsınlar və oradan istifadə etsinlər. Bəzi xarici ölkələrin kitabxanasında da ödəniş tələb olunur. Məsələn, mən bu il yayı Almaniyada çalışdım, Frankfurt kitabxanasından bir illik istifadə haqqı 18 avrodur. Ancaq bir məsələ də var ki, orada yaşayanların əmək haqqı bizimlə müqayisədə dəfələrlə yüksəkdir. Azərbaycanda isə 100 manat elmi işçinin oradan faydalanması üçün çox böyük məbləğdir. Mən giriş üçün hansısa vəsaitin ödənilməsini istisna etmirəm. Pullu giriş olmalıdır, ancaq bu qədər yüksək məbləğdə olmamalıdır. Biz elmdən faydalanan insanlara dəstək olmalıyıq, köməklik göstərməliyik. Çünki ölkəmizdə elmlə maraqlanan, araşdırma, tədqiqat aparan insanların sayı azalır. Olanların da qədrini bilmək lazımdır. Onların imkanı o qədər çox deyil ki, kitabxanaya görməyə görə 100 manat versin. Müəyyən bir məbləğ olmalıdır, ancaq bu qədər yüksək olmamalıdır”.
Qeyd edək ki, ölkədə pulsuz kitabxanalar da var. Belə kitabxanalardan biri də  M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının həyətində Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana”dır. Yay aylarında açıq havada fəaliyyət göstərən bu kitabxana qış olduğu üçün fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Hazırda digər məhsullar kimi, kitabların da qiyməti durmadan artdığı üçün ölkədə onsuz da zəif olan oxucu təbəqəsi də yoxa çıxır. Kitabxanaların giriş haqlarının bu dərəcədə qaldırılması da bu sahəyə dəstəkdən daha çox vurulan zərbədir.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın