Ana səhifə / Siyasət / ADNA terrorundan 6 il ötür

ADNA terrorundan 6 il ötür

Gənclər təşkilatları anım ziyarətləri təşkil edəcəklər
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən məlum terror hadisələrindən 6 il ötür. Ölkəmizi çalxalayan hadisə 2009-cu il 30 apreldə səhər saat 9:30 radələrində baş vermişdi.

ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs qarşısına keçən hər kəsə “Makarov” tipli tapançadan atəş açmışdı. Hadisə nəticəsində 12 nəfər həyatını itirmiş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Qatil atəş açdığı şəxsləri əsasən boyun və baş nahiyəsindən güllələmişdi. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da var idi. Hadisəni törədən cinayətkar sonda özünə qəsd etmişdi. Hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra cinayəti 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovun törətdiyi məlum olmuşdu. Hadisə ilə bağlı başlanan cinayət işində Fərda Qədirovun ölümü səbəbindən ona aid olan hissəyə xitam verilmişdi. Digər təqsirləndirilən şəxslər Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Dəhşətli faciədən keçən hər ilin 30 aprelində ADNA-nın qarşısı polis mühasirəsində olur. Ziyarətə maneələr yaradılır. Bütün bunlara baxmayaraq, bu gün ADNA qurbanlarının yad ediləcəyi gözlənilir. Ölkəmizin gənclər təşkilatlarının bəzi planları var.

Müsavat Gənclər Təşkilatının Təşkilat Komitəsinin üzvü Əbülfəz Sadıqbəyli xüsusi ziyarət planlaşdırmadıqlarını bildirdi: “Fərdi qaydada bir neçə nəfərlə ziyarət təşkil edəcəyik. ADNA-nın qarşısına qərənfillər düzməyə cəhd edəcəyik. Yəqin ki, hər il olduğu kimi, bu il də maneələr olacaq. Amma biz öz mənəvi borcumuzu yerinə yetirməyə çalışacağıq”.
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəhman Məmmədli anım ziyarəti təşkil edəcəklərini söylədi: “Ziyarətimiz saat 12:00-da olacaq. Üzvlərə bu barədə məlumat vermişik. Sadəcə, anım olacaq. Başqa planımız yoxdur. Ümid edirik ki, maneələr yaradılmayacaq. Sakit şəkildə ziyarətimizi keçirmək fikrindəyik. ADNA qarşısında güllər düzüb, şam yandıracağıq”.

Milliyyətçi Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Müşfiq Atilla Vəliyev də ADNA qurbanlarını yad edəcəklərini qeyd etdi: “Hər il olduğu kimi, bu il də ADNA qurbanlarını xatırlayacağıq. Hadisə yerinə əklil qoyub, terroru lənətləyəcəyik. Anlamadığımız bir məqam var ki, son iki ildə anım mərasimlərində süni qarşıdurmalar yaradılır. Anım tədbirlərinin qarşısı alınır. Hələ də terror aktının üstünün açılmaması, hadisəyə laqeyd yanaşılması biz gəncləri narahat edir. Qeyd edim ki, əklil qoyub, ölənləri bir dəqiqəlik sükutla yad edib tədbirimizi bitirəcəyik”.

Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının gənc üzvü Zəka Sahib polisin müdaxilələrinə görə ziyarət təşkil etməyəcəklərini bildirdi: “Şahidi oluruq ki, polis bu ziyarətə ciddi mane olur. Ali məktəblərdə təhlükəsizlik tədbirlərinin yox səviyyəsində olması ADNA hadisələrini yaşatdı. Ciddi mühafizə sistemi yoxdur. Orada ölən qardaş, bacılarımız nurlu sabahımız idi. Əfsuslar olsun ki, onları itirdik. Bu hadisə istənilən vaxt yenə də təkrar oluna bilər. Keçmişdən dərs götürüb, mühafizə sistemi gücləndirilməlidir. Terrorun qurbanı olmuş ailələrin və millətimizin başı sağ olsun”.

Cavanşir ABBASLI

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın