Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Akif Nağı: “Bununla Tusk həm özünü, həm də təmsil olunduğu qurumu hörmətdən saldı”

Akif Nağı: “Bununla Tusk həm özünü, həm də təmsil olunduğu qurumu hörmətdən saldı”

 

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Ermənistanda səfərdə olarkən “erməni soyqırımı” abidəsini ziyarət edib. Qonağı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan müşayiət edib. Sonra D.Tusk “Soyqırımı muzeyi-institutu”nda olub.
Qeyd edək ki, Aİ Şurasının prezidenti Donald Tusk Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Ermənistanda 1 günlük səfəri ərzində prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyanla görüşüb. S.Sarkisyanla görüşdən sonra birgə mətbuat konfransı keçirib. D.Tusk Ermənistanın müxalifət partiyaları ilə də görüşüb.
Avropa-Azərbaycan münasibətlərinin fonunda Aİ Şurasının rəhbəri Donald Tuskun Ermənistan, Gürcüstan və sonunda Azərbaycan səfəri media tərəfindən bir neçə gündür müzakirə olunur.
Tuskun gəlişində gözə çarpan bir neçə məqam var. Xatırladaq ki, əvvəl D.Tuskun Bakıya səfəri nəzərdə tutulmamışdı. İlk öncə Tuskun Cənubi Qafqaza 14-15 iyulda səfər edəcəyi nəzərdə tutulmuşdu və bu səfərdə Azərbaycanın adı yox idi. Yunanıstan böhranına görə səfərin zamanı 14 iyuldan 20 iyula keçirildi. Ona görə bir çox analitiklər Avropanın artıq Azərbaycanla əməkdaşlığını dayandırdığını və Cənubi Qafqaz üzrə yeni geopolitik gedişatlar hazırladığını bildirib.
Bir çox erməni saytları və dırnaqarası ekspertləri bu görüşü onunla bağlayırdılar ki, guya Avropa İrandan sanksiyaları götürəndən sonra İran qazının İran-Ermənistan-Gürcüstan-Avropa yolu ilə keçməsi barəsində danışıqlara başlayacaq. Amma bu tezis elə başından bəri uğursuzluğa düçar olmalı idi. Çünki İran qazının Avropaya nəqli o deməkdir ki, Avropa Rusiya qazına alternativ olaraq artıq İran qazından istifadə edəcək. Qəti olaraq demək olar ki, Rusiya Ermənistana belə bir addım atmağa imkan verməz. Çünki Rusiyanın Avropaya təsiretmə mexanizmi Ukraynadan başqa, təbii qazdır. Avropalıların bunu düşünmədikləri mümkünsüz göründüyündən, Ermənistanla reallaşmayacaq təkliflərin və planların qurulması absurd görünür.
Ancaq bütün bunlara rəğmən, Tuskun qondarma abidəni ziyarət etməsi birmənalı qarşılanmayıb.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu ranqda olan şəxsin belə bir addım atmasını tamamilə absurd adlandırdı: “Ermənistan tərəfi bu ziyarəti ali qonaqların baş çəkəcəyi yerlər sırasına sala bilər. Ancaq ora gedən adam da nə etdiyini, həmin abidənin nəyi simvolizə etdiyini düşünməlidir. Avropa institutları bizimlə onların arasında arbitrlik etmək istəyirsə, belə yaramaz mövqe ortaya qoymamalıdırlar. Bu, açıq-açığına erməni yalanlarını dəstəkləmək anlamına gəlir. Bununla Tusk həm özünü, həm də təmsil olunduğu qurumu hörmətdən saldı. Eyni zamanda, Türkiyə və Azərbaycana böyük hörmətsizlik etmiş oldu. Biz bir təşkilat olaraq bu addımı pisləyirik və hesab edirik ki, bu addım Avropanın erməniləri dəstəkləməsinə birbaşa sübutdur”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın