Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Akif Nağı: “Həmin heykəl götürülməsə, Gürcüstanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyik”

Akif Nağı: “Həmin heykəl götürülməsə, Gürcüstanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyik”

20 yanvar tarixində Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avaqyanın abidəsi ucaldılıb. Ucaldılan abidənin açılış mərasimində Axalkalaki Bələdiyyə başçısı Yurik Hunanyan, millət vəkilləri Enzel Mikonyan və Samvel Manukyan, Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan, eləcə də Buqaşen və qonşu kəndlərin sakinləri iştitak ediblər.

Qarabağ müharibəsində öldürülən M.Avaqyanın abidəsi və onun ətrafında salınan oyun meydançası xeyriyyəçi Qagik Avaqyanın maddi dəstəyilə ərsəyə gətirilib. Abidənin açılışını Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan və xeyriyyəçi Qagik Avaqyan birlikdə edib. Mərasimdə M.Avaqyanın qızı, oğlu və nəvəsi iştirak ediblər. Tədbir daha sonra şeir, müsiqi və rəqs nömrələri ilə davam edib.

Qeyd edək ki, M.Avaqyan Axalkalakinin Buqaşen kəndində doğulub, məktəbi bitirdikdən sonra Ermənistanın Razdan şəhərində texnikumu bitirib. Hərbi xidmətini başa vurduqdan sonra Daxili İşlər Nazirliyinin Sverdlovsk peşə məktəbinə daxil olub. Abxaziya daxili işlər orqanlarında işləyib. Sonra Ermənistanın Sarnaxbyur kəndinə köçüb və orada ailə qurub.

Qarabağ müharibəsi başlayan zaman M.Avaqyan Horadiz, Xocalı, Hadrut və Füzuli istiqamətlərində döyüşlərdə iştirak edib. “Kobra” ləqəbli ilə tanınıb. Horadiz körpüsü uğrunda gedən döyüşdə snayper tərəfindən yaralanıb, xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Xocalıda və Qarabağın digər ərazilərində vəhşiliklə, qətllərlə məşğul olan, Azərbaycan torpaqlarının işğalında iştirak edən bir qatilə heykəlin qoyulması və onun təntənəli açılışının keçirilməsinə Azərbaycan rəsmi səviyyədə etiraz edib.

Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri dərhal Gürcüstan XİN-də görüş keçirərək Azərbaycanın qeyd olunan məsələ ilə bağlı etirazını çatdırıb.

XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, bununla yanaşı, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.

Azərbaycanla qardaş ölkə olduğunu daim uca səslə bəyan edən Gürcüstanın belə ciddi məsələ ilə bağlı ermənilərə nümayiş etdirdiyi razılıq jestini necə dəyərləndirmək olar?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”-ə açıqlamasında bildirdi ki, Gürcüstanın bu hərəkəti kəskin şəkildə pislənməlidir: “Biz təşkilat olaraq dəfələrlə Gürcüstanın belə  hərəkətlərinə etirazımızı bildirmişik. Çox təəssüf edirik ki, ermənilərlə bu həmrəyliyi Gürcüstan nümayiş etdirir. Axı biz onlara kifayət qədər dəstək veriririk. Demək olar ki, “əlimizin içində” saxlayırıq. Onların rəhbərləri daim deyirlər ki, biz dost və strateji tərəfdaş olan ölkəyik. Belə dostluq olar? Hiss edilir ki, arxaya dönən kimi, Gürcüstan Azərbaycana zərbə vurmaqda maraqlıdır. Son hadisə iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirə bilər. Buna görə də Gürcüstan təcili şəkildə həmin abidəni götürməlidir. Artıq Azərbaycanın rəsmi dairələri də bu məsələyə kəskin reaksiya veriblər. Doğru da edirlər. Hətta yeri gəlsə, bu məsələyə görə onlarla münasibətlərə yenidən baxmaq lazımdır”.

Akif Nağı bildirdi ki, artıq 5 ildi onu Gürcüstana buraxmırlar: “Bəhanə də onu edirlər ki, mən gedib oradakı soydaşlarımız arasında təbliğat aparıram. Bu qadağaya mən tək məruz qalmamışam. Ölkəmizdən və Türkiyədən olan bəzi siyasilərə də belə qadağalar tətbiq olunub. Bəs onda necə olur ki, bir qatilə öz ərazilərində heykəl qoyurlar? Məgər bu, onların ölkəsində yaşayan azərbaycanlılar üçün təhqir deyil? Özü də həmin adamın Gürcüstanda heç bir şücaəti, xidməti olmadığı halda. Bizim Gürcüstan səfirliyi qarşısında bir neçə dəfə aksiyamız olub. Həmin heykəl götürülməsə, Gürcüstanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyik. Hesab edirəm ki, Gürcüstan tərəfi bizim həssaslığımızı nəzərə alıb, doğru addım atacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …