Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Akif Çovdarov hakimiyyətin onurğa sütununa elə zərbə vurub ki…”

“Akif Çovdarov hakimiyyətin onurğa sütununa elə zərbə vurub ki…”

Müzəffər Baxışov: “Bu zərbənin nəticəsini yüz illərlə də aradan qaldırmaq mümkün olmayacaq”

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun səhhəti pisləşməsi ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, sabiq generalın ürəyində ciddi problemlər aşkarlanıb və bu səbbədən də A.Çovdarov həkim nəzarətinə götürülüb.

A.Çovdarovun səhhətindəki problemlərlə bağlı yayılan xəbərlər ictimai rəydə birmənalı qarşılanmayıb. Belə ki, bəzi vətəndaşlar hesab edir ki, əslində dövriyyəyə buraxılan bu informasiya A.Çovdarovun həbsinə hazırlıq məqsədi daşıyır. Vətəndaşların bir qismi hesab edir ki, hakimiyyətdəki müəyyən qruplar xəstə adı ilə A.Çovdarovun azadlığa çıxarılmasına hazırlaşır. Hansı ki, hər hansı əcaibliyin təəccüb doğurmadığı Azərbaycanda bu ehtimalın da reallaşması istisna deyil.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov A.Çovdarovun azad ediləcəyinə inanmadığını vurğulayıb. M.Baxışovun sözlərinə görə, A.Çovdarov ən ciddi zərbəni elə bu hakimiyyətin özünə vurub və odur ki, hakimiyyət çətin ki, onun azad edilməsində maraqlı olsun:

“Əgər A.Çovdarov xəstədirsə, ürəyində problem varsa, o zaman törətdiyi cinayətlərdən asılı olmayaraq onu müalicə etmək və ona müalicə alması üçün lazımi şrəait yaratmaq dövlətin borcudur. Bu, həm qanundan, həm də milli adət-ənənədən irəli gələn bir tələbdir. A.Çovdarovun həqiqətən də xəstə olub-olmadığını deyə bilmərəm. Amma bir daha qeyd edirəm ki, əgər həqiqətən də xəstədirsə, dövlət onun yüksək keyfiyyətlə müalicəsini təmin etməlidir. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qanunun tələbinə əsasən əgər Azərbaycanda onun xəstəliyini müalicə edəcək mütəxəssis yoxdursa, o zaman A.Çovdarov öz imkanlarından istifadə edərək xaricdən də mütəxəssis dəvət edə bilər.

Lakin mən hakimiyyətin A.Çovdarovu xəstə adı ilə həbsdən azad etməyə çalışdığına inanmıram. A.Çovdarov hakimiyyətin onurğa sütununa elə bir zərbə vurub ki, bu zərbənin nəticəsini yüz illər ərzində belə aradan qaldırmaq mümkün olmayacaq. O, hakimiyyətə utanc gətirən, onu biyabır edən elə cinayətlər törədib ki, bu hakimiyyət yüz il də davam etsə, A.Çovdarovun əməlləri hakimiyyət üçün baş qaxıncı olacaq. Bu baxımdan, hakimiyyətin A.Çovdarovu daha yüngül cəza ilə məhkum etməsi və ya həbsdən azad etməyə çalışması ilə bağlı söylənilənləri ciddi qəbul etmirəm”.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın