Ana səhifə / Siyasət / Afsəddin Nəbiyev: “Əgər bu şansı əldən versələr, Ermənistanın mövcudluğu sual altında qalacaq”
????????????????????????????????????

Afsəddin Nəbiyev: “Əgər bu şansı əldən versələr, Ermənistanın mövcudluğu sual altında qalacaq”

Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi üçün ən perspektivli, praktik həyata keçmə, reallaşma qabiliyyətli formul, Azərbaycanın təklif etdiyi 5 bəndlik sülh təklifidir.

Xatırladaq ki, rəsmi Bakının Ermənistana təqdim etdiyi 5 bənddən ibarət sülh təklifləri aşağıdakılardan ibarətdir:1. Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; 2. Dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; 3. Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; 4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; 5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Digər təkliflərin heç biri həyati qabiliyyətdə, işlək vəziyyətdə deyil. Məsələn, bəzi ölkələr təklif edirlər ki, Azərbaycan və Ermənistan arasında danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində təzədən bərpa olunsun, amma bu alınmır. Ermənistan deyir ki, təhlükəsizlik məsələsini önə çəkmək lazımdır. Status məsələsini qabardır. Ancaq demək olar ki, hamı hələlik qəbul etməsə də, ən real tənzimlənmə variantı Azərbaycanın irəli sürdüyü 5 bəndlik təklifdir. Hansı ki, Ermənistan özü də bunu qəbul edir. Yəni deməyiblər ki, biz bundan imtina edirik. Deməli, bu gün Azərbaycan-Ermənistan normallaşma prosesinin əsas hissəsi məhz Azərbaycanın və İlham Əliyevin təklif etdiyi 5 bəndlik təklifin əsasında gedə bilər.

O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Ermənistanda son vaxtlar baş verən proseslər onu göstərir ki, istər idarəetmə sahəsində olan rəhbərlik,  istərsə də erməni cəmiyyəti Azərbaycanın sülh mesajlarına davamlı dürüst mövqe  göstərmirlər: “44 günlük müharibənin qalibi, həm də memarı olaraq Azərbaycan dövləti hər zaman sülhün əminamanlığın təmin olunması üçün Ermənistan cəmiyyətinə aydın mesajlarını, təkliflərini çatdırır. Sadəcə, Ermənistan rəhbərliyinin və cəmiyyətin bədbəxtliyi ondan ibarətdir ki, onların müstəqil qərarlar qəbul etmək imkanları yoxdur. Bizim təklif etdiyimiz bütün sülh təşəbbüslərini asılı və idarə olunduqları Rusiya, Avropa dövlətləri ilə “müzakirələrə” çıxararaq prosesi uzadırlar. Ermənistan rəhbərliyi özünü elə göstərir ki, guya sülhə hazırdılar, sadəcə bu prosesə əngəl olan “səbəblər” var. Guya səbəblərdən biri Azərbaycanın ərazisində yaşayan ermənilərin təhlükəsizliyi məsələsidir. Təbii ki, bütün bunlar bəhanədir. Azərbaycan dövləti beynəlxalq hüquqdan irəli gələn norma və prinsiplərə sadiq qalaraq, ölkəmizin ərazisində yaşayan bütün azsaylı xalqlar kimi, ermənilərin də təhlükəsizliyinə zəmanət verib. Müharibə başa çatıb, Azərbaycan rəhbərliyi və cəmiyyətimiz ATƏT-in Minsk Qrupunun indən belə bu bölgəyə hər hansı bir fayda verəcəyini düşünmür. Statusun da yeri məlumdur. Qarabağda yaşayan ermənilərə heç bir statusun verilməsindən söhbət gedə bilməz. Azərbaycan bölgəmizdə sülhün arxitekturasını yaradır. Eyni zamanda ermənilərin də Azərbaycanın ərzində dövlətimizin qanunlarına əməl etmələri tələb olunur. Məhz buna görə də  Prezident İlham Əliyevin təklif etdiyi 5 bəndlik təklifin məzmunu, bölgəmizdə sülhün təmin olunması üçün ən mükəmməl variant hesab olunur. Erməni rəhbərliyi və cəmiyyəti Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyindən irəli gələn bu şərtləri indi bizim təklif etdiyimiz zamanlarda dəyərləndirə bilməsə, sonrakı illərdə bu onlar üçün əlçatmaz xəyala çevrilə bilər. İndi seçim etsinlər. Əgər ermənilər bu şansı əldən versələr önümüzdəki illərdə Ermənistan dövlətinin mövcudluğu sual altında qalacaq”.

Bu baxımdan sədr müavini hesab edir ki, ermənilər bu şansı düzgün dəyərləndirməlidir.

Həmçinin oxuyun

Parlamentin 8 spikeri – hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq …