Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Siyasət / Administrasiya ilə “Mərdəkan-Broyler”in rəhbərliyi kimin malını ələ keçiriblər? – Şikayət

Administrasiya ilə “Mərdəkan-Broyler”in rəhbərliyi kimin malını ələ keçiriblər? – Şikayət

“Cənab prezident, hər dəfə sizə müraciət edəndən sonra Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun adamları mənə zəng edir, problemin tezliklə həll olunacağını deyir, amma nəticə yoxdur”. 

Bu sözləri prezident İlham Əliyevə müraciətində “Yunıy moryak” adlı gəmisi oğurlanan Qəmbər Səfərov yazıb.

Müraciətin bir surətini də İstiqlal.az saytına ünvanlayan Qəmbər Səfərov bildirir ki, gəminin Qüdrət Qurbanovda olması məhkəmə qərarları ilə təsdiq olunur: “Təsəvvür edin, deyirlər ki, gəmini təmir etmişik. Sual olunur, axı bu gəmi sizdə hardandı ki, onu təmir etmisiz. Bununla Dövlət Dəniz Administrasiyası faktiki olaraq gəmini oğurladığını etiraf edir. Bu cinayət əməlidir. Mən dəfələrlə müraciət etmişəm ki, ya gəmini, ya da pulunu verin. Gəminin qaytarılması barədə Ali Məhkəmənin də qərarı var. Amma Qüdrət Qurbanov özünü qanunlardan üstün tutur”.

Qəmbər Səfərovun sözlərinə görə, birinci məhkəmə instansiyasının qərarından sonra Qüdrət Qurbanov həftə möhdət istəyib: “Mənə rüsum ödətdirdilər. Dedilər ki, qərar icra olunacaq. Qüdrət Qurbanov da bir həftə möhlət istədi. Bu bir həftə 8 ay çəkdi. 8 aydan sonra isə qanunsuz olaraq apellyasiya şikayəti verdilər. Amma yenə də Qüdrət Qurbanovun saxtakarlığı üzə çıxdı. Ali Məhkəmə də gəminin qaytarılması barədə qərar çıxardı.

Cənab prezident, bu şəxs artıq məni intihar həddinə çatdırıb. Mənim gəmimi ələ keçirib, amma məsuliyyəti sizi şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun üzərinə atır. Deyir ki, guya gəmi ondadır. Mən onun bu sözlərinə inanmıram. Bilirəm ki, diqqəti özündən yayındırmaq üçün Bəylər Əyyubovun adını çəkir. Amma mənə maraqlıdır ki, bu adam nəyə, kimə güvənərək öz əməllərini general rütbəli bir şəxsin üzərinə atır”.

Şikayətçi daha sonra deyib ki, Qüdrət Qurbanov bu məsələdə bir neçə dəfə Bəylər Əyyubovun adını çəkib: “Deyir, gəmi ağsaqqaldadır. Soruşuram ağsaqqal kimdir, cavab verir ki, Bəylər Əyyubov. Mən Bəylər müəllimin də bu məsələyə aydınlıq gətirməsini istərdim”, – deyə Qəmbər Səfərov bildirib.

Qeyd edək ki, Dövlət Dəniz Administrasiyası saxta sənədlərlə Qəmbər Səfərova məxsus “Yuniy Moryak” gəmisinİ satıb. Qəmbər Səfərov məhkəməyə müraciət edib.

Səbail Rayon Məhkəməsi dəhşətli saxtakarlıqları üzə çıxarıb. Məhkəmə zamanı bəlli olub ki, Dövlət Dəniz Administrasiyasından gəminin sənədlərinin surətini əldə edən “Mərdəkan-Broyler” ASC saxta alğı-satqı müqaviləsi, saxta aktlar tərtib edib və bu saxtakarlığı o qədər biabırçı səviyyədə həyata keçirib ki, hakimlər özləri belə təəccübləniblər.

Məsələn, Qəmbər Səfərovla “Mərdəkan-Broyler” ASC arasında bağlanan saxta alğı-satqı müqaviləsinin tarixi 09 yanvar 2003-cü il olaraq göstərilib. 2003-cü ilin 20 fevralında Həştərxanda alınan, 28 fevralında təhvil-təslim aktı ilə əldə edilən və iyulun 24-də Bakı buxtasına daxil olmasıyla bağlı “Yük gömrük bəyannaməsi” olan “Yunıy maryak”ı Qəmbər Səfərov yanvarın 9-da “Mərdəkan Broyler”ə necə sata bilərdi? Belə çıxır ki, Q.Səfərov gəminin sənədlərini əldə etdiyi tarixdən (28 fevral) ay yarım əvvəl “həmin sənədlər əsasında” “Yunıy maryak”ı Aydın Əhmədova satıb?

Bundan başqa, Qəmbər Səfərovla Aydın Əhmədov arasındakı “alqı-satqı” müqaviləsinin tarixi 09 yanvar 2003-cü il, məkan isə Bakı şəhəri göstərilir, ancaq müqavilə rus dilində tərtib olunur və notarial qaydada deyil, yalnız “Mərdəkan-broyler”in möhürü ilə təsdiqlənir. İki Azərbaycan vətəndaşı arasında bağlanan alğı-satqı müqaviləsi niyə rus dilində tərtib olunmalıdır?

Üçüncüsü, müqavilədə tərəflər arasında qiymət razılaşması 180 min rus rublu olaraq göstərilir. Bakıda, bir Azərbaycan vətəndaşı – fiziki şəxslə digəri, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxs arasında alqı-satqı müqaviləsində qiymət niyə rus rublu ilə müəyyənləşməlidir?

Dördüncü, həmin alqı-satqı müqaviləsinin 7.1-ci maddəsində göstərilir ki, “tərəflər arasında mübahisə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq” Rusiya Federasiyasının məhkəməsində həll olunmalıdır.

Azərbaycan vətəndaşları arasında alqı-satqı müqaviləsindəki narazılıq niyə Rusiya Federasiyasının qanunvericiliyi ilə tənzimlənməlidir? “Mərdəkan-Broyler”in məhkəməyə təqdim etdiyi saxta “alqı-satqı” müqaviləsindəki hüquqi pozuntuların səbəbi odur ki, əslində, bu müqavilə Qəmbər Səfərovla “Yunıy moryak” gəmisinin rəhbəri arasında bağlanmış 20 fevral 2003-cü il tarixli müqavilənin kserosurətidir. “Mərdəkan-Broyler” yeni müqavilə yazmaq iqtidarından olmadığından və Qəmbər Səfərovun imzasını “daha səliqəli” saxtalaşdırmaq üçün hazır müqavilədəki tarixləri dəyişməklə rüsvayçı saxtakarlığa imza atıb.

Dəhşətli məqam isə odur ki, bu cür saxtakarlıqla tərtib edilən sənədlər, gəminin əsas sənədləri, alınma və Bakıya gəlmə tarixləri ilə uyğunsuzluq təşkil etdiyi halda Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov həmin qanunsuzluqları qanuniləşdirib və gəmiyə şəhadətnamə verib.

Səbail rayon məhkəməsi sənəd saxtakarlıqları faktını aşkar etdikdən sonra Dövlət Dəniz Administrasiyasının “Yunıy moryak” (“Ramin”) gəmisinə verdiyi saxta şəhadətnaməni ləğv edib, gəminin əsl sahibinə qaytarılması haqqında qərar çıxarıb. Lakin qərar icra olunmayıb.

Bir müddətdən sonra növbəti məhkəmə ilə qərar icraya yönəldilsə də, icra məmurları gəmini geri almaq imkanına malik olmadıqlarını, bu işin arxasında “naməlum gücün” dayandığını etiraf ediblər. Artıq Ali Məhkəmənin də bu işlə bağlı qərarı var. Lakin qərar icra olunmur.///istiqlal.az

Həmçinin oxuyun

“Bolton planı, Qarabağa NATO, daha sonra isə ABŞ qoşunlarının yerləşdirilməsini nəzərdə tuturdu”

“Bolton planı, Qarabağ və İran “sərhədi”ndə (işğal altında olan Azərbaycan əraziləri-red.) əvvəlcə BMT himayəsi altında …

Bir cavab yazın