Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Allahşükür Paşazadənin Həcc üçün qiymət təyin etməsi “Quran”a zidddir”

“Allahşükür Paşazadənin Həcc üçün qiymət təyin etməsi “Quran”a zidddir”

Sərdar Cəlaloğlu: “Azərbaycanda Həccə gedənlərin əksəriyyəti çirkli yollarla qazanc əldə edənlərdir”
Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün bu il Azərbaycana ümumilikdə 2400 zəvvar yeri ayırıb.

Dünyada, eləcə də ölkəmizdəki iqtisadi durumla əlaqədar bu il ziyarət qiymətləri artırılıb. Bundan əlavə, əvvəlki illərdən fərqli olaraq, bu il ödənişlər dollarla qəbul olunub.

2012-ci ildə VİP xidmətlərlə Həcc ziyarəti 3850 manat, adi xidmətlər isə 3090 manat təşkil edib. Son iki ildə nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalmaq istəyən zəvvarlar 3250 manat, daha yaxşı şəraitli və yeməkləri çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar isə 4100 manat ödəməli olublar.

2015-ci ildə isə məlum olduğu kimi, Həcc ziyarəti VİP xidmətlərlə 5750,  adi xidmətlərlə isə 4700 dollar olub. Sadalanan rəqəmlər kifayət qədər böyükdür.

Həcc ziyarətinin təşkilatçısı, Azərbaycanda dini maraqlara xidmət edən Qafqaz Müsəlmanları İdarəsi hansı səbəbdən daha çox insanın ziyarətə getməsi üçün güzəştlər tətbiq etmir?

Son vaxtlar dini məsələlərə tez-tez müdaxilə edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az saytına deyib ki, Həcc hər bir müsəlmana buyurulub:

“Bu gün Azərbaycanda Həccə gedənlərin siyahısına baxsanız bir nəfərin 10, 20 hətta 30 dəfə ziyarətdə olduğunu görərsiniz. Halbuki, Allah hər bir müsəlmana ömrünün sonuna kimi bir dəfə Həccə getməyi buyurub. Azərbaycanda Həccə gedənlərin əksəriyyəti çirkli yollarla qazanc əldə edən insanlardır. Həccə getməzdən əvvəl insanlar müəyyən şərtləri yerinə yetirməlidirlər, yalnız ondan sonra Həcc ziyarətinə gedə bilərlər”.

Sərdar Cəlaloğlu bu məsələdə Qafqaz Müsəlmanları İdarəsini qınayıb: “Allahşükür Paşazadənin Həcc ziyarəti üçün qiymət təyin etməsi “Qurani-Kərim”ə zidd məsələlərdir. Bu nə məntiq, nə mövqedir, anlamıram? Allah müsəlmana Həccə getməyi əmr edibsə, nə dövlətin, nə də hər hansı dini təşkilatın bu məsələdə vasitəçiliyi, pul tələb etməsi, pul yığması düzgündür, bu qanunsuzluqdur. Sadəcə, dövlət müsəlmanların Səudiyyə Ərəbistanına sərbəst getməsi üçün viza verməlidir.

Əgər insanlar ziyarətə toplu şəkildə getmək istəyirsə, bu, ictimai qaydada təşkil olunmalıdır. Yoxsa hansısa təşkilat bunu öz üzərinə götürüb və vətəndaşlardan əlavə vəsait tələb edir, qiymət qoyursa, bu, dindən ticarət kimi istifadə edilməsidir. “Qurani-Kərim” dindən ticarət kimi istifadə etməyi bütün müsəlmanlara qadağan edir. Ən böyük günahlardan bir də İslam dinindən qazanc götürməkdir. Həcc ziyarətini qazanc məqsədilə təşkil edənlər ən böyük küfürlərdən birini ediblər”.

İnanclı siyasətçi hesab edir ki, Həccə gedənlər üçün pul maneəsi olmamalıdır:

“İnsanlar hətta Amerikadan, Norveçdən Həccə gedir. Həccə gedənlərin ilk növbədə xərclərdən ehtiyacı olmamalıdır.  Əgər onun ehtiyacı varsa, ziyarətə getməməlidir. Ola bilər ki, Qafqaz Müsəlmanları İdarəsi müəyyən qiymət qoymasın, Həccə getmək bir nəfərə 100 min manata başa gəlsin. Əgər Həcc müsəlmanın boynundadırsa və imkanı çatırsa, məbləğdən asılı olmayaraq o, gedəcək.

Vətəndaşlar bir şeyi bilməlidirlər ki, Həccə ailə büdcəsinə ziyan vurmaq, qənaət etməklə getmək günahdır. İnsan yalnız artıq ehtiyat olan zaman, onu da Allah yolunda xərcləmək üçün Həccə gedə bilər. Nəzərə almaq lazımdır ki, yol nə qədər uzundursa, məsrəf də o qədər çoxdur. Ona görə də Allah çox məsrəfli yolda olanları nəzərə alıb Həcci hamıya vacib buyurmayıb. Bildiyiniz kimi, dinin vacib əsasları namaz, oruc və zəkatdır. Həcc müəyyən şərtlər daxilində vacib hesab olunub. Vacib deyil ki, müsəlman kreditə, borca girib, avtomobilini satıb mütləq ziyarətə getsin”.

Sərdar Cəlaloğlu deyir ki, dinlə alver edənlər kafirdir: “Müəyyən adamlar təşkilat yaradıb insanların dini inanclarını yerinə yetirməsindən pul qazanır. Bu, ən böyük günahlardandır. Hətta bununla bağlı ayə də var: “Mənim doğru yolumdan qazanc əldə edənlər o biri dünyada ən ağır cəza alacaqlar”.

Kim Həcc ziyarətindən qazanc əldə edir, xeyir götürür, alver edirsə, İslamda o adamların hamısı kafir adlanır. Heç kəsin ziyarətdən xeyir götürməyə haqqı yoxdur. Təşkilat yaradıb insanların ziyarətinə böyük məbləğlərlə mane olmaqdansa, təşkilat yaradıb insanların ziyarətini asanlaşdırmaq, yardım etmək  lazımdır. Alver et, pul qazan, adını da qoy “ziyarət təşkil edirəm”, bu, ən böyük günahlardan biridir”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın