Cümə axşamı , Mart 4 2021
Ana səhifə / Siyasət / Afsəddin Nəbiyev: “Ermənistanda demoqrafik problem ən kritik həddə çatıb”
????????????????????????????????????

Afsəddin Nəbiyev: “Ermənistanda demoqrafik problem ən kritik həddə çatıb”

Bir sıra sahələrdə olduğu kimi, demoqrafik sahədə də ötən il Ermənistan Azərbaycana uduzub. Belə ki, 2020-ci ildə Azərbaycan əhalisi 56 min, Ermənistan əhalisi 1077 nəfər artıb.

Məsələ ondadır ki, 2020-ci ildə Ermənistanda əhalinin təbii artımı 1077 nəfər və ya əvvəlki illə müqayisədə 0,9 faiz olub. Ötən il Ermənistanda ölüm səviyyəsi 2019-cu ildəki 26 186 nəfərdən 35 371 nəfərə qədər və ya 35 faiz artıb. Bu statistikaya müharibədə və koronavirusdan ölənlər də daxil edilib. Nəzərə alanda ki, ötən il Ermənistanda 2823 nəfər COVID-dən ölüb, o zaman 2019-cu illə müqayisədə artan 9185 ölümün yerdə qalan hissəsinin 6352 nəfərinin müharibədə tələf olduğu ehtimal edilir. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyəti müharibədə yalnız 2966 nəfərin öldüyünü deməklə cəmiyyəti aldadır. Demoqrafik statistikadan göründüyü kimi, ölənlərin gerçək sayı açıqlanandan ən azı 2 dəfə çoxdur.

Bütün hallarda, iki ölkə arasında gerçək demoqrafik mənzərə, aradakı kəskin fərq ortadadır. Bu isə ermənilərin xəstə təfəkkürə söykənən iddiaları ilə uzlaşmır. Müşahidələr göstərir ki, Ermənistanda demoqrafik problemlərin daha da dərinləşəcəyi gözlənir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyevin fikrincə, Ermənistanda demoqrafik problem ən kritik həddə çatıb: “Çünki hər şey ortadadır. Əminəm ki, pandemiya ilə bağlı gediş-gəlişə məhdudiyyət qoyulmasaydı, o zaman ölkədəki durum bundan da pis olardı. Ermənistanda əhalinin sayında azalmanı müşahidə edən Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) bu istiqamətdə müəyyən araşdırmalar aparıb. Məlum olub ki, SSRİ dağılmadan qabaq Ermənistanda 3,5 milyon əhali yaşayıb. 30 il bundan öncə 3,5 milyon nəfər əhalisi olan Ermənistanın məntiqlə əhalisi təxminən 5 milyona yaxın bir rəqəm olmalıydı. Ancaq indi özləri də həyəcanla dünyaya car çəkirlər ki, Ermənistanda demoqrafik problem ən kritik həddə çatıb. Qeyri-rəsmi məlumatlara görə, Ermənistanda 2 milyona yaxın əhali qalıb. Əhali sürətlə Ermənistanı tərk edir. Çünki ölkənin gələcəyinin olmayacağını dərk edən insanlar sürətli miqrasiya prosesinə qoşulurlar. Bunun əsas səbəblərindən biri də odur ki, ölkəyə rəhbərlik edən şəxslərin əksəriyyəti iqtisadi vəziyyəti kənara qoyub təcavüzkarlıqla məşğul olublar. Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərində işğalçılıq siyasətini həyata keçirdilər. Nəticədə erməni xalqını bu uçuruma yuvarladılar. Ancaq diasporun əlində oyuncağa çevrilən erməni “liderləri” əsl həqiqətləri dərk etmək iqtidarında olmadılar. Əgər onlar normal dövlət quruculuğu ilə məşğul olsaydılar, Azərbaycana qarşı işğal siyasəti həyata keçirməsəydilər, indi, ən azından, belə bir acı reallıqla qarşılaşmazdılar. Erməni cəmiyyəti baş verməkdə olan hadisələrdən bu dəfə də doğru-düzgün nəticə çıxarmayacaqsa, onları hansı aqibətin gözlədiyini təsəvvür etmək o qədər də çətin deyil. 44 günlük Vətən savaşında Müzəffər Ordumuz Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Demək olar ki, orduları  darmadağın, iqtisadiyyat çöküb, işsizlik ən yüksək həddə çatıb. Pandemiyanı da əlavə etsək, mənzərə tam aydındır. Bütün bunların fonunda, demoqrafik vəziyyət çox acınacaqlıdır. Ölkədə doğum azalıb, sürətli qocalma prosesi gedir. Eyni zamanda, gənclər də ölkəni tərk edirlər”.

Sədr müavini onu da qeyd etdi ki, bu proses Ermənistanda hələ uzun müddət davam edəcək.

Həmçinin oxuyun

YAP-ın yeni icra katibi kim ola bilər?

Sfera.az-a daxil olan məlumata görə, Mübariz Qurbanlı YAP-ın icra katibi vəzifəsində Əli Əhmədovu əvəzləyəcək. Hal-hazırda …