Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Akif Əlinin və Lütfü Zadənin başı…

Akif Əlinin və Lütfü Zadənin başı…

Baş həmişə strateji orqandır. Adama fiziki yox mənəvi başına gələcəkləri xatırladır. Sən də seçimi özün eləyirsən. Yəni ya başına gələ biləcəkləri gözə alıb mənəviyyatının da, həyatının da başına daş salırsan, ya da düşəcək daşları fərq edib dayanırsan. Beləcə, təhlükə soyuyub gedir. İstədim əvvəlcə başımızın mahiyyətini söyləyim ki, dəyərini həmişə bilək. Bu günlərdə dəyərli başlardan birini itirdik, Lütfü Zadəni, başımız sağ olsun. Azərbaycan Respublikasının prezidenti səviyyəsində alimin ailəsinə başsağlığı verilib. Onun Azərbaycanda, VƏTƏNində dəfn edilməsi üçün bütün tədbirlər görülməkdədir.

Bu arada baxırsan, xəbər portalları Nazirlər Kabinetinin mətbuat xidməti rəhbərinin olaya münasibətini yaylıb. Xidmət rəhbəri Akif Əli müəllim ölüm xəbərlərinə reaksiyasında deyib ki, “mən o, fındıqbaş kişinin ölümünə münasibət bildirmək istəmirəm” . Düzü, ciddi dövlət qurumlarında çalışan nüfuzlu adamların protokol qaydalarını, prosesləri, kimin sözündən sonra nə danışmalarını bilməmələri, ya da biilə-bilə belə elədiklərinə dair gördüklərim media adamı olaraq məni də narahat edir. Yəni olduğun yerin mahiyyəti və nufuzunu necə başa düşməmək olar?!.. Bəlkə də bu şəxsiyyətə yox, hadisəyə yəni ölümə reaksiyadır Akif Əlinin.

Çünki hər birimiz müəyyən yaş dövründən sonra ölümdən qorxuruq. Əslində nəyinsə yarıda qalacağından, nəyisə eləyə bilməməkdən qorxudur bu. Bir də bu adını ilk dəfə eşitdiyin, sorğu sualının olub-olmadığı və necə baş verdiyi, ağrılı, yoxsa əzablı olması bilinməyən vahiməli prosesdir. O üzdən Akif müəllimin yaşını nəzərə alıb yanaşmasını normal olmasa da, anlayışla qəbul elədim.

Eyni cürə mən Akif Əlinin Lütfü Zazdənin ölümünə nə dərəcədə dəxli olduğu sualı ətrafında da baş “sdındırmaqdayam”. Düzü, lap bir balaca da sevindim, yaxışı ki, adam Lütfü Zadəyə dediyi sözü mediaya yönəltməyib. Bəlkə bu daha böyük rezonans yaradardı. Nə isə ömründə bir dəfə ictimai yükü olan, illərdir görünən, gözəl bir işi var Akif Əlinin – “Tütək səsi” filmindəki obrazı. Mən bu adamı o rola bağışladım mənəvi olaraq, vətəndaş kimi. İndi Lütfü Zadənin ruhu bağışlayacaqmı, ya da ölkə başçısının ailəsinə başsağlığı verdiyi dünyaca nufuzlu bir adamı təhqir eləməsini dövlət qulluqçusu olaraq ona bağışlayacaqlarmı, bunu deyə bilmərəm?!.. Bir bildiyim o ki, bağışlayıb şans verdiyimiz hər şey, hər kəs cəmiyyət və dövlət olaraq sonra yenə üzümüzə ağır sillə kimi qayıdıb həmişə. Bu arada Lütfü Zadənin adının önündə və sonunda Azərbaycan, azərbaycanlı yazılması da qürurverici olaydır. Necə ki, eyni duyğunu Rastropoviçlə yaşamışdıq. Bunu anlamaq üçün çox yox, bircə damcı vətənpərvər, gen düşüncəli, bir də həm milliyyətinə, həm də mənəviyyatına görə azərbaycanlı olmaq yetərlidir.
Qaldı fındıqbaş məsələsinə, bu sözü Akif müəllim o yana dursun, heç özümün də dilimdən eşitmək məcburiyyətində olduğum xoşuma gəlmədi. Əslində hər iki baş haqda təssəvvür və təəssüratlarım var. Amma Akif müəllim olmadığım üçün bunu dilimə gətirə də, yaza da bilmədim…

Jalə Mütəllimova

P.S. Qeyd edək ki, A.Əli artıq bu mövzuda xüsusi status yazaraq, “yerinə düşməyən sözlər olubsa, üzr istəyirəm” deyə açıqlama verib.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın