Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “AMAY Abdulla”: “Bunlar dələduzdur…”

“AMAY Abdulla”: “Bunlar dələduzdur…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesdə Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşı Emin Nəzərov ifadə verib və 3 milyon 986 min 863 manat məbləğin “Birlikbank”dan tələb olunduğunu bildirib.

Şahidin ifadəsi  A.Abdullayevin etirazına səbəb olub: “Bunlara dələduzluqla bağlı ittiham irəli sürülməlidir, vəzifələrindən də sui-istifadə ediblər. Əgər bu ittiham mənə qarşı qaldırılıbsa, onlara qarşı da qaldırılmalıdır. “Birlikbank” tərəfindən həmin sənədlərə “Birlikbank”ın İdarə Heyətinin sədri olmuş Səriyyə Səmədova imza atıb. Orada mənim adım yoxdur. Bu, qərəzdən, qəsdən, yoxsa bilməməzlikdən irəli gəlir?”

Şahid isə “Birlikbank”ın qalıq borcu olduğuna görə müraciət olunduğunu dedi.

A.Abdullayevin cavabı belə oldu: “Bu boyda danışıram, məni eşitmirlər. Eyni məbləğ birinci dəfə girovlarla ödənilib, ikinci dəfə hımin vəsait nağd pulla mənə ödətdirilib. Amma 16 aydır ki, içəridə otururam. İndi təkrar 520 min manat da əlavə tələb edirlər. O əmlakların hamısı bunların tələbi ilə təhvil alınıb”.

A.Abdullayev 2 aya yaxındır ki, məhkəmənin uzadılmasına narazılığını bildirdi: “Nə baş verir? İki aydır ki, məhkəmə təxirə salınır. Cənab hakim, kifayət qədər təcrübəniz var. Mən heç cinayətkara oxşayıram? Mənim kimi adamın cinayət törətməsinə dəyərmi? Birdəfəlik hökmü oxuyun”.

Məhkəmə prosesi avqustun 3-də davam etdiriləcək.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın