Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / “AMAY Abdulla evlərimizi versin…”

“AMAY Abdulla evlərimizi versin…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmədə iki nəfər zərərçəkmiş şəxs qismində dindirildi.

Zərərçəkən şəxs qismində məhkəmədə ifadə verən Səmayə Məmmədova 12 il əvvəl “Xudafərin” MMC-dən ev aldığını, amma mənzilinin bu günə kimi də tam hazır olmadığını dedi.

Vəkillərlə sual-cavab zamanı o da bəlli oldu ki, S.Məmmədova zərərçəkmiş şəxs qismində tanınsa da istintaq zamanı heç bir ifadə verməyib. Həmin ərəfədə həyat yoldaşı rəhmətə getdiyindən prokurorluqda özü deyil, oğlu Murad Fərəcov ifadə verib. Amma o, istintaq tərəfindən zərərçəkənlər siyahısına daxil edilib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Mehman Qədimovun dindirilməsi zamanı da müəyyən edildi ki, istintaq zamanı M.Qədimovu dindirsələr də zərərçəkmiş şəxs kimi həyat yoldaşı Ülviyyə Qədimova tanınıb.

Vəkil Osman Kazımov bunu ciddi hüquq pozuntusu kimi qiymətləndirdi. Onu da qeyd edək ki, hər iki şəxs A.Abdullayevdən mənzillərinin təhvil verilməsini tələb edir.

Bununla da məhkəmə prosesi aprelin 23-nə kimi təxirə salındı.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …

Bir cavab yazın