Cümə , Noyabr 22 2019
Ana səhifə / Siyasət / Aktyor Cəbiş müəllim obrazından imtina etmək istəyirmiş – MARAQLI

Aktyor Cəbiş müəllim obrazından imtina etmək istəyirmiş – MARAQLI

Son günlər Azərbaycan kino tarixinin ən gözəl nümunələrindən olan “Bizim Cəbiş müəllim” filmindən  sosial şəbəkə və  xəbər saytlarda çox bəhs edildi. Buna səbəb filmdən kəsilən bir kadrın- Cəbiş müəllimin arvadının ona xəyanət etmə epizodunun- sosial şəbəkələrdə yayımı oldu.
Qeyd edək ki, 1969-cu ildə ekranlaşdırılan filmin ssenariçisi Maqsud İbrahimbəyov, rejissoru isə Həsən Seyidbəylidir. Süleyman Ələsgərovun baş rolu canlandırdığı filmdə sonradan bir çox səhnələr qayçılanıb.
Moderator.az filmlə bağlı başqa maraqlı detalı təqdim edir:
Əvvəlcə onu deyək ki, Cəbiş müəllim obrazını mükəmməl ifa edən və buna görə də SSRİ-nin xüsusi mükafatına layiq görülən aktyor Süleyman Ələsgərov özünü kinoda bəxtsiz aktyor sayırmış. Çünki onu Azərbaycanda daha çox tanıdan Cəbiş müəllimə qədər aktyor 17 filmə çəkilmişdi. Onların arasında “Bəxtiyar”, “Dağlarda döyüş”, “İstintaq davam edir”, “Köhnə bərə” kimi məşhur filmlər olsa da, aktyor kino kariyerasından məmnun deyilmiş. Çünki özünün də sonradan dediyinə görə, onu hər zaman əsas rollar üçün dəvət edər, sınaq çəkilişlərində yoxlayar, uğurlu oyununa rəğmən baş rola dəvət etməzmişlər. Əvəzində hər hansı epizodik rolu ona həvalə edərmişlər. Beləcə, aktyorda küskünlük və özünəinamsızlıq da formalaşmışdı. Odur ki, “Bizim Cəbiş müəllim” filmində də əsas rol üçün sınaq çəkilişinə dəvət ediləndə aktyor buna etiraz edir. Məni neçə dəə aldadıblar. Epizod varsa, gəlim çəkilim. Baş rol lazım deyil”, deyərək, Cəbiş müəllimdən imtina edib.
Lakin rejissor Həsən Seyidbəylinin  məsələyə müdaxilə edərək aktyoru razı salır. Çünki rejissor öz seçimində israrlı idi. Baxmayaraq ki, Cəbiş müəllim obrazı üçün Süleyman Ələsgərovdan daha məşhur və nüfuzlu Rza Təhmasib də bu rol üçün dəvət edilmişdi. Çoxları dövrün həm də məşhur rejissor olan R. Təhmasibin bu rolu canlandıracağını düşünürdü. Lakin filmlərində hər zaman yeniliyə can atan, riski sevən H. Seyidbəyli Süleyman Ələsgərovu baş rola təsdiqləyir.
Qeyd: Yazıda araşdırmaçı Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixindən” kitabından istifadə edilib.

Həmçinin oxuyun

Ata Abdullayevə diplomatik pasport verilibmi?- XİN-dən rəsmi açqlama

“Ata Abdullayevin diplomatik pasportunun olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”. Bu sözləri …

Bir cavab yazın