Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Adı kimi bahalı olan “Mirvari” restoranı: Müştərilər necə “soyulur”? – REPORTAJ, FOTOLAR

Adı kimi bahalı olan “Mirvari” restoranı: Müştərilər necə “soyulur”? – REPORTAJ, FOTOLAR

Müştəri: “Mirvari” restoranında bir dəfə yemək üçün ödədiyim məbləğə ötən il Tiflisdə bir gün dincəlmişdim”

Yay ayları gəldisə, deməli, tətilin əsl vaxtıdır. Hər kəs istirahət üçün bir yerə üz tutur. Bəzilərimizin isə uzaqlara getməyə nə vaxtımız, nə də maddi imkanımız olmur. Buna görə də, Bakıətrafı yerlərə, dəniz kənarındakı istirahət mərkəzlərinə gedirik.
Amma görünən odur ki, adıçəkilən yerlərə getmək, başqa bir ölkədə istirahət etməkdən daha baha başa gəlir.
Misal üçün Buzovna qəsəbəsində yerləşən “Mirvari” restoranında müştərilərə deyəsən, “tükü yolunmalı toyuq” kimi baxırlar. Çünki əllərindən gələni edirlər ki, buraya ayaq basan şəxsin cibindəki, hətta evindəki bütün pulunu ondan alsınlar.
Misal üçün buraya avtomobillə girmək üçün xüsusi ödəniş etmək lazımdır. Təbii ki, ödənişin qarşılığında heç bir qəbz verilmir. Yəni vergidən yayınırlar.
İçəri daxil olub, bir masada əyləşirsiniz ki, dəniz mənzərəsi qarşısında bir çay içəsiniz. Bu istəyiniz sizə nə az, nə çox, cəmisi 40 manata başa gələcək.
Belə ki, minimum 30 manatlıq yemək sifariş etməyənə çay verilmir. Elə düşünməyin ki, 30 manat ödədikdən sonra çayı sizə pulsuz verəcəklər, xeyr, heç elə şey olar? Axı bura Bakıdır. Çay üçün də xüsusi şərtlər və ödəmələr var.
Ofisianta “Bizə bir çay gətir” dedinizsə, çayın yanında gələcək olan şirniyyat, şokolad və digər şeylərə hazır olun. Əgər çaydan öncə yayın bu istisində 30 manat “tərləmisinzsə” sizə sadə çay verəcəklər. Qiyməti də 10 manat…
Yox, əgər ilk sifarişiniz çaydırsa, onda 25 manat qiyməti olan dəstgaha hazır olun. Bu, təklif deyil, qaydadır.
Restoran sahibləri “uzagörən” olduqları və “müştəriləri düşündükləri” üçün onları yormurlar. Sizin yerinizə içəcəyiniz çayı da, yeyəcəyiniz yeməyi də onlar təyin edir. Sadəcə, cüzdan boşaltmaq sizə qalır.
Bütün bunlarla yanaşı, qiymətlər çox bahadır. Misal üçün hər birimizin evdə tez-tez düzəltdiyi “çoban” salatının qiyməti 3 manat, bir kiloqramı 50-60 qəpik olan qarpızın 300 qramı 3 manat, bir neçə ucuz meyvənin bir boşqaba yığılaraq, adına “assorti” deyilməsi 25 manat və s… Və özünüz sifarişlərinizi hesablamasanız, onsuz da baha olan xidmət üçün əlavə 10-15 manat da ödəyə bilərsiniz. Bu da sizə restoran tərəfindən xüsusi “hədiyyə”dir.
Sadaladığımız halları şəxsən yaşamış Rövşən Dadaşov deyir ki, burada bir dəfə yediyi yemək üçün ödədiyi pulla ötən yay Gürcüstanda istirahət edib: “Öncədən bu restoranın bu qədər bahalı olduğunu bilmirdik. Dostumla girdik içəri, əyləşdik masada… Çay içmək istəyirdik. Ofisiant dedi ki, sadə çay vermirlər. Səbəbini soruşanda isə “Müdiriyyətin əmri belədir. Əgər 30-40 manatlıq sifariş versəniz, sadə çay 10 manat olacaq. Yox, əgər yemək sifariş vemək istəmirsinizsə, çay dəstgahı gələcək. Onun da qiyməti 25 manatdır. Şərtimiz budur” dedi. Məcbur razılaşdıq. O qədər yol gəlmişdik axı… Amma mən bu qədər pula, ötən il Gürcüstanda 1 gün qalmışam və 3 dəfə müxtəlif restoranlarda yemək yemişəm”.
Ölkəyə turist cəlb etmək üçün hökumət əlindən gələni edir. Tutaq ki, bir ingilis Bakıya gəldi və dəniz kənarında olan restoranda yemək yeyib, dənizə girmək istədi. Üstəlik də gəlib, çıxdı “Mirvari” restoranına… Ona ofisiantlar necə başa salacaqlar ki, bizdə menyu zorladır. Restoranın sahibi yemək üçün sizə limit qoyub. Yalnız onun istəkləri uyğun şəkildə çay içib, yemək yeyə bilərsiniz.
Buna görə də, turistləri ölkəyə cəlb etməyin yollarını axtarmaqdan öncə, onların burada görəcəkləri şəraiti araşdırmaq lazımdır. Bu xidmət və qiymətlər nəinki turistlərə, heç öz vətəndaşlarımızın cibinə uyğun deyil.
Elə düşünməyin ki, sadaladığım bu problemlər sadəcə, “Mirvari” restoranında var. Xeyr, vəziyyət demək olar ki, dəniz sahilində olan bu tipli bütün istirahət məkanlarının hamısında eynidir. Pis xidmət, bahalı yeməklər, xüsusi şərtlər və s…
Bax, buna görə də, hər il yay aylarında Gürcüstanda, Türkiyədə istirahət edənlərin sayı, Bakıda istirahət edənlərin sayından daha çox olur.
Məhəmməd Türkmən,
Musavat.com









Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın