Şənbə , Dekabr 15 2018
Ana səhifə / Siyasət / Allahşükür Paşazadə deputat mandatından niyə imtina etmişdi?

Allahşükür Paşazadə deputat mandatından niyə imtina etmişdi?

1990-ci ilin mart ayında SSRİ-də heç kimin proqnozlaşdırmadığı hadisə baş verdi. Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov SSRİ Xalq Deputatları Qurultayının növbədənkənar iclasında keçirilən gizli səsvermə yolu ilə prezident vəzifəsinə seçildi.
Bu qərar heç də birmənalı qarşılanmadı. Sovet rəhbərinin 1985-ci ildən sonrakı 5 ildə apardığı yenidənqurma siyasəti ilk vaxtlar böyük ümidlər yaratsa da, sonra baş verənlər sovet vətəndaşları üçün çoxlu sualları açıq qoymuşdu: Baş alıb gedən milli münaqişələr, ərzaq qıtlığı, siyasi böhranın səbəbi nədir? Niyə Mixail Qorbaçov və SSRİ rəhbərliyi bunun qarşısını ala bilmir?
Mixail Qorbaçov isə prezident postuna oturmaqla əlinə keçən geniş səlahiyyətlərindən istifadə edərək, problemləri həll edə biləcəyini düşünürdü. Amma zaman artıq onun əlehinə çevrilmişdi.
SSRİ prezidenti postunun təsis edilməsi ideyasının kimin olması naməlumdur. Bu mövzu 1989-cu ildən KİV-də yalnız hipotez və diskussiyalarda müzakirə olunurdu. Araşdırmaçıların fikrincə,  Mixail Qorbaçovun Sov.İKP-nin baş katibi postundan imtina edərək yeni vəzifəyə keçmək niyyəti nəhəng ölkəni başına götürmüş bir sıra problemlərdən qaynaqlanırdı. Bunların içərisində Qarabağ münaqişəsi əsas məsələlərdən biri idi. Mixail Qorbaçovun bu məsələdə ermənipərəst mövqe tutuması Azərbaycan xalqını hiddətləndirməklə yanaşı, ölkənin ictimai-siyasi elitasında da böyük narahatlıq doğururdu.
M.Qorbaçovun köməkçisi olmuş Anatoli Çernyayev öz xatirələrində yazır ki, 1990-cı ilin yanvarında Mərkəzi Komitənin katibi və “yenidənqurmanın memarı” Aleksandr Yakovlev ona məxfi bir sirri açıbmış. Mixail Qorbaçov çox mütəəssir, peşman və tənha görkəmdə Yakovlevin kabinetinə gələrək soruşub: “Nə etməli? Azərbaycan, Litva, iqtisadiyyat, radikallar… xalqın səbr kasası daşır…”.
Yakovlev cavabında deyib: “Hərəkət etmək lazımdır. Yenidənqurmaya mane olan ən böyük qurum Siyasi Burodur.  Xalq deputatları qurultayını çağırın. Qoy qurultay sizi prezident seçsin”.
Mixail Qorbaçov da bu təklifə razılaşıb.
Mixail Qorbaçov 1990-cı il martın 14-də keçirilimiş seçkilərdə qazandığı qələbəsinin sevincini yaşayarkən, Azərbaycanda baş vermiş bir mühüm demarş o zamankı ictimai-siyasi mühitdə böyük rezonans doğurdu: Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz əlaməti olaraq, SSRİ Xalq deputatı mandatından imtina etdi.
Bəs Şeyxi bu addımı atmağa vadar edən nə olmuşdu?
Burada bir qədər geriyə baxmaq lazım gəlir. 1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayına keçirilən  seçkilərdə ilk dəfə olaraq Sovet İttifaqının dindar kəsiminin nümayəndələrinin iştirakına imkan yarandı. Yenidənqurma epoxasının gətirdiyi yeni imkanlar ölkənin daxili siyasətində böyük dəyişikliklərlə müşayiət olunurdu. Nəticədə 1917-ci ildən sonra ilk dəfə olaraq din xadimlərinə dövlətin idarəçiliyində təmsil olunmaq huququ verildi.
Seçkilərin nəticələrinə görə, Moldovodan keşiş Boboruz, Orta Asiya və Qazaxstan müsəlmanlarının Ruhani İdarəsinin sədri Məhəmməd Yusif,  erməni katalioksu 1-ci Vazgen və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə SSRİ xalq deputatı mandatı aldılar.
Onlarla bərabər həmçinin, Rusiyanın patriarxı Pimen, Leninqrad mitropoliti Aleksiy ( Patriarx 2-ci Aleksiy), Volkolam mitropoliti Pitirim də seçkilərdə mandata sahib oldular.
Həmin seçkilərdə Azərbaycandan SSRİ xalq deputatı mandatını alanlar sırasında məşhur yazıçılar Mirzə İbrahimov, Anar, görkəmli bəstəkar Arif Məlikov, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov, Ali Sovetin sədri Elmira Qafarova da var idi. Allahşükür Paşazadəyə gəlincə, o, 621 saylı Naxçıvan MSSR Nehrəm milli-ərazi seçi dairəsindən deputat seçilmişdi.
80-ci illərin sonlarından cəmiyyət həyatından təcrid vəziyyətində olan Qafqaz Müsəlmanları İdarəsi Qarabağ hərəkatının başlanması ilə ictimai həyatın aparıcı amilinə çevrilməyə başladı. Burada Şeyxülislam Allahşükür Paşazadənin qətiyyətli mövqeyi də mühüm rol oynayıb.
1988-ci ildə başlanan Qarabağ hərəkatı azərbaycanlıların milli hərəkatının başlanması üçün dayaq nöqtəsi oldu. Araşdırmaçıların fikrincə, atesit sistem olan SSRİ-də başlanmış milli- azadlıq hərəkatı nəticəsində cəmiyyətin islam dininə diqqət yetirməsi təbii idi.  Dini intibahın başlanması ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsi istər-istəməz siyasi proseslərin tərkibinə daxil oldu. SSRİ xalq deputatı seçilən A.Paşazadə bununla bütün sovet xalqının diqqət kəsildiyi böyük siyasi proseslərin iştirakçısına çevrildi.
Şeyxülislam SSRİ Ali Sovetinin aşkarlıq, vətəndaş hüquqları Komitəsinin üzvü oldu və SSRİ-də dindarlara ilk dəfə hüquq verən “Vicdan Azadlığı” haqqında qanun layihəsini hazırlayan işçi qrupun tərkibinə daxil edildi.
1990-cı ilin 20 yanvar qırğını Azərbaycanda prosesləri dəyişdirən məhək daşı oldu. Sovet ordusunun Bakıda qanlı qırğını nəticəsində yüzlərlə günahsız insan həlak oldu.  Mixail Qorbaçov ordunun şəhərə girməsinin rəsmi səbəbini Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyən “islam fundamentalistləri” ilə mübairzə kimi göstərdi. O, sovet xalqına müraciətində utanmadan bildirdi ki, “Azərbaycanda islam üsul-idarəsinin bərqərar olunmasına cəhd edilib”.
O zaman respublika rəhbərliyinin bu ittihamlara heç bir rəsmi münasibət bildirməməsi, müəmmalı sükutu və qorxaq açıqlamaları azərbaycanlıların haqlı qəzəbinə səbəb olurdu.  Məhz bu zaman Allahşükür Paşazadə Kremli, şəxsən SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən bəyanatla çıxış etdi.
Öz məşhur müraciətində A.Paşazadə qeyd edirdi ki, Sovet Ordusunun Bakıya yeridilməsinə bəraət vermək üçün “islam faktorundan” istifadə olunması yalnız Azərbaycanın müsəlman və xristian vətəndaşları arasında düşmənçilik və qarşıdurma yaratmaq məqsədi daşıyır. Şeyx SSRİ rəhbərini bu qanlı qırğına görə lənətlədi. QMİ sədrinin bu bəyanatı bütün dünyada böyük rezonans doğurdu.
Yanvar Şəhidlərinin dəfn mərasimi dini ritualdan çıxaraq, xalqın Moskvaya qarşı etirazının nümayişinə çevrildi. 20 yanvar günü milyonlarla insan həlak olanların xatirəsini anmaq və onları dəfn etmək üçün Bakı küçələrinə çıxdı. Bu nəhəng izdihamı idarə edən Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, sovet təcavuzunə qarşı digər dini konfessiyaların nümayəndələri – rus pravoslav kilsəsi və yəhudi icması da addımlayırdı. Onlar matəm mərasimində çıxış edərək sovet rəhbərliyini, və ordusunun bu cinayətini açıq mətnlə pislədilər. Kremlin arzu etdiyi dini təfriqə baş tutmadı.
Faciədən cəmi 2 ay sonra Mixail Qorbaçovun SSRİ prezidenti seçilmək istəməsi Azərbaycanda böyük etirazla qarşılandı. Xalq 20 yanvar cinayətinin icraçılarının tapılmasını, Mixail Qorbaçov və onun siyasi komandasının məsuliyyətinin etiraf olunmasını tələb edirdi.
Azərbaycanda davam edən 40 günlük tətil bütün SSRİ-ni diqqətini cəlb etmişdi. Bakı qırğını isə Qorbaçovun siyasi karyerasına böyük zərbə vurmuşdu. Odur ki, belə vəziyyət ona ümumxalq seçkilərinə getməyə imkan vermirdi. Bütövlükdə SSRİ-də böhrana doğru gedən siyasi və sosial-iqtisadi vəziyyət çox gərgin idi və bu vəziyyətdə açıq seçkiyə gedib vətəndaşlardan səs istəmək böyük risk olardı. Ona görə M.Qorbaçov ümumxalqxalq seçkisinə risk etmədi.
Mixail Qorbaçov 14 mart 1990-cı ildə SSRİ Xalq Deputatlarının növbədənkənar 3-cü qurultayında deputatların səsverməsi ilə SSRİ prezidenti seçildi. SSRİ prezidentinin andiçmə mətni belə idi:
“Ölkəmizin xalqlarına sidq-ürəklə qulluq edəcəyimə, SSRİ Konstitusiyasına, vətəndaşların hüquq və azadlıqlarına qarant olacağıma, SSRİ prezidenti kimi üzərimə qoyulmuş mühüm öhdəlikləri vicdanla yerinə yetirəcəyimə təntənəli sürətdə and içirəm”.
 
Cəmi iki ay əvvəl isə Mixail Qorbaçov heç bir vicdan əzabı çəkmədən 100-dən çox günahısz vətəndaşın öldürülməsi, minlərlə insanın yaralanması ilə nəticələnmiş Bakı qırğını haqqında fərman imzalamışdı. Şeyxülislam Allahşükür Paşazadənin buna etiraz olaraq, SSRİ Xalq deputatı mandatından imtina etməsi Mixail Qorbaçovun Azərbaycan xalqı qarşısında məsuliyyətini bir daha dünyaya xatırlatmaqla SSRİ rəhbərliyinə qarşı cəsarətli demarşı idi.
VIPedu.BIZ

Həmçinin oxuyun

Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda yazdılar

Erməni hökumətinin başçısı Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev dünən Tvitter sosial şəbəkəsində Qarabağ …