Cümə , Oktyabr 30 2020
Ana səhifə / Gündəm / Akif Nağı: “Bizdən daha da radikal olmağı, Qarabağda partizan müharibəsini başlamağı istəyirlər”- Müsahibə

Akif Nağı: “Bizdən daha da radikal olmağı, Qarabağda partizan müharibəsini başlamağı istəyirlər”- Müsahibə

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürməsi gözlənilməz oldu. Bu həm də namizədlərin əksəriyyətindən fərqli olaraq, QAT sədrinin marafondakı ilk cəhdidir. Onun bu istəyi həm də birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə bu istək hətta ciddi tənqidə də məruz qaldı.

Akif Nağı isə prezident seçilmək arzusunda israrlı oldu və seçkiyə gedəcəyini bəyan etdi. A.Nağı ilə məhz bu maraqlı və təzadlı məqamların niyə yaranması və digər mövzularda söhbət etmək qərarına gəldik. Azinforum.az “Bakı-Xəbər” qəzetinə istinadən həmin müsahibəni təqdim edir.

– Akif bəy, siz meydançaya yeni girən oyunçuya bənzəyirsiniz. Özü də bu qərarı gözlənilmədən, bir qədər gec vermiş oldunuz. Nə baş verir, niyə birdən-birə prezident olmaq istədiniz?

– Biz təşkilat olaraq siyasi proseslərdə iştirak etmirik. Üzvlərimiz və mən parlament seçkilərində iştirak etsək də, bu bizim fərdi vətəndaş mövqeyimiz olub. Prezident seçkilərinə gəldikdə isə, hesab edirəm ki, bu olduqca mühüm bir hadisədir. Təşkilatda müəyyən məsləhətləşmələrimiz oldu. Təbii ki, Qarabağ Azadlıq Təşkilatı (QAT) ictimai qurum olduğu üçün, öz adından namizəd irəli sürə bilməz. Mən namizədliyimi fərdi qaydada irəli sürmək qərarına gəldim. Ancaq hamı məni QAT sədri kimi tanıyır. Bu baxımdan da QAT-ın məsələyə mövqeyini öyrənmədən bu qərarı verə bilməzdim. Bu da xeyli vaxt apardı. Hətta bu qərarın müzakirəsi üçün Ali Məclisin növbədənkənar iclasını da çağırdıq. Yekun qərarımız bu oldu ki, seçkidə iştirak edim.

– Deməli, seçki prosesində sizdən heç də az tanınmayan QAT adı çəkilməyəcək. Hər halda, bu sizin üçün yaxşı hal sayılmayacaq…

– Biz istərdik ki, belə olmasın, ancaq qanunvericilik buna imkan vermir. Çünki QAT ictimai fəaliyyətlə məşğul olan qeyri-hökümət təşkilatıdır.

– Hiss olundu ki, QAT-dan seçkidə iştirakla bağlı razılığı almaq sizin üçün asan olmayıb. Təşkilatda bunu istəməyənlərin arqumenti nədən ibarət idi?

– Ali Məclisin toplantısı ərəfəsində seçkidə iştirak edib-etməməklə bağlı mənim öz qərarımda da tərəddüd vardı. Sosial şəbəkələrdə gedən müzakirələrdə mənim seçkidə iştirakımın əleyhinə çoxlu fikirlər səsləndirildi. Arqumentlər fərqli idi. Hətta məndən seçkidən imtinanı acizanə şəkildə xahiş edənlər belə oldu. Əsasən də deyirdilər ki, QAT-ın missiyası böyükdür, onu siyasətə qatmaq lazım deyil. Mühacirətdə olan Milli Qəhrəman Şahin Tağıyev də məndən belə bir xahiş etdi. Bu adam bizim təşkilatın yaradıcılarından olub. Buna görə də Ali Məclisin iclası başlayan kimi mən bəyan etdim ki, seçkilərdə iştirakla bağlı fikrimdən daşınmaq istəyirəm. Ancaq QAT üzvlərinin əksəriyyəti seçkilərdə iştirakımı tələb etdilər. Onların da əsas arqumenti bundan ibarətdir ki, biz yaradılacaq şəraitdən maksimum istifadə etməliyik. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikirlərimizi dünyaya çatdıracağıq. Çox maraqlıdır ki, deputatlığa və prezidentliyə namizəd olanların heç biri Dağlıq Qarabağ probleminin hərbi yolla həlli məsələsini dilə gətirmir. Maraqlıdır ki, torpaqları işğal altında olan ölkənin ali postlara seçilmək istəyən namizədləri elə bil müharibə kəlməsini işlətməkdən çəkinirlər.

– Siz bundan əvvəl iştirak etdiyiniz seçkilər zamanı səsləndirdiyiniz platformanızda belə fikirlərə yer veribsiniz?

– Bəli, mən 2005-ci ildəki parlament seçkiləri zamanı “namizədlərin vahid platforması” adlı sənəd hazırladım və seçkilərdə namizədliyini verənlərin hamısına göndərdik ki, imzalasınlar. Həmin sənəddə belə bir müddəa vardı ki, imza atan namizəd deputat seçiləcəyi təqdirdə parlamentdə Dağlıq Qarabağ probleminin hərbi yolla həlli məsələsini qaldıracaq. Çox təəssüf edirəm ki, namizədlərin 99,99 faizi həmin sənədə imza atmadı. Hətta onların arasında tanınmış partiya və ictimai təşkilat rəhbərləri də vardı. Bu məhz müharibə sözünə görə idi. Belə vəziyyət bizi ciddi narahat edir. Niyə torpaqları işğal altında olan bir ölkənin vətəndaşı olaraq biz müharibədən qorxmalıyıq?

– Belə bir fikrinizlə tanış olduq, deyirsiniz ki, seçkidə iştirakınız Dağlıq Qarabağın azadlığı üçün önəmlidir. Onda belə çıxır ki, siz seçkiyə seçilmək üçün yox, öz təbliğatınızı aparmaq, fərqli fikirlər səsləndirmək üçün qatılırsınız?

– Söhbət bundan gedir ki, istənilən seçkidə hədəf bir olmur. Deputat seçkisində də demişik ki, məqsədimiz parlamentə düşməklə yanaşı, həm də fikrimizi xalqa çatdırmaqdır. Bu baxımdan da seçkilərin də bizə verəcəyi imkanlardan istifadə edərək Dağlıq Qarabağ probleminin həli ilə bağlı alternativ fikirləri cəmiyyətə çatdırmaq istəyirik. Təbii ki, bu geniş təbliğat imkanı bizə böyük imkanlar yaradacaq və biz istəklərimizi həm də beynəlxalq ictimaiyyətə çatdırmış olacağıq. Bununla yanaşı, seçiləcəyimiz təqdirdə də bu amallara qulluq edəcəyik. Yəni dediyiniz iki məsələnin bir-birinə ziyanı yoxdur.

– Seçki prosesində iştirakla bağlı işləriniz nə yerdədir?

– Ərizə və müvafiq sənədləri MSK-ya təqdim etmişik. Bizə deyiblər ki, cavab 5 gün ərzində veriləcək. Həmin vaxt bu gün (dünən – M.Q.) bitir. Müsbət cavab veriləcəyi təqdirdə imza vərəqələrini təqdim edəcəklər.

– Namizədlərin hamısının qorxduğu mərhələ məhz imza yığmaqla bağlıdır. Akif Nağı üçün 45 min adamdan imza almaq sizcə asan olacaq?

– Biz çox ciddi strukturlaşmış qurumuq. Mən deyərdim ki, rayon təşkilatlarının sayına görə biz bir çox partiyaları geridə qoyuruq. Həm Bakı, həm də rayonlarda bizim çoxsaylı fədakar və fəal üzvlərimiz var. Buna görə də imza toplamaq bizim üçün çətin olmayacaq.

– Məlumdur ki, Azərbaycan iqtidarı da Dağlıq Qarabağ konfliktinin həllini özünün başlıca prioritetləri sırasına aid edir və bu istiqamətdə ciddi səylər, diplomatik çabalar göstərir. Bu istiqamətdə siz hansı prinsipial fərqlilikləri təqdim edəcəksiniz?

– Razıyam ki, Azərbaycan iqtidarı bu istiqamətdə diplomatik səylərini göstərir, ordumuzun daha da gücləndirilməsi ilə məşğul olur. Amma hesab edirik ki, bizim seçkilərdə iştirakımızın özü bir hadisə olacaq. Çünki biz tamamilə fərqli mövqe ortaya qoyuruq. Bizim tələblərimizdən biri də budur ki, kim prezident seçiləcəksə, bir aydan sonra Ermənistanla müharibəyə başlasın. Bu platformanın özü seçiləcək prezidentə Dağlıq Qarabağ məsələsilə bağlı ictimai bir təzyiq metodudur. Çünki işğalçı Ermənistana qarşı müharibənin başlanması artıq sosial sifarişə çevrilib. Biz də həmin sosial sifarişi təşkil edirik. Biz hökumətdən fərqli olaraq hesab edirik ki, danışıqlar limiti artıq bitib. Azərbaycan bütün mənasız danışıqlardan imtina etməlidir. Çünki aparıcı dövlətlər ədalətli mövqe tutmaq istəmirlər.

– Yeni prezidentdən bir ay müddətində müharibə başlamağı tələb etmək bir qədər populist fikrə oxşayır. Bilirsiniz ki, Dağlıq Qarabağ problemi artıq qlobal mahiyyət alıb. Yəni konfliktin həllində böyük dövlətlərin də marağı açıq görünür. Əminsiniz ki, tələsik müharibə qərarından Azərbaycan uduşla çıxar?

– Təbii ki, bu, hazırlıqsız olmamalıdır. İndiyə qədər bu hazırlıqlar artıq ortada olmalıydı. Düşünürəm ki, artıq bu istiqamətdə xeyli iş görülüb. Bizim ordumuzun gücündən az məlumatımız var. Ancaq biz bu gücü cüzi də olsa aprel döyüşlərində gördük. Beynəlxalq situasiya da artıq Azərbaycanın xeyrinə dəyişir. İstənilən müharibədə ölkənin hərbi müttəfiqi olmalıdır. Hətta ABŞ kimi böyük ölkə belə antiterror əməliyyatı keçirəndə özünə koalisiya formalaşdırır. Müttəfiqlik vacib məsələdir. Hesab edirəm ki, biz artıq potensial müttəfiqlərimizi müəyyən etmişik. İslam ölkələrinin əksəriyyəti bu məsələdə bizi dəstəkləyir. Uzun müddət hesab olunurdu ki, bu region Rusiyanın nəzarəti altındadır və ABŞ bura girməkdə maraqlı deyil. Biz bunun əyani şahidi olduq ki, Qərb və ABŞ belə bir addımın atılmasında maraqlı olmadı. Rusiyanın buradakı maraqlarının zəiflədilməsi region ölkələrindən asılıdır. Hiss olunur ki, artıq İran və Türkiyə müəyyən məsələlərlə bağlı addımlar atırlar və Rusiya onlarla hesablaşır. Əvvəl Rusiya Ermənistan deyilən bir meydançanı Türkiyə və İrana qarşı düşmənçilik aparmaq meydanı yaratmışdı. İndi Türkiyə ilə Rusiya, eləcə də Rusiya ilə İran arasında yaxınlaşma var. Düşmənçilik bir qədər arxa plana keçib. Ona görə də Rusiya Ermənistanı düşmənçilik meydançası kimi işlətməkdə maraqlı deyil. Ona dostluq yaradan meydan lazımdır ki, bu da Azərbaycan ola bilər. Qəbul edirəm ki, müharibə həm də risqdir və şansların bölüşdürülməsidir. Hesab edirəm ki, Azərbaycan üçün belə bir risqi etməyə dəyər. Çünki bizim başqa seçim yerimiz qalmır.

– Çox vaxt sizi Yasər Ərəfat, QAT-ı isə FƏT kimi olmamaqda ittiham edirlər. Hiss edirsinizmi cəmiyyət sizdən daha da fəal olmağı tələb edir. Yəni böyük bir missiyanın altına giribsiniz. Özünüz öz fəaliyyətinizdən razısınız?

– Bilirəm. Bizdən daha da radikal olmağı tələb edirlər. Əsas da Qarabağda partizan müharibəsini başlamağı istəyirlər. Mən müxtəlif diskussiya meydanlarında o məsələyə də aydınlıq gətirmişəm. Fələstin Azadlıq Təşkilatı ilə bizim aramızda düzgün olmayan paralellər aparırlar. FƏT onların həm təşkilatıdır, həm də dövlətidir. Onların dövləti olmayanda həmin təşkilat bütün funksiyanı üzərinə götürüb. Şükürlər olsun ki, Azərbaycanın qüdrətli dövləti var və QAT həmin funksiyanı yerinə yetirə bilməz. Torpaqların azad edilməsilə bağlı hər hansı bir əməliyyata dövlət rəhbərlik etməlidir. 2003-cü ildə bir qrup insan partizan dəstəsi yaradıb Dağlıq Qarabağda vuruşmağı planlaşdırırdı. Onlar həbs edildi və qanunsuz silahlı dəstə yaratmaqda ittiham olundular. Bununla bağlı dövlətin rəyi olmalıdır. Belə bir rəy olmadan analoji cəhdləri edənlər qanunları pozmuş olurlar. Azərbaycan dövlətinin mövcudluğu şəraitində biz əlimizdən gələni edirik. Yəni bəzi məsələlərdə biz dövlətin səlahiyyətini mənimsəyə bilmərik. Ermənilər hesab edirlər ki, onlar müharibəni udublar və ikinci mərhələ kimi torpaqların ilhaqı prosesini həyata keçirirlər. Buna görə də silah kimi xalq diplomatiyasını ortaya atıblar. Biz buna da qarşı çıxırıq və çıxacağıq. Hesab edirəm ki, ermənilərə indiyə kimi o istəklərini həyata keçirməyə mane olan təşkilat məhz biz olmuşuq.

– Ermənistan mətbuatı əvvəl sizə daha çox diqqət ayırırdı. Yənu bu mənada ki, tez-tez orada tənqid olunurdunuz. Son vaxtlar sizdən, demək olar ki, yazmırlar. Namizəd olandan sonra reaksiyaları necə olacaq?

– Onlar düşməndir. Bəli, əvvəl nə fəaliyyət göstərirdiksə, ona münasibət bildirirdilər. Sonra onların mətbuatında belə müzakirələr getdi ki, QAT kimi təşkilatın adı ümumiyyətlə çəkilməsin. Hesab edirdilər ki, bununla bizi Ermənistan cəmiyyətində populyarlaşdırmış olurlar. Nə deyəcəklərsə, düşmən kimi deyəcəklər və təbii ki, bizim reklamımız onlara sərf etmir.

– Beynəlxaq təşkilatlarla bağlı hansı münasibəti sərgiləyəcəksiniz?

– Təbii ki, ənənəvi mövqeyimizə sadiq qalaraq onları və havadarları olan böyük dövlətləri tənqid edəcəyik. Cünki cəmiyyətimizi daha çox düşündürən Dağlıq Qarabağ problemidir. Biz onunla bağlı cəkinmədən bütün həqiqətləri ortaya qoyacağıq.

– Onlar sizinlə heç münasibətə cəhd edirlərmi?

– Bir dəfə ABŞ-ın Bakıdakı Səfirliyinin müşaviri mənə zəng açdı və görüşmək istədiyini bildirdi. Mən onu ofisimizə dəvət etdim. Razılaşmadı, dedi ki, mənimlə səfirlikdə görüşmək istəyir. Dedim ki, bizim ofisə gəlmək istəmirsə, mən də heç səfirliyə gəlmirəm. Neytral görüş yeri kimi mehmanxanalardan biri seçildi. Saat yarımlıq söhbətimiz oldu. Gileyini mənə çatdırdı ki, niyə QAT onlara qarşı daim tənqidi yanaşır? Dedim ki, ABŞ bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat verməyib. Niyə bunu pisləmək istəmirlər? Dedi ki, onlar hər iki tərəfə eyni mövqedən yanaşırlar. İzah etdim ki, məhz buna görə də biz ABŞ-ı tənqid edirik. Bizim istənilən ölkəyə, quruma olan münasibətimiz onların Dağlıq Qarabağ konfliktinə bəslədikləri mövqeyə uyğun qurulur.

Müsahibəni hazırladı:
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …