Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / Afsəddin Nəbiyev: “Ordumuz bu yalançı mifi 44 gün ərzində tamamilə yox etdi”
????????????????????????????????????

Afsəddin Nəbiyev: “Ordumuz bu yalançı mifi 44 gün ərzində tamamilə yox etdi”

“Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar”.

Bunu Prezident İlham Əliyev işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, bu ölkəyə uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik: “Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan”.

Nəzərə almaq lazımdır ki, Robert Koçaryanla Serj Sarkisyan bilavasitə Qarabağın işğalına rəhbərlik ediblər. Koçaryan bir müddət separatçı quruma rəhbərlik edib. Daha sonra sözügedən cütlük bu dalğa üzərində hakimiyyətə gələrək 20 il Ermənistanı idarə ediblər. O baxımdan, ölkə başçısının toxunduğu məqam çox önəmli nüansdır.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bununla bağlı bir sıra məqamlara toxundu: “1991-ci ildən Ermənistanda hakimiyyətdə olan dövlət başçılarının, demək olar, hamısı Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkmirdilər. Bəzən bunu açıq şəkildə etiraf edirdilər. Çünki “Böyük Ermənistan” ideyası ilə zəhərlənərək hakimiyyətə gələn bu rəhbərlər sülh, əmin-amanlıq üçün heç bir təşəbbüsü özlərinə yaxın buraxmırdılar. Erməni lobbi və diaspor dəstəyini, həmçinin, təzyiqlərini başa düşərək, heç bir halda rasional düşüncəyə sahib ola bilmədilər. Həm işğalçı siyasət yeridərək Azərbaycanın torpaqlarını işğal etdilər, eyni zamanda, bu işğalın davam edəcəyini gizlətməyərək təhdid etməkdən çəkinmirdilər. Xüsusən də Koçaryanla Sarkisyan cütlüyü. Bu şəxslər işğal etdikləri Azərbaycan torpaqlarında  bir erməni mifini yaratmışdılar. Yenilməz “erməni  ordusu” təbliğatı aparırdılar. “Ohanyan səddini” elə təbliğ edirdilər ki, guya bu səddi heç bir peşəkar ordu belə keçə bilməz. Hansı ki, həmin xətti Ohanyan qurmamışdı. Əslində, o xətti Ohanyan yox, sovet ordusunun generalı Anatoli Zineviç qurmuşdu. Belə ki, o, Ermənistan ordusunda 6 il baş qərargah rəisi kimi Qarabağdakı istehkam xətlərini sovet hərb sisteminə uyğun olaraq qurmuşdu. Ancaq ordumuz həmin xətti darmadağın etdi. Cənubi Qafqazın ən gücü ordusu olan Azərbaycan Ordusu bu yalançı mifi 44 gün ərzində tamamilə yox etdi. Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımızda çıxış  edərkən, çox doğru vurğuladı: Azərbaycan Ordusu Koçaryan -Sarkisyan mifini darmadağın etdi. Biz əvvəllər də siyasi təhlillər apararkən Azərbaycan Ordusunun ərazi bütövlüyümüzü təmin etməsi üçün maksimum iki ayın yetərli olduğunu   təxmin edirdik. Belə də oldu. Azərbaycanın rəşadətli ordusu, Ali Baş Komandan, xalqın vəhdəti, dəmir yumruq kimi birləşərək Ermənistan ordusunu 44 gün ərzində tamamilə sıradan çıxardı”.

Sədr müavini hesab edir ki, Ermənistan ordusu bu məğlubiyyətdən sonra bir də özünə gələ bilməyəcək.

Həmçinin oxuyun

Paşinyanın lənəti: Kəlbəcər Monte Melkonyanın doğum günündə Azərbaycana qaytarılır

Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanın nəzarətinə keçəcək. Sabah oraya Azərbaycan qoşunları daxil olacaq. Görünür, azərbaycanlılar …