Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / ADP sədri hökumətin Cəhri qərarını dəstəklədi

ADP sədri hökumətin Cəhri qərarını dəstəklədi

Milli Məclisin Regional məsələlər komitəsi “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi hazırlayıb. Qanun layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Babək qəsəbəsinə şəhər statusu, Cəhri və Nehrəm kəndlərinə isə qəsəbə statusunun verilməsi nəzərdə tutulur. Layihə  Milli Məclisin plenar iclasına çıxarılacaq və böyük ehtimalla qəbul ediləcək.

Qeyd edək ki, Nehrəm və Cəhridən ölkənin tanınmış siyasətçiləri, ictimai-siyasi xadimləri, elm adamları var.

Onlardan biri, “91-lər”in məşhur nümayəndəsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan sabiq deputat, professor Əli Əlirzayev doğma kəndi Nehrəmə qəsəbə adının veriləcəyi xəbərindən sevindiyini bildirdi. Onun sözlərinə görə, 16 minə yaxın əhalinin yaşadığı Nehrəm kəndinə qəsəbə statusu çoxdan verilməli idi: “Ötən əsin 90-cı illəri də Nehrəm kəndinin tarixindən qızıl xətlə keçir. Ulu öndərimiz Heydər Əliyev muxtar respublikanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün üzərinə götürdüyü xilaskarlıq missiyasını yerinə yetirməyə başlayarkən nehrəmlilər də görkəmli dövlət xadiminə dəstək olub, onun deputatlığa namizədliyi də elə bu kənddən irəli sürülüb. Hələ ötən əsrin 90-cı illərində ulu öndərə böyük sədaqət göstərilmiş, Heydər Əliyev 1990-cı il 30 sentyabr seçkilərində Nehrəm seçki dairəsindən Azərbaycan Parlamentinə deputat seçilmişdi. Dediyim odur ki, Nehrəm Azərbaycan tarixində özünəməxsus yer tutan bölgəmizdir. Həm əhalisinin sayı, həm infrastrukturu Nehrəmə qəsəbə statusunu verməyə əsas yaradırdı”.

Cəhri kəndi Babək rayonunun mərkəzindən 23 km, Naxçıvan şəhərindən isə 15 km. məsafədə yerləşir, 10 mindən yuxarı əhalisi var. Milli Məclisin Regional məsələlər komitəsinin komitə sədri Siyavuş Novruzov, Milli Məclisin deputatı Eldar İbrahimov, ADP sədri Sərdar Cəlaloğlu Cəhridəndir.

ADP sədri Sərdar Cəlaloğlu doğulduğu Cəhrinin əvvəllər Babək rayonunun mərkəzi olduğunu bildirdi: “Əslində Cəhriyə qəsəbə statusu çoxdan verilməli idi. Cəhri kəndinin əvvəlki adı İşıqlar olub. Qızıl dağın ətəyində  çayın ətrafında yerləşib. Bu gün də həmin kəndin qalıqları qalıb və  bu gün də arxeologiya elmində bizim kəndin adı düşüb. Həmin kəndin yaxınlığından çay keçirdi. Hazırda o çay quruyub, Selo adlanırdı.  Ancaq sel gələndən gələnə işləyən çay idi. O çay quruduqdan sonra insanlar məcbur olub ki, kəndi qoyub Cəhri çayının yanına gəlsinlər. İki çayın arasındakı məsafə 20 kilometrə yaxın olub. O kəndi yenidən saldıqlarına görə insanlar müəyyən mübarizlik nümayiş etdiriblər və kəndin adını  Cəhri qoyublar. Yəni mübarizədən yaranan kənd. Bizim kəndimiz  Naxçıvan Muxtar Respublikasında ən qədim tarixə malik olan kənddir. Yeganə kənddir ki, nə kənd kimi kəndə xas, nə də şəhər kimi şəhərə xas olan əlamətləri var. Bizim kəndimiz təsərrüfatına görə kənddir, mədəniyyətinə görə şəhərdir. O ad altında Ermənistan ərazisində də İşıqlar kəndi var. Belə bir fərziyyə var ki, bizim kəndin insanları oraya köçüb gedib, ya da bir qrupu gəlib burada kəndi salıblar. Ermənistanda olan İşıqlar kəndi salınmasına və tarixinə görə çox cavan göründüyündən ağıllı versiya odur ki, həqiqətən də bizim insanlar iki yerə köçüb.

Naxçıvan Muxtar Respublikasında ilk aptek bizim kənddə yaradılıb. Digər məsələlərdə də bizim kəndimiz həmişə öndə olub. Naxçıvan şəhərində və ətraf kəndlərdə yeganə bizim kəndimizdir ki, orada şəhər qaydasında ticarət var idi. Başqa kəndlərdə bazar 1-2 saat fəaliyyət göstərir. Bazar işi mədəniyyətin göstəricisidir. Bazar nə qədər dayanıqlıdırsa, demək, orada mədəniyyət şəhərləşməyə daha yaxındır. Kəndimizdə 1500 ev, təxminən 10 mindən yuxarı əhali var. Bizim kənddə 3 məktəb, 4 univermaq, 1 musiqi  məktəbi, peşə məktəbi, bank filialı, 2 xəstəxana fəaliyyət göstərir. Orada çayxana var idi ki, 100-150 adama eyni anda xidmət göstərirdi. Kəndin özünün mərkəzi meydanı, parkı var. O parkda insanlar şəhərdəki kimi istirahət edirlər. Kənd mədəniyyətinin şəhər mədəniyyətinə keçməsinin nümunəsini Cəhri kəndi verib.

Kəndimizin 11 min hektar əkin sahəsi var. Bu da kənd təsərrüfatında bizim kəndin çox önəmli yer tutduğunu göstərir. Kənd təsərrüfatı payının təxminən 15-20 faizini bizim kəndimiz ödəyir. Bu da olduqca ciddi göstəricidir. Sovet hökumətinin vaxtında bizim kəndimiz üzüm, taxıl, tütün istehsal edirdi. Azərbaycanda rayonlar var ki, bizim kənd qədər məhsul istehsal etmir. Kəndimizin yolları indi də asfaltdır. Kəndimizdə 5 məscid var. Onun 4-ü işləyir”.

S.Cəlaloğlu Cəhriyə qəsəbə statusunun verilməsinin onun inkişafına təkan verəcəyini dedi. “Yeni Müsavat”

Həmçinin oxuyun

“Qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları tarixi gün uzaqda deyil” – Afsəddin Nəbiyev

“Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır”. Bunu Prezident İlham …